!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məktəblərdə müəllim çoxdur, pedaqoq az” – Günel Səfərova

!Reklam – Yazi

1qqqqq“Zorakılıq zorakılığı törədir. Yəni, müəllim bilməlidir ki, başına bu gün təbaşiri vurduğu uşaq sabah da eynisini ona qarşı edəcək. Fiziki olaraq gücü çatmasa belə, mənəvi, psixoloji zorakılıq göstərəcək”.
Bunu “Ailə Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova son zamanlar zorakılıq faktları ilə gündəmə gələn müəllim-şagird olaylarına münasibət bildirərkən deyib.
Günel Səfərova deyir ki, bir şəxsin icazəsi olmadan videosunun çəkilməsi qanunla qadağandır: “Amma bir tərəfdən də əgər neqativ bir hadisəni gördüksə, bunu işıqlandıra bilərik, burda heç bir qadağa yoxdur. Sadəcə, mətbuatda və ümumiyyətlə yanaşmada daha çox qınaq obyektinə zorakılığı törədən deyil, bunu lentə alan və yaxud da işıqlandıran şəxs çevrilir. Məsələn, erkən nikahla bağlı fakt olanda, burda ictimai qınaq erkən nikaha məcbur edən valideynin üzərinə deyil, birbaşa bu barədə məlumat verən şəxsin üzərinə yönəlir. Bir sözlə, bizdə ictimai qınağın obyekti düzgün müəyyənləşmir. Bu, doğru deyil”.

Xanım Səfərova bildirir ki, hər gün regionlardan tutmuş paytaxt məktəblərinə qədər əksər təhsil müəssisələrində zorakılığın müxtəlif formaları yaşanır, amma işıqlanmadığı üçün bilinmir: “Maraqlıdır ki, həmin çəkilişlər olmasaydı, məktəblərdəki bu zorakılıq faktları necə gündəmə gələrdi?! Biz bilirik ki, zorakılığın fərqli formaları var. Videoda müəllimin şagirdin başına təbaşirlə vurması, digər müəllimin şagirdi taxta ilə döyməsi açıq, görünən fiziki zorakılıqdı. Ancaq biri də var mənəvi, psixoloji zorakılıq, hansı ki, indi də bir çox müəllimlər “qoyunsan”, “tupoysan”, “səndən adam olmayacaq” kimi ifadələr işlətməklə şagirdləri təhqir edir və bu, zorakılığın görünməyən tərəfidir. Əlbəttə ki, bu cür zorakılıq forması hər bir ailədə yaşanır, ancaq məktəb bir müəssisədir və müəssisədə zorakılığa yol vermək olmaz. Məktəbə ən azından monitorinq nəzarəti keçirmək olar. Ancaq ailə qapalı mühit olduğundan , daxilində yaşananları meydana çıxarmaq olduqca çətin və mümkünsüzdür”.

Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxmasını məktəb daxilində və ümumiyyətlə cəmiyyətdə zorakılıqdan qorunma mexanizminin zəifliyi ilə əlaqələndirən Günel Səfərova bildirir ki, əsas məsələ Azərbaycanda zorakılıqdan qoruma mexanizminin necə işləməsidir: “Məsələn, məktəbdə zorakılıq faktı varsa, hüquq mühafizə orqanları işə müdaxilə etməlidir. Burda hadisə məktəbdə baş verdiyindən, məktəb sadəcə bir tərəfdir. Əlbəttə ki, inzibati cəzalar, inzibati metodlar öz sözünü deməlidir. Əgər müəllim zorakılıq edibsə, işdən uzaqlaşdırılma cəzası ala bilər. Amma iş bununla bitmir. Məsələn, xarici ölkələrin təcrübəsinə baxanda görürsünüz ki, belə hallarda zorakılıqla bağlı mütləq surətdə məhkəmə prosesi başlayır. Amma nə yazıq ki, Azərbaycanda belə proses yoxdur”.

Günel Səfərova deyir ki, məktəblərdə daha çox tədrisə meyil olduğundan təlimə çox vaxt ayrılmır və buna görə məktəb şəxsiyyət formalaşdırmır: “Əlbəttə, bu fikir bütün müəllim və məktəblərə şamil edilmir. Sözsüz ki, 17-18 yaşlarında məktəb bitirən birinin şəxsiyyət kimi yetişməsini gözləyə bilmərik, amma bunun əsası qoyula bilər, ona liderlik və.s bacarıqlar öyrədilə bilər. Döyülən, stereotiplər aşılanan, sosial-hüquqi baxımdan bu və ya digər şəkildə sıxışdırılan uşaqdan nə gözləyə bilərik?! Ümumi baxanda həmin gənclərin özünü təqdim etmək, cəmiyyətə özlərini göstərmək, lider kimi formalaşmaq, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, çəkinirlər, çünki tərbiyə bu cür verilib. Amma bunu tək məktəblər etmir. Buna həm də ailə səbəb olur. Xüsusilə, Azərbaycan ailələrində qız uşaqlarının cəmiyyətdə mövqe tutması üçün onlara istənilən hüquq tanınmır. Bilik baxımından istəyirik uşağımız yaxşı riyaziyyatçı, yaxşı hüquqşünas olsun, amma şəxsiyyət kimi formalaşdıran məktəblər olduqca azdır. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Bunun bir səbəbi ailədirsə, bir səbəbi də məktəbdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır”.

Məktəblərdə psixoloq fəaliyyətinə də toxunan G.Səfərova bildirir ki, istənilən bir məktəbdə psixoloq ən yaxşı halda formal işləyir, ancaq onlar tək uşaqla işini bitmiş saymamalıdır: “Psixoloqlar müəllimlə də işləməlidir. Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, psixoloq bunun həllində yardımçı olmalıdır. Müəllim sənəti çox çətindir. Yarı psixoloq, yarı pedaqoq olmağı bacarmalısan. 30-35 nəfər, müxtəlif yaş qrupu olan uşaqlarla işləyən müəllimdən də bizim gözləntilərimiz çoxdur. Onu da qeyd etməliyik ki, iqtisadi baxımdan da müəllimlər həddən artıq yaxşı yaşamır. Müəllimdən birtərəfli gözləntimiz də düz deyil. Onu da bildirim ki, məktəblərdə psixoloq vakansiyası artırılmalı, ştat boş qalmasın deyə o yerlər tutulmamalıdır”.

“Valideynin müəllimə “uşaq dərsini yaxşı oxumasa, vur” deməsi qanun pozuntusudur və bu kəlmə müəllimə uşağı döyməsi üçün heç bir əsas vermir”, – deyən Günel Səfərova vurğulayır ki, birincisi hüquqi baxımdan nə valideyn, nə də müəllim uşağı döyə bilməz. Valideyn uşağın qəyyumudur. Uşağın hüququnu qoruyan isə dövlətdir. Uşaq valideynin əmlakı deyil ki istədiyi kimi davransın. Cinayət məcəlləsində uşaqların döyülməsi ilə bağlı xüsusi bir müddəa yoxdur, buna görə valideyn məsuliyyətini artıran məcəllələrə əlavə olunsun deyə çalışırıq. Müəllimin şagirdə zorakılıq göstərməsi, konkret olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi (sağlığa qəsdən xəsarət yetirmək) ilə tənzimlənir. Ümumi yanaşmanı götürsək, zorakılığa tərbiyənin bir hissəsi kimi yanaşılır.

Son olaraq Azərbaycanda təhsil sisteminin dəyişdirilməsi fikrini təklif edən G.Səfərova bildirir ki, Azərbaycanda təhsil individual sistemə keçməlidir: “İndi siniflərdə 30 nəfər şagird olur. Sovet dövrünün rəqəm yaşanmasından çıxmalıyıq artıq. Təhsil yarı Sovet dövrünün mexanizmi ilə , yarı da yeni götürdüyümüz Avropa sistemi əsasında aparılır. Uşaqlar bu ikisinin arasında qalıb. Bilinmir ki, hansı sistemlə gedək ki, yaxşı nəticə əldə edək. Ancaq yaxşı nəticə əldə edə bilmirik, nümunə olaraq, hər il universitetlərə qəbulda keçid ballarının azaldılmasını göstərə bilərik. Deməli bu sistem yaxşı nəticə vermir”.

 

Lent.az

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv