!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikayıl Müşfiq Hüseyn Cavidin əleyhinə çıxsaydı, nə dəyişərdi? – Aqil Ələsgər yazır

!Reklam – Yazi

aqil ələsgər30 yaşındaydı…

Ömrünün ən gözəl dönəmində, gəncliyinin anlamını dərk edəcək, gələcəyini düşünəcək yaşdaydı…

Müstəqil Azərbaycanı görsə də, azad ölkədə yaşamanın necə bir hiss olduğunu anlamayacaq qədər kiçikdi…

Cümhuriyyətimiz yıxıldığında 12 yaşı vardı…

Şeir yazmağa bolşeviklərin “Gənc işçi” qəzetində başlamışdı…

“Bir gün”ü min gün edib, pambıqdan-taxıldan, göydəki ulduzlardan yazıb, gününü yaşaya bilərdi…

mikayil-mc3bcc59ffiq-ec59fiyleHeç “Yenə o bağ olaydı” şeiri də pis deyildi. Bağdan-bağçadan, güldən-gülüstandan yazıb, sevgi şairi olaraq, partiya rəhbərliyinin eyş-işrət məclislərini bəzəyə bilərdi.

Bədii tərcümə işini Əhməd Cavad adlı bir Çanaqqala qazisi olan, Qara dənizi Türkün bayrağına salam verən dövrünün sinfi düşməni ilə deyil, zəmanə adamları ilə edə bilərdi…

Ya da “Lenin” poeması yazıb, kommunist məfkurəsinə sadiq bir şair olduğunu isbatlaya bilərdi…

“Mən hansı bir insana bənzədim ki, Lenini” sözündən daha yaxşısını tapıb, türkü təhqir edib, sovet xalqını tərifləyərdi…

“Mənim sağ əlim Hüseyn Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram” deməyib, Moskvaya danos üstünə danos göndərə bilərdi…

Bəli, Mikayıl Müşfiq bəlkə çox asanlıqla repressiyadan qurtulmazdı, fəqət şansı vardı…

Dövrünün şairləri ilə yarışda istedadı ilə yaltaqlığı sintez edə bilsəydi, bəlkə indi başqa bir Mikayıl Müşfiq tarixçəsi ilə qarşı-qarşıyaydıq.

Şair, elə sanma ki, haqqında kimsə yaltaq, ikiüzlü, çörək yediyini satan, “dost dediyinin üzünə duran” sözünü ucadan deyə biləcəkdi və ya sən daim tanıyanlar tərəfindən həqarətlə anılacaqdın.

Ustad, əgər fərqli bir yol tutsaydın, təxminən necə olacağını mən yazım…

Əvvəla, 50-60 il sonra səni tanıyanlar, sənin üzünə dayandıqların qalmayacaq, övladları da artıq uzun illər keçdiyindən bu barədə danışmaqdan yorulacaqdılar…

Biz kitab oxuyan bir millət deyilik. Oxuduğumuz bir neçə misra şeirdir ki, indi internet əsrində onu da Quql müəllimin sayəsində tapırıq. Yəni, sənin bolşevik təbliğatı ilə bağlı yazacağın poemalara görə, heç narahat olmağına gərək yoxdu. Haqqında oğlun sayt açıb, əsərlərini yerləşdirəcəkdi. Ancaq orada yazacağın heç bir yaltaqlıq nümunəsinə yer olmayacaqdı. Təxminən bir əsr sonra o dövrü araşdırmaq istəyənlər sənin bolşevizmə xidmət etmədiyini düşünəcək, hətta adda-budda tapılan şeirlərində də gizli dissident əlamətləri axtarılacaqdı…

Mənim dediyim kimi yaşasaydın, ən məşhur sovet şairlərindən olacaqdın. “Lenin”, “Oraq və Çəkic” medalların olacaqdı. Bəlkə sosialist əməyi qəhrəmanı da ola bilərdin…

Bütün bu imtiyazlar sənin və övladlarının önünü açacaqdı. Sən bəlkə Yazıçılar Birliyinə sədr seçilə bilərdin və ya bilməzdin, ancaq övladını o postun sahibi edə bilərdin…

Sovetlər dağılmasaydı, ömrünün sonuna qədər bolşevik şeirləri yazıb, kolxozu tərifləyib, paşalar kimi yaşayardın…

Sovetlər dağılsaydı da problem yoxdu. Sağ qalsaydın, özün şeirlərinin içindən bir cümlə seçib, onunla xalqı oyandırmağa çalışdığını, fəqət xalqın anlamadığından danışardın. Dünyadan köçsəydin də, problem yoxdu. Oğlun səninlə yaşıdlarının hamısını xalqa unutdurub, məddahlarına o dövrdə sadəcə sənin şeirlərinlə milli azadlıq uğrunda mübarizə apardığını vəsf etdirəcək, kimsə sənin sovet qoxulu poemalarını axtarmayacaqdı.  Seçilmiş əsərlərin çap ediləcək, o kitabın mündəricatında “Lenin”lə bağlı poemanı tərifləyəcək, fəqət kitaba qoymayacaqdılar.

Tutalım, sən əlinə Leninin qızıl kitabını alıb, beynini bolşevizm üçün səfərbər etsən də, bu bir dissident ədəbi nümunə olaraq sırınacaqdı, cəmiyyətə…

Və ya tutalım “bolşevik yazı” yazdın. Yaz. İstəyirsən “yaza yaz, pambıqa yaz, qozaya yaz”. Məddahlar bu sətirlərin əslində bir şifrəli mesaj olduğunu söyləyəcəkdilər…

Azərbaycan ədəbiyyatı dedikdə yalnız səni bilib, səni tanıyacaqdıq…

Təkcə səndən deyil, övladından da dad çəkəcəkdi bu vətən…

Ancaq kimsə səsini çıxarmayacaqdı…

Azərbaycanı qarışdırmaq istəyən istənilən “beşinci kalon” bəlkə sənin və oğlunun qapısına gələcəkdi…

Rusundan əmrikəlisinə, ingilisindən pakradunisinə, paralelindən meridianına harada bir naxələf var, sizin qapını döyəcək və əliboş qayıtmayacaqdı…

Bu millətə zərrə qədər heç bir xeyrin dəyməyəcək, fəqət bu millətin baş tacı elan ediləcəkdin…

Olsun, əsas odur ki, yığdığın sərvətlə krallar kimi yaşayacaqdın və istədiyinə bir ayama qoşub, göndərəcəkdiniz…

Tutalım, bəzi “nadan”lar çıxıb, sizin keçmişinizi eşələyəcəkdi. Eşələsinlər. Hər tərəfdə qara siyahıya aldırıb, onları kimsənin duymaması təmin ediləcəkdi…

Daşqalaq ediləcəkdi o “nadan”lar…

Ancaq nə qədər “hər şey unudulur” desək də, sən BİZİM MÜŞFİQ olmayacaqdın…

Səni biz buna görə, sevirik…

Sen onun üçün BİZİM MÜŞFİQsən…

Onun üçün o bağın, o tarın həsrətindəyik…

Bəlkə o bağı bir daha görmədin, o tar bir daha oxumadı, fəqət yüz illiklər də keçsə, səni kimsə silə bilmədi və silə də bilməyəcək…

Sayğılarımla,

Aqil ƏLƏSGƏR

www.yenicag.az

1568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv