!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milyonluq villaların izi ilə - Məmur bağlarından reportaj - Fotolar

!Reklam – Yazi

Paytaxtımızda kasıb təbəqədən fərqli olaraq, sözün həqiqi mənasında, varlıların dəyəri milyonlarla ölçülən villaların alıb-satması məlum məsələdir. Təbii ki, ölkəmizdə bahalı villaları yalnız məmurlar tikə bilər. Nadir hal olar ki, böyük iş adamının milyonluq villası olsun. Beləliklə, ötən həftədən milyonluq villaların sahiblərinin sorağına düşüb, araşdırmalara başladıq. Hətta “Milyonluq villaların anonim sahibləri” adlı yazı da dərc etdik. Oxucuların maraqlarını nəzərə alaraq, mövzunu davam etdirdik.

Müəyyən çətinliklərlə üzləşməyimizə baxmayaraq, milyonluq dəyəri olan iki villanın sahibləri haqqında az da olsa məlumat əldə edə bildik. Onların məmur deyil, biznesmən olduğu bəlli oldu. Birinin Moskvada, digərinin isə Amerikada böyük iş adamı olduğu bildirildi.

Vidadi Zeynalovun qapısı bağlı villası

Daha sonra eyni ünvanda, yəni “Milyonerlər məhəlləsi” deyilən ərazidə qarşımıza Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri işləmiş, hazırda isə həbsdə olan Vidadi Zeynalovun milyonluq villası çıxdı. Evin qapısının bağlı olduğunu gördük.

Başqa bir villanın tikintisini aparan ustadan orada yaşayış olub-olmadığını soruşduq. O isə heç bir məlumatının olmadığı söylədi:

“Mən sizə heç bir söz deyə bilmərəm, inciməyin. Hətta tikdiyim evin sahibinin belə kim olduğunu deyə bilmərəm. Niyə bir parça çörəyimə bais olum ki?”.

Həmin küçəni bir az dolaşdıq. Ancaq orada heç kimi görə bilmədik. Adı “milyonerlər məhəlləsi” olsa da, özü susqun qəbiristanlığa oxşayırdı.

Rövnəq müəllim küknar ağaclarını sevir

Araşdırmalarımıza ara vermədən yolumuzu Görədil bağları massivində satışda olan bağ evlərinə saldıq. Alıcı kimi ev axtarışına çıxdıq. Maklerlərə alıcı kimi müraciət edib, bağ evi almaq istədiyimizi bildirdik. Onlar isə bir neçə ev göstərir. Heç bir evi bəyənmədiyimizi və digər satışda olan evləri göstərməsini xahiş etdik. Digər evlərə baxmaq üçün başqa küçə ilə yolumuzu davam edəndə uzaqdan ətrafı küknar ağacları ilə əhatələnmiş bir bağ evi gözümə dəydi. Onu maklerə göstərib, satılıq olub-olmadığını soruşduq.

Makler isə satılıq olmadığını və məmur evi olduğunu bildirdi:
“Yox, o ev satılmır. Bir məmur var, onun evidir”.

Evin sahibi barədə bir neçə dəfə öyrənməyə cəhd etsəm də makler ad çəkməkdə tərəddüd etdi. Sonra israrımızı görüb, dilləndi:

“Gördüyünüz o bağ Rövnəq Abdullayevindir. O tərəfə getməyək, ətrafda kameralar var. Hər tərəf nəzarətdədir, mən çəkinirəm getməyə. Sizə də getməyi məsləhət görmürəm . Kameralar çəkər, sonra başınız ağrıyar. Ancaq onu deyim ki, o ev satışda deyil. Satışa çıxarılsa milyonlarla qiymət qoyular”.

Biz isə onun dediklərinə məhəl qoymayıb, evə tərəf getdik. Həqiqətən də ətrafı kameralarla zəngin idi. Oradan bir qədər uzaqlaşmışdıq ki, başqa bir küçədə nəhəngliyi ilə bizi özünə cəlb edən daha bir villa ilə qarşılaşdıq. Dəyəri milyonlarla ölçülən villa çox möhtəşəm görünürdü. Həmin villanın da kimə məxsus olduğunu soruşduq.

Nazirin tikinti biznesinə baxan qohumu Əbülfəz adlı şəxsin milyonluq villası

Evləri göstərən makler “bu ev də elə -belə kişinin deyil ha…”, – deyə bildirdi:

“Bu evin sahibi Azərbaycanın ən nüfuzlu nazirlərindən birinin qohumu Əbülfəzindir. Onun burda 10-dan çox həyətyanı sahələri var. Özü də çox imkanlı adamdır, həm də ev tikintisinə baxır. Villasının qiyməti isə ən az 5-6 milyon olardı. Hətta bu küçəyə ad da alıb. Küçənin adı “Əmirhüseyn meydanı”dır”.

Makler sonda “sən Allah, elə bilin ki, mən sizə heç nə deməmişəm. Bunların heç birindən xəbəriniz yoxdur”,- deyə söylədi.

Biz isə axşama doğru olduğu üçün onunla sağollaşıb ayrıldıq.

Azad
Yeniçağ.az

www.yenicag.az

1055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv