yenicag.az
yenicag.az

Milli Məclis sabah ilk iclasına toplaşacaq – TƏCİLİ

Milli Məclis sabah ilk iclasına toplaşacaq – TƏCİLİ

Müəllif: Redaktor

Editor

milli_mejlisssazer3314Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sabah Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərinin nəticələrini yoxlayaraq müvafiq qərar qəbul edəcək.

Elə sabah həm də V çağırış Milli Məclisin ilk iclasının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ötən həftə seçkilərin yekunları ilə bağlı sənədlərə baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, MSK yalnız bir dairədə – 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsini ləğv etmişdi. Həmin dairədə “Azəriqazbank”ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elən edilmişdi. Əgər Konstitusiya Məhkəməsi əlavə dairələrdə də seçkinin nəticələrini ləğv etsə, onda təkrar seçki keçirilən dairənin sayı 1 yox, bir neçə ola bilər.

Konstitusiya Məhkəməsinin sabahki iclası tezdən saat 09:30-da başlayacaq. Milli Məclisdəki mənbədən Modern.az saytına bildirilib ki, noyabrın 24-də səhər saatlarında Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcək, günorta saatlarında isə V çağırış Milli Məclisin ilk iclası çağırılacaq.

Xatırladaq ki, Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi göstərilən sənədləri ona təqdim olunandan sonra 10 gün müddətində yoxlayır.

Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Konstitusiyanın 88-ci maddəsinin I bəndinə əsasən, Milli Məclisin yeni seçilmiş 83 deputatının səlahiyyətləri təsdiqlənəndən sonra bir həftədən gec olmayaraq parlamentin ilk iclası keçirilməlidir.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.

Modern.az saytının məlumatına görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.

Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək…(modern).

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti