!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Millətin pasportu”nu hazırlayan azərbaycanlı – Gör-götür

!Reklam – Yazi

1454668670_yasin-keramikaYASİN XƏLİL: “İSTƏRDİM Kİ, EVLƏRDƏ MEBELLƏRİ BÜLLUR QABLAR ƏVƏZİNƏ KİTABLAR BƏZƏSİN”

…Deyir ki, tarixdə qalan keramikadır, millətin tarixi bununla ölçülür. Arxeoloji qazıntılarda keramika, saxsı nümunələr axtarılır. Elə buna görə də millətimizin tarixini yaşatmaq istəyir. 30 ildir ürəyində gəzdirdiyi arzusunu nəhayət, bu il reallaşdırıb. Azərbaycan milli obrazlarını, adət-ənənələrini, milli geyimlərini, tarixi şəxsiyyətlərini özündə ehtiva edən keramik suvenirlər hazırlayacaq sex açıb. Sevindiricidir ki, bu sexdə hazırlanan son dərəcə gözəl, səliqəli, zərif, keyfiyyətli, hər bir nöqtəsindən millilik yağan məhsullar Azərbaycanla yanaşı, dünya bazarına da çıxarılacaq…

Yasin Xəlil

Azərbaycanı bu qədər sevən, millətimizin tarixini yaşatmaq istəyən insanın görüb-götürülməli tərəfi o qədərdir ki… İstədik, siz də yaxından tanıyasınız.
Həmsöhbətimiz 12 il Azbentonit MMC-yə rəhbərlik etmiş kimyaçı-texnoloq, texniki elmlər namizədi, 60-dan çox elmi məqalənin, 7 ixtira patentinin, ali məktəblər üçün 3 dərsliyin müəllifi Yasin Xəlildir…

– Milli keramikamızın inkişafı üçün xeyli işlər görmüsünüz. Necə oldu, belə bir iş qurmaq qərarına gəldiniz?

– Mənim ixtisasım şüşənin, yoldaşımın ixtisası keramikanın kimyəvi texnologiyasıdır. Sənətin texnologiyasını, incəliyini bilmədən onu sevmək çətindir.
Ulu Öndərin vaxtında yoldaşımla Rusiyada oxumağa göndərildik. Çünki ölkəmizdə o vaxt da bu sahədə mütəxəssis çox az idi. O vaxtdan həyat yoldaşımla birlikdə beynimizdə belə bir ideya olub. Tələbəlik vaxtından kolleksiya yığmağa başladıq. Ad günlərimizdə bir-birimizə keramikadan hədiyyəliklər (suvenirlər – L.M.) bağışlayırdıq. Dostlarımız da bunu bildiklərindən onlar da bu cür hədiyyələrlə bizi təbrik edirdilər. Hansı xarici ölkəyə gedirdiksə, müxtəlif keramik hədiyyəliklər alırdıq. Hazırda kolleksiyamızda iki minə qədər hədiyyəlik var.

Keramikadan hədiyyəliklər istehsal etmək 30 ilin ideyasıdır. Son illər ölkəmizdə turizmin inkişafı ilə əlaqədar bu ideyanın üzərində daha da möhkəm dayandıq.

– Bəs maliyyə problemini necə həll etdiniz? Çünki binanı tikmək, texnika almaq, xammal əldə etmək və işçiləri saxlamaq az maliyyə tələb etmir…

– Dostlarımız sağ olsun, onların köməyi ilə maliyyə problemimizi həll etdik. Bundan başqa, illərlə halal zəhmətimizlə qazanaraq topladığımızı buraya qoyduq. Bir il bundan əvvəl bu binanın tikintisinə başladıq. Qəlibləri, modelləri hazırlamaq, mütəxəssisləri tapmaq, avadanlıqları əldə etmək… Bir il ərzində çox çətin yollardan keçdik və sonda bacardıq.

– Kömək üçün hökumətə müraciət etməmisiniz?

– Etməmişəm. Düzdür, görüşdüyümüz adamların yanında ən azı mənəvi dəstək hiss etmişik. Bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ilə də görüşümüz olub. İşimizi çox böyük sevgi, fərəhlə qarşıladılar. Rayon rəhbərliyi rəsmi açılış keçirməyi planlaşdırır.

Əslində, dövlətdən umacağımız olacaq. Əl sənəti qonşu ölkələrdə bütün vergilərdən, hətta işıq pulundan da azaddır. Düşünürəm ki, dövlət min manat işıq pulunu bir sexə keçə bilər. Çünki milliliyimizi özündə ehtiva edən sənəti başqa cür yaşatmaq mümkün deyil.

– Mütəxəssisləri haradan tapdınız?

– Bizdə ənənə zəif olduğuna görə mütəxəssis tapmaqla bağlı problemlərimiz oldu. Bir ili gecə-gündüz işlədik. Paralel olaraq kadrlarımızı yığdıq. Bu sahədə olan nadir kadrları bir yerə cəmləmək çox çətin oldu. Gəncədə Farfor Zavodunun köhnə işçilərindən tapdıq. Bakıdakı köhnə Saxsı Qablar Zavodu ilə əlaqə saxladıq, Rəssamlıq Akademiyasında olduq.

– Yəqin keramika ilə kağızın, kətanın üzərində boya ilə işləmək fərqlidir…

– Əlbəttə. Keramikanın üzərində rəsm çəkmək spesifik, incə işdir. Hər adamın əli keramikada tutmur. Bir neçə rəssam bizimlə işləmək istədi, amma bacarmadıqlarına görə getməli oldular. Hesablamalısan ki, keramika üzərində çəkdiyin göz sobada bişəndən sonra nə qədər yığılacaq.

– Niyə məhz keramika?

– Bizim sexin baş rəssamı deyir ki, keramika millətin pasportudur. Tarixdə qalan keramikadır. Arxeoloji qazıntılarda keramika, saxsı nümunələr axtarırlar. Millətin tarixi bununla ölçülür.

Turistlər ölkəmizə gələndə hərəsi bir hədiyyəlik alıb aparmaq istəyir. Hər turistə bir keramika nümunəsi verməklə dünyaya çıxırsan. İşçilərimizin də qarşısında belə bir ciddi şərt qoymuşuq ki, nə edəcəyiksə, onda milli ruh olmalıdır. Kinolarımızdakı maraqlı obrazları, tariximizdən dahi şəxsiyyətlərimizin, sərkərdələrimizin, dövlət adamlarımızın obrazlarını yaradacağıq, tarixi məkanlarımızı, mətbəximizi, adət-ənənələrimizi keramikaya gətirəcəyik, xalça ornamentlərini, milli geyimlərimizi keramikaya gətirmək istəyirik. Hər bir hədiyyəliyin üstündə rəssamlarımız tək-tək əllə işləyir. Ən müasir texnologiya ilə alınmış min illər solmayan dayanıqlı rənglərdən istifadə edirik. Keramikada olan bütün müasir, qədim ənənələrin hamısını göstərmək istəyirik.

– Nə vaxt bazara çıxmağı düşünürsünüz?

– Bu günlərdə bazara çıxmağı planlaşdırırıq. İşimizi də bazarın tələbatına uyğun quracağıq. Cənab prezidentin sahibkarlara ciddi dəstəyi hiss olunur. Prezident çağırış edirsə, ürəyində az da olsa sahibkarlıq həvəsi olan adam işə girişməlidir. Çünki ölkəni ən çətin vəziyyətdən həmişə sahibkarlar xilas edib. Həmişə deyirəm, bazis deyilən bir şey var, bu iqtisadiyyatdır, qalan üst qurumdur. İqtisadiyyat inkişaf edəndən sonra qalan işləri onun üzərində dirçəltmək mümkündür. Hesab edirəm ki, bu işimizlə dövlətə, millətə faydalı iş görmüş olacağıq.

– Orta statistik azərbaycanlı sizin hazırladığınız məhsullardan ala biləcəkmi?

– Təbii ki, biz qiymətləri nəzərə alacağıq. Ağlımıza gələn qiymətləri qoymaq fikrimiz yoxdur. Yeganə arzum odur ki, əldə etdiyimiz pulla heç olmasa rəssamların maaşını verə bilək.

Düşünürəm ki, hər evdə milli keramika nümunəsi olmalıdır. Bir şey ki, beş dəfə 1200 dərəcə temperaturda olan sobaya girib çıxır, onda dəhşətli dərəcədə enerji akkumulyasiya olunur. Bu enerji hər evdə paylaşılmalıdır. Mən hələ bunun müalicəvi əhəmiyyətindən danışmıram…

– Deyəsən, suvenirləri xaricə də ixrac etməyi planlaşdırırsınız…

– Biz öz çinimizlə, saxsımızla tərkib baxımından əcnəbiləri təəccübləndirə bilmərik, çünki onlar bizdən çox qabaqdadırlar. Amma bizim naxışlar təkrarolunmazdır və o naxışlarla istənilən Avropa ölkəsinin bazarını rahat şəkildə tuta bilərik. Avropa ölkələrində kütlə tərəfindən incəsənətə daha ciddi yanaşma var. Almaniya, Rusiya, İsveçrə, İstanbul, İranla işləməyi planlaşdırırıq. Beynəlxalq sərgilərdə iştirak etməyə çalışacağıq. Hesab edirəm ki, milli keramikamızı bu cür tanıdacağıq.

– İşçi heyətiniz o qədər də çox deyil, 15-ə yaxındır. Hər bir qabın üzərində tək-tək işləndiyini nəzərə alsaq, bu qədər işçi heyəti ilə bazarın tələbatına cavab vermək çətin olmayacaq ki?

– Etiraf edim ki, bazarın tələbatını ödəməkdə çətinliyimiz olacaq. Çünki tələbat böyükdür. Düşünürəm ki, bizə baxıb bu cür şirkətlər yaranacaq və bu, rəqabətə gətirib çıxaracaq. Rəqabət olan yerdə isə keyfiyyət qaçılmazdır. Bu iş elədir ki, diqqətimizi məhsulun sayına yönəltsək, keyfiyyətdən uzaqlaşacağıq. Rəssama deyə bilmərəm ki, hər gün 50 çarığın üzərinə naxış vur. Burada elə bir şərait yaratmışıq ki, işçilər istədikləri vaxt istirahət etsinlər. Düşünürəm ki, yaradıcı işdə insanları sıxmaq olmaz.

– Yasin müəllim, kimya sahəsində kifayət qədər uğurlarınız var, yeddi ixtira patentinin müəllifisiniz. Bu ixtiralardan hazırda istifadə olunanı varmı?

– Dörd ixtiram Rusiyada aspiranturada oxuyarkən ərsəyə gəlib. Onlardan üçü Permdə Metallurgiya Zavodunda hazırda da tətbiq olunur. Zavodda istehsal edilən qaz, elektrik sobalarının mina örtükləri, emal işləri mənim ixtiralarım əsasında aparılır.

Azərbaycanda seolit yatağı var. Seolitin sənayeyə tətbiqi ilə bağlı 3-4 patentim var.

İlk dəfə Azərbaycanda antibakterial spatliyovkaların əsasını qoymuşam. Belə bir şey dünyada yoxdur. Bu şpatliyovkanı divara çəkəndə otağa heç bir bakteriya, mikrob yığışmır.

İlk dəfə Azərbaycanda xüsusi yapışqan olan dekstrinin əsasını qoymuşam. Nəşriyyatlarda kitabların yapışdırılması əvvəllər yalnız bu məhlulla aparılırdı. İndi başqaları da çıxıb, amma bu texnologiya da işləyir.

1994-cü ildə Rusiyada təhsil alıb Azərbaycana qayıdandan sonra yazı təbaşirinin istehsalına da başladım. O dövrlər yazmağa təbaşir tapılmırdı. Mahirə xanımla birlikdə evimizi-eşiyimizi dekstrin yapışqanı və təbaşir istehsalı ilə qurduq. Bir neçə il Azərbaycanı təbaşirlə biz təmin etdik. Bir az ağır iş idi, amma halal yolla pulumuzu qazanırdıq.

Azbentonit MMC-də Azərbaycanda ilk dəfə kalsit istehsalını mən qurdum.

Doğrusu, 500-ə yaxın patentlik işim var. Sadəcə, bunları patentləşdirməyə vaxt yoxdur.

Mən həmişə həftənin bir gününü laboratoriyada keçirməyə çalışmışam. Çünki laboratoriyada olmasam, ortaya yenilik çıxmır.

– Bildiyimiz kimi, iqtisadiyyatımız neftin üzərində qurulub. Amma neftin qiymətinin bazarda birdən-birə düşməsi qeyri-neft sektorunu inkişaf etdirməyin qaçılmaz olduğunu ortaya qoydu. Bu baxımdan kimya sahəsində hansı işlər görmək olar?

– Bu sahədə iqtisadiyyatımıza bəhrə vermək üçün həddindən artıq böyük imkanlarımız var. Tovuz rayonunda böyük seolit yatağı var, amma istifadəsizdir. Qeyd edim ki, seolitdən bir çox məhsulun tərkibində, məsələn, yağların təmizlənməsi, üzvü yuyucu tozların hazırlanmasında istifadə edilir. Böyük gips yataqlarımız var. Qazaxda nəhəng daş yatağımız var.

Kimya sahəsində xammal bazası minlərlədir. Qazaxın Daşsalahlı kəndindəki bentonit yatağı dünyada ən böyük 3 yataqdan biridir. Düzdür, istifadə olunur, amma o səviyyədə deyil. Məsələn, neft quyularımızın qazılmasında bizim bentonitimiz demək olar, istifadə edilmir.

Bentonitdən 200 növ məhsul almaq mümkündür. Qadınların işlətdiyi ənlikdən tutmuş, dərman preparatlarına qədər bir çox məhsulların tərkibində istifadə edilir. Bentonit bütün Rusiyanın metallurgiyasında geniş istifadə olunan materialdır. Sahibkarlar üçün böyük perspektivlər var. Bir sözlə, imkanlarımız, potensialımız, əmək resurslarımız yetəri qədərdir. Daşdan pul çıxara bilən adamlarımız var. Hesab edirəm ki, bir-iki il çətinliyimiz olacaq. Dövlətin sahibkarlara dəstəyi bu səpkidə davam edəcəksə, Azərbaycan yaxın gələcəkdə böyük nailiyyətlərə imza atacaq.

– Yasin bəy, kimyaya olan məhəbbətinizdən danışıb şeirə, qəzələ olan sevginizdən danışmamaq günah olardı. Kimya hara, qəzəl hara?

– Balaca vaxtı şeir yazmışam. Rusiyada qaldığım dövrlərdə hərdən azərbaycanlı uşaqlar bir yerə yığışanda şeir deyərdim. Yenidən şeirə qayıtmağım tam təsadüf nəticəsində oldu. Bir dəfə təsadüfən Əliağa Vahid adına bağdan keçirdim, Vahid Poeziya Evində televiziyalardan tanıdığım qəzəlxan Həkim Qənini gördüm. Mən də onlara qoşuldum. Şeir deyirdilər. O vaxt əruz vəznində bir beyt də yazmamışdım. Amma məclisdən ilhamlanaraq mən də bir beyt dedim. Həkim Qəni haradan olduğumu soruşdu və Ənvər Nəzərliyə (ustad qəzəlxan Ənvər Nəzərli – red.bakuinfo.az) tapşırdı ki, mənimlə məşğul olsun. İki il ərzində heç kim əruzu mənə öyrətmək istəmədi. Kimdən soruşdumsa, dedilər ki, özün oxu, öyrənəcəksən. Amma hiss edirdim ki, yaza bilərəm. Axırda qəzəlxan Əvəz Qurbanlının sayəsində əruz vəznini öyrəndim.

– Yəqin gözəl qəzəllər yaza bilməyinizdə Şamaxıda doğulub boya-başa çatmağınızın, oranın suyundan içməyinizin də rolu var…

– Ana babamın babası Şamaxıda tanınan sufilərdən olub. Hər şeyin başında eşq durur. Bir şeyi sevin, əl çəkməyin, Allah sizi mükafatlandıracaq. Deyirlər, imamlarla sufilərə gizli biliklər verilib. Elə o sevgiyə görə verilib. Onlar Allaha o qədər vurğundular ki, Allah onları mükafatlandırıb. Bəlkə də babamın babasının Allahdan aldığı mükafatdan bizim də payımıza düşüb…

– Ötən ilə qədər Azbentonit MMC-nin direktoru kimi çalışmısınız. 12 il bu vəzifəni icra etmisiniz. Eşitdiyimizə görə, o qədər gözəl idarəçi olmusunuz ki, işçiləriniz sizin işdən ayrılmağınızı istəmirmiş…

– 2003-cü ildən 2015-ci ilə qədər Azbentonit MMC-də gözəl bir kollektiv yaratdım, onların maaşlarını vaxtlı-vaxtında verdim. Heç vaxt iş otağımın qapısını bağlamadım, üzərinə qəbul saatlarımı yazmadım.

Bu gün Azərbaycanda çoxlu beton, yaxma, boya zavodları var ki, orada mənim zamanımda Azbentonit Zavodunun laboratoriyasında yetişən işçilər çalışır.

– Həmişə gənclərlə çalışmısınız. Həm əvvəlki iş yerinizdə, həm də indi. Memarlıq və İnşaat Universitetində də dərs deyirsiniz. Gənclərimizdə nəyi görmək istərdiniz?

– Harada işləməyimdən asılı olmayaraq, hər zaman qadınlara və gənclərə üstünlük vermişəm. Düşünürəm ki, kollektivdə bacarıqlı qadın və gənclər çox olmalıdır. İstərdim ki, evlərdə mebelləri büllur qablar əvəzinə kitablar bəzəsin. Kitab insanı saflaşdırır. Digər millətlərdən o qədər də qabaqda deyilik, çoxundan geriyik. Çünki kütlə olaraq kitab oxumayan millətik. Rusiyada metroda, avtobusda kitabsız adam görməzsən. Oxuyanımız çox olsa, bu qədər şairmiz, yazıçımız olmaz. Gənclərə tövsiyə edərdim ki, bacardıqları qədər çox oxusunlar.(kaspi)

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv