!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Metsamor” bağlanacaq? Avropadan İrəvana yardım və təzyiq

!Reklam – Yazi

“Avropa İttifaqının Ermənistana qarşı sanksiyaları işə salmasına ehtiyac var”.

Yenicag.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Avropa İttifaqının (Aİ) Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün İrəvana 200 milyon avro ayırmaq vəd etdiyini yazıb.

Məlumata görə, Brüssel bu addımın qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və Aİ-nin çoxmilyonluq sərmayəsini təklif edib. Eyni zamanda, Ermənistandan müvafiq infrastrukturda əsaslı islahatların aparılması tələb olunub.

Ancaq xatırlatmaq lazım gəlir ki, Ermənistan uzun müddətdir Qərbin “Metsamor” AES-in bağlanmasına dair tələbinə məhəl qoymur. Ona görə də, İrəvanın Aİ-dən gələn və ilk baxışda sərfəli görünən bu təklifə verəcəyi cavab maraqlı görünür.

Məsələni Yenicag.az-a şərh edən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, 200 milyon ayırmaqla məsələ bitmir. “Metsamor”dan birdəfəlik yaxa qurtarmaq üçün Aİ eyni zamanda, işğalçı ölkəyə təzyiqlər də etməlidir:

Elman Nəsirov

“Aİ “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı düşünür. Amma məsələ ondadır ki, Aİ əvvəllər də belə cəhdlər edib. İndi Aİ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığından, bu istiqamətdə müəyyən ümidlər yaranıb.
Bu nöqteyi-nəzərdən hazırda yeni şərait mövcuddur. Ona görə istisna deyil ki, bu dəfə “Metsamor”la bağlı ciddi addım atılsın. Lakin digər tərəfdən, onu da nəzərə alaq ki, Ermənistanın özü bu məsələdə fərqli mövqeyə malikdir. Xüsusilə də Rusiyadan aldığı 270 milyon dollarlıq kredit müqabilində Ermənistan artıq sözügedən stansiyanın 2036-cı ilə qədər istifadəsilə bağlı qərar qəbul edib.

Bu nöqteyi-nəzərdən, Ermənistanın həmin niyyətindən geri çəkiləcəyi böyük mübahisə məsələsidir. Hər şey Aİ-nin Ermənistana təzyiqindən və bu məsələdə beynəlxalq birliyin qətiyyətli mövqeyindən asılı olacaq. Təkcə 200 milyon avro təklif edib, ardınca Ermənistana müəyyən təzyiqlər edilməzsə, istisna deyil ki, İrəvan yenidən vaxtı uzatmaq taktikası seçsin və ümumiyyətlə razılaşma əldə edilməsin.

O səbəbdən 200 milyon avronun ayrılması hələ məsələnin birdəfəlik həlli deyil. Bu sadəcə, məsələnin həlli yolunda atılan bir addımdır. Həmin addımın da kəsərli olması vacibdir.

Ona görə də Aİ-nin irəli sürdüyü maliyyə təklifinə əlavə olaraq, Ermənistana münasibətdə sanksiyaların da işə salınmasına ehtiyac var. Əks təqdirdə, “Metsamor”la bağlı məsələdə razılaşma əldə edilməsi imkanları məhdudlaşacaq”.

ELÇİN

www.yenicag.az

1725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv