yenicag.az

Məşhur brendlər ölkədən gedir: nə etməli?

Məşhur brendlər ölkədən gedir: nə etməli?

Müəllif: Qafqaz Omarov

Editor

Son illərdə Azərbaycanı çoxsaylı xarici şirkətlər tərk edir. Bu şirkətlər arasında müxtəlif sahələr üzrə dünyada tanınan şəbəkələşmiş şirkətlər də var.

Xarici şirkətlərin köçü isə geyim-aksessuar bazarından tutmuş, neft-qaz, turizm sektorunadək bütün sahələrdə hiss olunmaqdadır.

Neft-qaz sektoruna aid şirkətlərin bir çoxu “Şahdəniz” layihəsi üzrə keçirilən son tenderlərə qatılıb, uğur qazana bilməyənlərdir. Bir qisim isə neftin qiymətinin düşməsi ilə əlaqədar mövcud layihələrdə müxtəlif xidmətlərin ixtisar olunması, yaxud daha aşağı büdcəli yerli şirkətlərin işə cəlb olunmasından dolayı Azərbaycanda fəaliyyətlərini dayandıranlardır.

Geyim-aksessuar sahəsində Azərbaycandan gedən əsasən bahalı, brend firmalardır. Əhalinin alıcılıq qabiliyyətinin düşməsi nəticəsində belə malların bazarı dəfələrlə kiçildiyi üçün gəlirlər də azalıb. Bu şəraitdə Bakının mərkəzində bahalı yerlərdə bahalı mal satmaq sərfəli deyil.

Otel brendləri niyə gedir?

Turizm sahəsində isə köç dünyada tanınmış otel brendlərindəm başlayıb. Son vaxtlarda 3 otel brendi Azərbaycanı tərk edib – “Rixos”, “Kempinski” və indi də “Jumeirah”. Belə ki, 2015-ci ilin yayında “Rixos” brendi “Shamaxi Platinum Hotel by Rixos”dan imtina edib. 2016-ci ilin iyulunda “Kempinski” brendi “Kempinski Hotel Badamdar” otelindən gedib. 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Jumeirah” isə bu il dekabrın 31-dən ölkədən gedir.

Məşhur otel brendlərinin Azərbaycandan getməsinin ölkənin turizm sektoruna hansı təsirləri olar bilər? Bu sualı cavablandıran mütəxəssislər arasında kəskin fikir ayrılıqları mövcuddur.

Bir məsələni də qeyd edək ki, Azərbaycanda uzun illər boyu “Hyatt” şəbəkəsindən başqa heç bir otel şəbəkəsinin fəaliyyətinə imkan verilməyib. “Hilton”, “Mariott”, “Kempinski” və digər brendlər 2004-2005-ci illərdən sonra Azərbaycanda işə başlaya biliblər. Böyük neft gəlirləri ilə bərabər çoxsaylı otel şəbəkələri də ölkəmizdə təmsil olunmağa başlayıb. Lakin üstündən 10 il keçməmiş, məşhur şəbəkələrin əks istiqamətli köçü başlayıb.

Azərbaycanı tərk edən məşhur brendlərə məxsus otellərin birində menecer işləmiş mənbənin redaksiyamıza verdiyi məlumata görə, dünyada tanınmış şəbəkələrə qoşulmaq yerli otellərə o zaman sərf edir ki, müştəri bolluğu olsun: “Biz hamımız mərkəzi rəhbərliyə tabe oluruq, onların qoyduğu qaydalarla işləyirik. Bu qaydalar isə çox sərtdir: həm qiymət, həm də keyfiyyət baxımından. Bütün mal-avadanlıqları onların seçdiyi yerlərdən almalıyıq, xidmət qaydalarını onlar müəyyənləşdirir, hətta personalın sayınadək. Bununla yanaşı, ayda əldə olunan gəlirin 10-11 faizini üzvlük haqqı ödəyirik. Müştəri bolluğu olan zaman bu tələblərə əməl etmək çətin deyil. Amma son 2 ildə müştərilərimiz kəskin azalmışdı. Bu isə qazancın azalması deməkdir. Mərkəzi ofis pesonalı ixtisar etməyə qoymur – hesab edirlər ki, daha az sayda işçi ilə onların istədiyi səviyyədə keyifyyəti təmin etmək mümkün deyil. Eyni zamanda özünə çatacaq vəsaiti də azaltmaq istəmir. Bu şəraitdə isə o şəbəkəyə üzvlük otel sahibinə sərf etmir. Biz – yəni idarəçi personal üçün gözlənilməz deyildi şəbəkə üzvlüyündın çıxılacağı”.

Mənbəmiz deyir ki, iqtisadi baxımdan səmərəsizlik yaranması üzündən şəbəkə üzvlüyündən çıxandan sonra otellərin hamısında personal ixtisar olunur, qalanların əmək haqqı aşağı salınır.

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri, turizm sahəsi üzrə mütəxəssis Müzəffər Ağakərimov bizimlə söhbətində qeyd edib ki, məşhur brendlər bir neçə səbəbdən gedir:

“Brendlərin ölkəmizdə fəaliyyəti təqdirəlayiqdir. Onların getməsinin dəqiq səbəbini həmin otellərin sahibləri daha dəqiq bilərlər. Mən sadəcə, ümumlikdə, hansı hallarda brendlərin getdiyini deyə bilərəm. İlk səbəb brend şəbəkələrin qoyduğu keyfiyyət şərtlərinə əməl olunmamasıdır. Bilirsiniz ki, şəbəkələşmiş brendlərin hamısı 4-5 ulduzludur. Onlar müxtəlif ölkələrdəki otellərindən vahid keyfiyyət standartlarına uyğun xidmət tələb edirlər. Və vaxtaşırı onları yoxlayırlar. Mərkəzi ofislərdən adamlar gəlir adi qonaq kimi oteldə qalır, yeməyin, xidmətin keyfiyyətindən tutmuş, xadimələrin davranışlarına qədər hər şeyə diqqət yetirib hesabat hazırlayır. Qoyulan tələblərə əməl olunmadığı aşkarlandıqda, mərkəzi ofis yerli otelin sahiblərinə xəbərdarlıq edir, müəyyən cərimələr tətbiq edir. Vəziyyət dəyişmədikdə isə artıq o oteli şəbəkədən kənarlaşdırır. Digər bir səbəb bu olur ki, yerli otel şəbəkə üzvü olmaq üçün ödədiyi vəsaiti ya az ödəyir, ya da ödəyə bilmir. Bu zaman da müəyyən vaxt verilə bilər yerli otellərə. O vaxtda da ödənişlər edilmədikdə, üzvlükdən çıxarılır.”

Bizə indi nə lazımdır: brendlər, yoxsa..?

Qeyd edək ki, bəzi mütəxəssislər məşhur brendlərin gedişini əngəlləmək üçün onların üzvü olan otellərə vergi güzəştlərinin tətbiq olunmasını təklif ediblər. M.Ağakərimov bunun əleyhinədir:

“Vergi güzəşti o zaman olur ki, o sahə dövlət üçün prioritet olsun. Brend otellərin hamısı 4-5 ulduzludur. Onlar daha çox regional və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulur. Azərbaycanda isə hazırda turizmin inkişafına dair strateji yol xəritəsində də göstərildiyi kimi, kütləvi turizmin inkişafı prioritetdir. Belə turizm isə xüsusilə regionlarda 2-3 ulduzlu, aşağı büdcəli otellərə tələbat yaradır. Xəritədə məhz belə otellərin inkişafı prioritet elan edilib. Bildiyiniz kimi, dövlət başçısı da diqqəti bu sahəyə yönəldib. Buna görə də güzəştlər məhz belə otelləri inşa edən shaibkarlara olmalıdır.”

Müsahibimiz deyir ki, çoxsaylı dünya otel brendlərinin Azərbaycana gəlməsindənsə, yerli brendlərin formalaşması, dünyada tanıdılması daha sərfəlidir: “Baxın Türkiyəyə. “Dədəman” otel brendini yaratdılar, bütün dünyada tanıtdılar. Bizdə də 1-2 yerli brendi yaradıb, inkişaf etidirib tanıtmaq lazımdır. Tanıtmaq üçünsə yüksək xidmət səviyyəsini təmin etmək, ilk növbədə qonşu ölkələrə, daha sonra digər ölkələrə çıxmaq lazımdır.”

P.S. Qeyd edək ki, sahəyə məsul olan Mədəniyyət və Turizm Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.

Dünya SAKİT
Yeniçağ.Az

İqtisadiyyat, Manşet, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti