!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur aktyorun oğlu yarımmilyonluq avtomobil qacırtdı: “Dedi harda görsəm, tutub səni...”MüsahibəFOTOLAR

!Reklam – Yazi

Heç vaxt atasının adıyla tanınmaq istəmədiyini deyir. İlk vaxtlar Rusiyada söylədiyi replərlə məşhur olsa da, sonradan atasını yolunu davam etdirmək üçün Bakıya qayıdıb. İndi aktyordur, Rus Dram Teatrının səhnəsində maraqlı obrazlarla çıxış etsə də, daha çox “Vicdan haqqı” serialındakı Vüsal roluna görə tanınıb. Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədovun özündən də yaraşıqlı oğlu İbrahim Çingizi deyirəm.

Gənc aktyorun Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– İbrahim bir neçə il əvvəl səsin Rusiyadan gəlirdi, rus dilində söylədiyin replərinlə Azərbaycandan çox orda məşhur idin. Bakıya qayıtmağının səbəbi nə oldu?

– Yox niyə ki, sadəcə olaraq, bir neçə il həm Rusiyada, həm də Ukraynada yaşadım, rep sənətinin peşəkarları ilə birgə fəaliyyət göstərdim. Hətta orda məni “Kiyev dnem i noçyu”adlı məşhur bir seriala da dəvət etdilər. Amma artıq Azərbaycan üçün darıxmağa başladım və Bakıya gəlməyə qərar verdim.

– Replə xudahafizləşdin deyəsən. Çünki artıq aktyor kimi fəaliyyət göstərirsən…

– Əslində, replə vidalaşmamışam, sadəcə, Azərbaycanda bu sənət növü o qədər də inkişaf etməyib. Həm də mən rus dilində replər söyləyirəm, belə desəm, rus dilində repin bizdə də bazarı yoxdur. Bir ildir ki, Rus Dram Teatrında aktyor kimi çalışıram və eyni zamanda hazırda “Vicdan haqqı” serialına çəkilirəm.Amma replə də məşğulam.

– Serialda maraqlı obrazın var: özündənrazı, yekəxana, qolu büsbütün “tatu”lu, müasir oğlan… Bu seriala necə dəvət aldın?

– Serialda Fuad obrazını canlandıran və mənimlə eyni teatrda çalışan sənət dostum Elşad zəng elədi ki, bəs kastinq elan olunub, bəlkə gəlib özünü sınayasan? Onu da söylədi ki, Vüsal obrazı qolunda “tatu”, müasir, əhlikef bir oğlan obrazıdır, əsl sənə görədir. Kastinqə getdim, rejissor Rövşən İsax mənə obraz barədə danışanda dedim ki, bu rolu elə siz mənim haqqımda yazmısınız. Obrazı çox bəyənirəm. Hesab edirəm ki, oynadığım Vüsal rolu bizim seriallarda tam yeni bir obrazdır. Ənənəvi olaraq bizdə xoşlayırlar axı filmdə iştirak edən gənc ciddi olsun, zarafat eləməsin. Zarafat eləyirsənsə, deməli, sən şitsən.

– Bəs sənin obrazın necə qarşılandı, demədilər ki şitsən?

– Sosial şəbəkədə mənə o qədər tənqidi fikirlər yazdılar ki…

– Ən sərt mesaj nə oldu?

– Bir nəfər yazmışdı ki, sən mənim əsəbimə toxunursan, harda görsəm tutub səni çırpacam. Mən də hər adama cavab vermirəm. Əsəbi vaxtıma düşdü, götürüb buna cavab yazdım ki, bəs filan yerdəyəm, gəlib məni çırpa bilərsən. O da yazdı ki, mən hazırda Bakıda deyiləm, rayondayam, sonra görüşərik. Amma həmin andan etibarən adam ilim-ilim itdi, mən onu “İnstagram”da tapa bilmədim. Əslində, o cür adamlara baş qoşmuram. Bilirəm ki, çoxu paxıllıqdan belə şeylər yazır. Yəqin hər həftə ekrandan görünməyim bəzi insanları qıcıqlandırır.

– Amma kim nə deyir-desin, sənin obrazın çox xoşuma gəlir, tamaşaçıya pozitiv enerji ötürür…

– Xoş sözlər yazanlar da var. Serialda yarımmilyon dollarlıq qiyməti olan “Lomborghini Aventador” markalı avtomobilini qaçıranda mənə hətta telefon nömrəsi qoymuşdular ki, hansı polis bölməsindəsənsə, gəlib səni çıxarım.Tamaşaçılar maşını həqiqətən də qaçırtdığıma inanırlar.

– Həyatda necə birisən?

– Əslində, özüm haqqında çox məlumat vermək istəmirəm. Çünki istəmirəm ki, insanlar mənim barəmdə hər şeyi bilsinlər. Onu deyə bilərəm ki, zamanla irəliləyən biriyəm, keçmişdə qalmağı sevmirəm. İstədiyim kimi həyat yaşayıram. Başqalarına görə həyatımı qurmuram. Əgər saqqal saxlamaq istəyirəmsə, saxlayıram, düşünmürəm kimsə mənim barəmdə nə deyəcək. Saqqal mənim dini anlayışımdan irəli gəlmir; yaxud da qoluma “tatu” edirəm, fikirləşmirəm ki, kimsə baxıb heyrətlənəcək ki, buna bax e, qolu lap rəsmxəttdir ki…

– Bəs atan, anan nə deyir, onlar buna görə sənə irad bildirirlər?

– Sadəcə, bu məsələdə mənim bəxtim gətirib. Atam da, anam da məni olduğum kimi qəbul edir.

– Ola bilməz ki, yüngülvari məzəmmət eləməsinlər səni?

– Əvvəllər sözsüz ki, yüngülvari narazılıqlar oldu. Onları da başa düşürəm. Bəlkə də gələcəkdə mən də oğlum olanda onun həyat tərzinə etiraz edəcəm.

– Atan Çingiz Əhmədovla ata-oğul, yoxsa dost kimisən?

– Yox həmişə atamla aramızda pərdə olub. Zarafatlaşaq-zad belə şeylər olmayıb. Atam çox vaxt çəkilişlərdə, teatrda olduğundan tərbiyəmizlə anam məşğul olub.

– Heç atan nə vaxtsa sənə əl qaldırıb?

– Balaca olanda bir dəfə əl qaldırıb, o da həyatım boyu yadımdan çıxmır.

– Nə üstündə?

– Yadıma gəlmir, çox balaca idim onda.

– Amma yadında saxlamısan, demək ki, kinlisən?

– Yox kinli deyiləm, sadəcə olaraq o, mənə dərs olub, sonradan bilmişəm ki, tərbiyəli böyümək üçün özümü necə aparmalıyam.

– Atanın məşhurluğu sənə “yaşıl işıq” yandırıb?

– Yox, mən orta məktəbdə oxuyanda XI sinfə qədər uşaqlar bilmirdi ki, atam əməkdar artist, məşhur aktyor Çingiz Əhmədovdur. Elə Mədəniyyət və İncəsənət Universitetində oxuyanda da çox adam bilmirdi ki, kimin oğluyam.

– Niyə gizlədirdin ki?

– İstəmirdim atamın adına görə məni tanısınlar. Öz bacarığımla qabağa getmək istəyirdim.

– Səncə, bu sözünə oxucular inanacaq?

– Yox, bilirəm ki, onlar da ürəklərində deyəcəklər ki əşşi, yalandan danışır da, atasının hesabına tanınıb, rol alıb, seriala çəkilib. Mən bu insanların psixologiyasını bilirəm də. Amma həqiqət budur. Atam heç vaxt mənə görə kiməsə ağız açmayıb. Bir də tutaq ki, atam məni qabağa çəkib, amma gəlib mənim əvəzimə serialda oynamayıb ki, düzdür?

– Təmiz söhbət. İbrahim – qolunda “tatu”, saqqallı oğlan, geyimi də son dərəcə modern – maraqlı həyat yaşamağın üçün istədiyin qədər pulun varmı?

– Pulgir deyiləm, normam mənə bəs edir.

– Pis çıxmasın, norman nə qədərdir ki?

– İşləyirəm, çalışıram, cibimdə 10-15 manat da olsa bəs edir. Daha düşünmürəm ki, cibimdə 100 manat olaydı, gedib hansısa restoranda oturub, dostlarımla yeyib-içəydim. Pulum azdırsa, sadəcə, gedib dostlarla çay içirik.

– Məxsusi əyləncən varmı?

– Axşam kluba rəqs etməyə gedirəm. Amma daha çox vaxtımı idman zalında keçirirəm. Əyləncəyə ayırmağa elə də vaxtım olmur. Teatrda bir il ərzində 7 tamaşada oynamışam, seriala çəkilirəm. Yarım saat idman zalına məşqə gedəndə sevinirəm.

– Yəqin serialdan sonra xanım heyranlarının da sayı artıb…

– Serialdan qabaq da xanım heyranlarım olub (gülür).

– Adətən, sənin kimi həddən artıq müasir oğlanlar xanım seçimində çox mühafizəkar olurlar. Sənin üçün xarici gözəllik əsasdır, yoxsa, daxili aləm?

– Xarici görünüşə mütləq fikir verirəm. Xanımın üzünə baxanda bəyənirəmsə, ünsiyyət qururam. Daxili də gözəl olarsa, lap super…

– Evlilikdə birinci nəyə önəm verərdin?

– Sevgiyə. Mən kimisə vurulsam, dəhşət dərəcədə çox sevərəm.

– Belə çıxır ki, hazırda sevdiyin yoxdur?

– İndi yox.

– Belə anladım ki, nakam sevgin olub.

– Elə də demək olar.

– Bayaqdan özünü tərifləyirsən ki, ay belə müasirəm, basqalarının fikri ilə yaşamıram, amma şəxsi məsələlərdə komplekslisən.

– Yox, sadəcə, sirli qalmağı sevirəm. Rep adım “The Riddler”-dir, bu da ingilis dilində “tapmaca deyən insan” mənasını verir. Qolumda da “tatu” var, yəni “məni tapmaca kimi tap”.

– Gələcəkdə birdən atan məsləhət gördü ki, ay İbrahim, oğul, dostumun, ya qohumun bir yaxşı qızı var, gəl onu sənə alaq, reaksiyan necə olar?

– İndi eşidəndə bir az mənə birtəhər gəlir. Düşünürəm ki, qıraqdan kimisə tapıb evlənmək sovet dövründənqalma bir ənənədir. İnsan sevib, ailə qurmalıdır. Bəlkə də 30 yaşımda fikrim dəyişəcək, deyə bilmərəm, amma indi 23 yaşımda belə düşünmürəm.

– Nə deyir valideynlərin, tez evlənməyini istəyirlər?

– Deyirlər işlə, karyeranı qur, öz ayağın üstündə dayanmağı bacar, sonra. Məsələn, mənim yaşıdlarım var ki, evdə bezdirirlər ki, nəyi gözləyirsən, tərpən də, evlənmək vaxtındır. Amma mən düşünürəm ki, nə vaxtsa maddi cəhətdən həm özümü, həm də ailəmi idarə edə bilərəm, onda evlənmək barədə düşünəcəm.

– Serialda çox özündənrazısan, həyatda da eləsən?

– Səmimi olacam… Bəzi adamlar kimi, yalandan deməyəcəm ki, yox, özüm barədə yüksək fikirdə deyiləm. Bəli, hesab edirəm ki, savadlıyam, bacarıqlı və xarizmatikəm. Özümə və bacarığıma çox güvənirəm. Nəsibə Zeynalova kimi bir sənətkarın evində böyümüşəm, işimin öhdəsindən gəlirəm. Ona görə də özümdən razıyam.

– Təşəkkür səmimiyyətinə görə. Sənə baxanda adama elə gəlir ki, ayağını tapdalayan olsa, dönüb, bir dənə ilişdirərsən.

– Sözsüz ki, kimsə məni özümdən çıxartsa, onu vura bilərəm. Bu da mənim idmançı olmağımdan irəli gəlir. Mən də neqativ, pis emosiya olanda o saat məşq zalına gedib, bütün emosiyamı idmanla çıxarıram. İstəmirəm insanlar mənim mənfi emosiyalarımı görsünlər.

– Ümidvaram ki, söhbətimizdən sonra yolunu idman zalından salmayacaqsan…

– (gülür) Əksinə, çox xoş oldu.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

6694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv