“Milan Expo 2015” sərgisində “SOCAR günü”keçirilib

Müəllif: Redaktor

Editor
siaphoto_502926“Milan Expo 2015” Ümumdünya sərgisində futbol üzrə Avropa çempionatının kuboku təqdim edilib

Oktyabrın 2-də Azərbaycanın “Milan Expo 2015” Ümumdünya sərgisində iştirakı çərçivəsində “SOCAR günü” keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti, ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov, nüfuzlu enerji şirkətlərinin rəhbərləri, iş adamları və jurnalistlər iştirak ediblər.

Əvvəlcə “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (“UEFA-2016”) kuboku qonaqlara və futbol azərkeşlərinə təqdim edilib. “UEFA-2016” da daxil olmaqla Avropanın milli yığma komandaları arasında keçiriləcək bütün yarışların rəsmi sponsoru olan SOCAR UEFA tərəfindən dəstəklənən ədalətli oyun prinsipləri və qarşılıqlı hörmət dəyərləri ilə daha dayanıqlı dünya üçün atılan addımlar arasındakı vəhdəti vurğulayaraq futbol üzrə Avropa çempionatının əsas mükafatı olan kuboku “Milan Expo 2015” Ümumdünya sərgisində nümayiş etdirməkdən məmnun olduğunu bəyan edib. Gələn il Fransada keçiriləcək “UEFA-2016”-nın qalibinə təqdim ediləcək kuboku görmək futbolsevərlər üçün nadir fürsətdir. Kubokun Milanda təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq qarşılaşmaya cəlb etmək məqsədi daşıyır.

Daha sonra “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu ilə tanışlıq olub. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Biomüxtəlifliyin xəzinəsi” adlı pavilyon vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyi təqdim edilir. Milli pavilyonumuz sərginin iştirakçı ölkələri arasında ziyarətçilər tərəfindən ən çox bəyənilən pavilyonlar sırasındadır.

“SOCAR günü”ndə qonaqları salamlayan R.Abdullayev “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonuna ziyarətçilərin böyük maraq göstərməsinin, ölkəmizi yaxından tanımaq imkanı əldə etməsinin sevindirici hal olduğunu bildirib. Ölkəmizdə futbolun ən sevilən idman növlərindən olduğunu deyən SOCAR-ın prezidenti növbəti illərdə “UEFA-2016”-nın kubokunun Azərbaycan yığmasının qazanması arzusunu dilə gətirib.

Azərbaycanın sürətli iqtisadi inkişafını, əldə etdiyi uğurları, regionlarımızın tərəqqisini əks etdirən videoçarxın nümayiş olunduğu tədbir Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”nun konsert proqramı ilə davam etdirilib.(sia.az)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır