Yazı İçi 468×60

gemireportajBəzən uzaqdan gəmi görəndə, öncə “onun nə marağı var axı, hamı minir” – deyib, bu gəzintidən vaz keçirik. Lakin bayram günlərində üçmərtəbəli “Mirvari” gəmisindəki yarım saatlıq gəzintimiz bütün təəssüratlarımızı dəyişdi.

“Mirvari” adlı 650 nəfərlik gəmi artıq 3 ildir ki, Bakı Dənizkənarı Bulvarda paytaxt sakinlərinin, eləcə də ölkəmizə səfərə gələn turistlərin mənalı istirahəti üçün onların istifadəsinə verilib. Bu gəmi əvvəlkilərdən xeyli fərqlidir. Gəminin 2 mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Təhlükəsizlik baxımından burada hər cür şərait yaradılıb. Türkiyə istehsalı olan gəmidə təhlükəsizliklə baglı bütün avadanlıqlar var. İkimühərrikli gəminin eni 11 metr uzunlugu isə 49 ,5 metrdir. Səyahət vaxtı burada sərnişinlərə sərinləşdirici içkilər, “fast food” yeməklər, çay və kofe təklif olunur.

Biz də gəmiyə minmək üçün qiyməti 5 manat olan iki bilet aldıq. Ancaq gəmiyə minmək üçün bir neçə dəqiqə gözləməli olduq. Yerli sakinlərdən çox, ərəb turistləri sıraya düzülmüşdü. Hamı bir-bir gəmiyə minirdi. Gəminin hər mərtəbəsi çox səliqəli, təmiz və istirahət üçün uyğun şəraitdə idi.

“Mirvari”nin təcrübəli kapitanı

Gəmini idarə edən kapitanla söhbətləşmək üçün yuxarı qalxırıq. İcazə alıb yaxınlaşdıq. Kayutada Röyanın mahnısı səslənirdi. Hiss edirdim ki, mahnıya qulaq assa da diqqəti monitordadı. Hətta bizimlə söhbət zamanı da oradakı düymələri basır, daha sonra cavab verirdi.

“Mirvari”nin kapitanı – 44 yaşlı Eldəniz Məmmədov uzun illər dəniz və okean sularında üzən ixtisaslı kadrlardan biridir…

– Eldəniz bəy, neçə ildir bu gəmini idarə edirsiniz?

-1992-ci ildən ta bu vaxta qədər ömrüm gəmilərdə, dənizlərdə keçib (gülür- red). Ancaq kapitan kimi 2005-ci ildən işləyirəm. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirmişəm. Sonra da Akademiyada oxudum. Bu gəmini 4 il olacaq ki, idarə edirəm. Mən uzun illər dəniz və okean sularında “üzmüşəm”.

– Bu 4 ildə sərnişinlərlə aranızda hansısa problem yaşanıb?

Əvvəl sualıma cavab verməkdən yayınır. Bir az düşünür, sonra cavablayır:

– Yox, olmayıb… Açığı nə deyim, olsa da onu indi demək düz çıxmaz axı. Bu məndə qalsın (əli ilə özünü işarə edir və gülümsünür). Onlarla dil tapmağa çalışırıq. Bu gəmidən əvvəl mən çox yerlərdə işləmişəm, sadalasam barmaq sayına gəlməz (barmaqlarını qatlayır).

– 1992-ci ildən ömrünüz dənizdə keçib. Heç qorxduğunuz anlar olub?

– Bəli…

Dənizə baxır, gözlərin qıyıb danışmağa davam edir:

– O qədər qorxmuşam ki… Amma özümü tez ələ alıb, vəziyyətdən çıxış yolu axtarmağa çalışmışam. Biz gəmi və heyəti sağ-salamat ünvana çatdırmaq üçün daha çox can atmışıq. Belə anlar çox da olmayıb, təxminən bir ya iki dəfə… Dənizin fırtınalı, qorxulu anları çox olur. Danışmaqla bitməz.

Fırtınadan elə danışır ki, elə bil hazırda o anları yaşayır. Çox emosional davranır… Mövzunu dəyişirik…

– Komandanı kapitan formalaşdırır, yoxsa?

– Bəli, əlbəttə…

– Bəs kənarlaşdırmaq istəyəndə necə?

– Bəli, bu da kapitanın istəyindən asılıdır. Əgər mən hansısa işçidən narazıyamsa, dərhal məsələ qaldırıram və kənarlaşdıra bilirəm. Təbii ki, belə hallarla üzləşməmişəm, heç istəmərəm də.
Kapitan sükanı diqqətlə tənzimləyir. Mənsə növbəti sualımı ünvanlayıram:

– Ömrünüzün dənizdə keçməsinə ailəniz narazılıq edibmi?

– Yox, çünki o, mənimlə ailə quranda bilirdi hara gəlir, kiminlə ailə qurur. Razılaşıb gəlibsə, demək, narazılıq etməyə haqqı yoxdur. Anamdan artıq deyil ki… (gülür). Axı mənim atam da dənizçi olub. Onun da ömrü mənimki kimi dənizlərdə keçib. Elə atamdan əmanətdir dənizçilik mənə (dərindən nəfəs alır, fikrə gedir).
Sonra söhbətə davam edir…

– Siz inanırsınız, iki övladım var, onlar dünyaya gələndə mən həyat yoldaşımın yanında olmamışam. Hər ikisini də bir ay sonra görmüşəm. Əslində, hər dəfə pis olmuşam, ürəyim çırpınıb, çapalamışam, ancaq nə etmək olardı ki. Yoldaşımla əlaqə saxlayıb, təbrik etmişəm. Mənə heç nə deyə bilməsə də, səsindən hiss etmişəm ki, yanında olmadığıma görə pis olub. Ancaq o, da bunu bilə-bilə qəbul edib, mənə ərə gəlmişdi. Bax, hər dəfə həyatımdakı bu önəmli anları xatırlayanda çox təsirlənirəm, hətta kövrəlirəm də… (səsi titrəyir)

– Övladlarınız dünyaya gələndə hansı dənizdə idiz?

– Böyük oğlum Ziya dünyaya gəldiyi gün – fevralın 20-də Livanın “Beyrut” limanından çıxmışdıq. Səfərimiz Rusiyanın “Taqanroq” limanına idi. Kipr adasından İstanbula üzürdük. Həmin vaxt fırtınaya düşəndə dəli oldum. İlk övladım dünyaya gəlir, mənsə orda yoxam, burdan çıxıb-çıxmamağım da məlum deyil. Hələ bizi nələr gözləyirdi, bilmirdik. Hətta yanımdakı heyətə demişdim ki, deyəsən, bu uşağı görmək mənə qismət olmayacaq. Ancaq çox şükür ki, onu da gördüm, o birisini də. İkinci oğlum doğulanda isə Atlantik okeanında idim.

Söhbət zamanı onun telefonuna bir neçə dəfə zəng gəlir. Ancaq o, zəngdən yayınır və bizim suallarımıza daha çox diqqət ayırır. Hətta suallarımızın və söhbətin belə maraqlı alınmasını təsəvvür etmədiyini də bildirir. Bizsə övladları ilə bağlı növbəti sualımızı ünvanlayırıq:

– Övladlarınızın dənizçi olmasına razılıq verərsiniz?

– Əlbəttə… Seçim onlarındı, istəsələr niyə də olmasın?… Necə mən atamın davamçısıyam, onlardan biri də mənim davamçım olsa sevinərəm. Onu da deyim ki, hər adam dənizçi ola bilmir ha, ona da kişilik, ürək lazımdı (əlini əlinə vurub ürəkdən gülür).Dənizçi olmaq üçün hər şeyi göz önünə almaq lazımdır.

– Olubmu ki, yorğunluqdan sükan arxasında sizi yuxu tutsun və gəmi başqa sahilə getsin?

– Yoooox (əllərini bir-birinə vurub gülür). Yaxşı ki, olmayıb, yoxsa biabır olub tarixə düşərdim. Əslində, mürgülədiyim anlar olub. Ehtiyat üçün yanıma həmişə bir şüşə su qoymuşam. Elə olan kimi tez üzümə su vurub ayılmışam. Ancaq sutkalarla yatmadığım günlər də olub. Yuxusuz gözlərim qızarıb, gic kimi olmuşam. Lakin sükan arxasına keçən kimi özümü tez toplayıb, yoluma davam etmişəm.
Söhbət zamanı bir neçə mahnıdan sonra Röyanın “Gəmiçilər” mahnısı səslənir. Mahnı başlayan kimi o bir az mahnının səsini qaldırır və dənizi müşahidə edir…

– Deyəsən, Röyanın fanatısız, bayaqdan onu dinləyirsiz. Mahnıda Röya gəmiçilərə vurduğu düyündən bəhs edir. Gəmiçilər onun vurduğu düyünü aça bilər, ya yox?

– Röyanın səsini bəyənirəm və bir neçə mahnısına qulaq asıram. O, nə mənada dediyini bilmirəm. Mahnıya qulaq assam da, fikrim dənizdə idi. Ola bilməz ki, biz gəmiçilərin açmadığı düyün olsun. Amma bizim vurduğumuz düyünü açmaq hər adamın işi deyil. Vay o günə ki, biz düyün vurmayaq (gülür və zarafat etdiyini bildirir). “Sahilə çıxdı matros”… Bunu da Aygün xanım oxuyur. İndi onu kimə həsr etdiyini bilmirəm. Adətən, sahilə daha çox kapitan çıxır.
Sonra kapitanın sevgi macərasından söhbət açırıq. Axı ola bilməz ki, dənizçinin sevgi macərası olmasın. Maraqlıdır, kapitanımız sevgi macərasından danışacaq mı?

– Sahilə çıxan kapitanın sevgi macərası olmamış olmaz…

– Olmayıb. Sahilə çıxan kapitan nə görür ki, sevgi macərası da görsün (gülür...). Mənim gözüyolda olanım var. Əvvəllər uzaq səfərə çıxanda yalnız fikrim-zikrim məni gözləyən ailəmin yanına sağ-salamat qayıtmaq olub. Başqa məni heç kim maraqlandırmayıb.

 

– Gözüyolda olan xanımınızla necə tanış oldunuz bəs?

– Atamgil qızı bəyənib, mən də evlənmişəm. Mənim elə də qıza ayıracaq vaxtım olmayıb (gülümsünür və üzünü illüminatora tərəf tutur).

Beləcə, yarımsaatlıq gəzinti bitsə də, biz kapitanın vaxtını bir az da artıq aldıq. Ancaq uzaqdan rəisin gəldiyini görür, söhbətimizi yarıda kəsir və bizə əlləri ilə işarə verir ki, yekunlaşdıraq.
Bizi gəmidən yola salanda arxamızca səslənir: rusların yaxşı bir deyimi var: “Xəzərdə üzməyən dənizçi, dənizçi deyil”

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."