Mətbuat Şurası “Nigaran ruhlar”ın təqdimat mərasimini keçirdi – Saatlıda

Müəllif: Redaktor

Editor

dsc_4804_655Saatlı rayonunun Gənclər Mərkəzində şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

Azərbaycan Mətbuat Şurasından SalamNews-a verilən məlumata görə, Şuranın təşəbbüsü ilə “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən hazırlanmış “Nigaran ruhlar” sənədli filmində cəbhə xəttindəki döyüşlərdə həyatını itirmiş Milli Ordumuzun gizirinin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. Öncə toplantı iştirakçıları Saatlının Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin anım tədbirinə qatılıblar.

“Nigaran ruhlar” sənədli filminin təqdimat mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 20 Yanvar tarixinin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını vurğulayıb. Müstəqillik illərində 20 Yanvar hadisələrinə düzgün hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı əsaslı işlərin aparıldığını diqqətə çatdıran icra başçısı mövcud istiqamətdəki fəaliyyətin əsasının Ümumilli Liderimizin Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkib.

S.Cabbarov rəhbərlik etdiyi rayonda həm 20 Yanvar şəhidlərinin, həm də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailə üzvlərinin problemlərinə həssaslıqla yanaşıldığını deyib.

Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov çıxışına təqdimatı keçirilən sənədli film barədə məlumat verməklə başlayıb. Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının belə tədbirləri ənənəyə çevrilib. İndiyədək şəhid Fərid Əhmədov və Əhməd Abdullayev haqqında bu cür sənədli filmlərin ərsəyə gətirildiyi barədə məlumat verən deputat rejissoru tanınmış jurnalist Bəxtiyar Qaraca olan “Nigaran ruhlar” adlı ekran işinin Saatlı rayonunda nümayişinin əhəmiyyətinə toxunub: “Fariz bu torpağın yetirməsidir. Onunla əlaqədar filmin rayonunun hər yerində, ən əsası bütün təhsil ocaqlarında nümayişi vacibdir. Gənc nəsil qəhrəman övladlarımızı tanımalı, örnək götürməlidir”, – deyə Ə.Amaşov əlavə edib.

Ə.Amaşov çıxışında 20 Yanvarın xalqımızın taleyində oynadığı roldan da danışıb. “20 Yanvar tarixi insanımızı toplumdan xalqa çevirən qəhrəmanlıq salnaməsidir. Bu tarix daim yaddaşlarda qalmalıdır və qalacaq.”

Sənədli filmin nümayişindən sonra söz alan şəhid F.Novruzovun atası Əlabbas Novruzov övladının xatirəsini uca tutan hər kəsə təşəkkürünü bildirib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır