!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzillərin icbari sığortasındakı fırıldaqlar... - Ekspert rəyi  

!Reklam – Yazi

Azərbaycanda mənzillərin icbari sığortalanması ilə bağlı vəziyyət hələ də ürəkaçan səviyyədə deyil: xüsusən də regionlarda. Bakıda da əksər insanlar prosesdən kənar qaçmaqda davam edirlər. Evlərin icbari sığortası ilə bağlı vəziyyət niyə hələ də öz müsbət həllini tapa bilməyib?

Yeniçağ.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə mənzillərin sığortalanması prosesində irəliləyişin baş verməməsinin səbəbini vətəndaşların sığorta şirkətlərinə inamının olmamasında görür:

“Hazırda alqı-satqı zamanı evlərin icbari sığortası həyata keçirilir. Hər hansı bir sığorta şirkəti mənzillərin alqı-satqısı zamanı öz xidmətini təklif edir. Vətəndaş da bu əsasda istər-istəməz əmlakını sığortalamalı olur ki, onu ala və yaxud sata bilsin. Adətən, bu zaman sığortanı da evi satan şəxs edir. Sığorta şirkətlərinin nümayəndələri əksər hallarda evlərin sığortalanması prosesində iştirak etmir. Adətən, sığorta olunan əmlaka sığorta şirkətinin nümayəndəsi baxış keçirtməli, onun fotosunu çəkməlidirlər. Bu ona görədir ki, şirkət hadisə baş verdikdə onun həqiqətən də sığorta hadisəsi olduğunu müəyyənləşdirə bilsin. Amma məsələ ondadır ki, sığorta şirkətləri əksər hallarda evin sığortalanması zamanı öncədən əmlaka baxış keçirtmirlər. Belə olan halda sığorta hadisəsi baş verdikdə şirkət onun sığortalamadan öncə baş verdiyini bəhanə etməklə, heç bir real əsas gətirmədən mənzilə dəymiş ziyana görə pul ödəmir. Bu da vətəndaşlar arasında sığorta şirkətlərinə qarşı etimadsızlığın yaranmasına səbəb olur. Vətəndaş bu halda sığorta hadisəsini sübut etmək üçün süründürməçiliyə düşərək, məhkəmələrə müraciət etməli, ekspertiza təyin etməli olacaq. Sığorta şirkətləri üzərilərinə düşən vəzifələri yerinə yetirsə belə problem də yaranmaz. Onlar əmlakın mövcud vəziyyətini göstərən şəkilləri bazalarında toplamalıdırlar ki, gələcəkdə hadisənin əvvəl, yoxsa sığorta hadisəsindən sonra baş verdiyini sübut edə bilsinlər. Sığorta şirkətlərinin fəaliyyətilə bağlı hər hansısa bir təbliğat, maarifləndirmə işlərinin aparılmaması da evlərin icbari sığortalanmasında problemlərin yaşanmasına gətirib çıxaran amillərdəndir. Yəni vətəndaşları prosesə təşviq etmək üçün hansısa bir təbliğat kampaniyası belə aparılmır. Ona görə də vətəndaşlar şirkətlərə etimad etmir, əmlaklarını sığortalamağa maraq göstərmirlər. Vətəndaş maariflənmə yolu ilə əmlakını sığortalamaqla hansı risqlərin qarşısını ala biləcəyindən xəbərdar olur. Belə olarsa, vətəndaş hazırda olduğu kimi gedib hansısa bir təhlükəli və risqli məkanda bina tikməz. Bütün hallarda evlərin icbari sığortalanması məsələsində irəliləyişin olmamasında başlıca səbəbkar sığorta şirkətləridir. Prosesin irəli getməməsinin 70 faizi onların fəaliyyətsizliyinin nəticəsidir. Digər tərəfdən düşünürəm ki, mənzillərin sığortalanmasına görə ödənilən sığorta məbləğini vətəndaşların alıcılıq qabiliyyətinə uyğunlaşdırmaq lazımdır. Bunun baş verməsi də əhali arasında sığortalanmağa meyli kütləvi şəkildə artıra bilər. Qərb ölkələrində isə hər bir vətəndaş sığortalanmağı özünün vətəndaşlıq borcu bilir. Bununla o risqləri sığortalayır”.

ELÇİN
Yeniçağ.az

www.yenicag.az

1168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv