www.sinerjipro.net

SinerjiProWide
Reklam

Mayın 26-da Mingəçevir Dövlət Universitetində “Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda tələbə-gənclərlə görüş keçirilib. Tədbir “Zərdabi Mətbuat Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsindəki sayca ikinci toplantıdır.

Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev açaraq təmsil olunduğu ali məktəbin tarixindən, hazırkı fəaliyyət istiqamətlərindən danışıb. O, medianın ictimai həyatdakı roluna toxunaraq bildirib ki, MDU ictimaiyyətlə, o cümlədən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına böyük önəm verir.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov Mingəçevirdə ölkəmizin bütün bölgələrində olduğu kimi, medianın missiyaya həssaslıqla yanaşıldığını vurğulayıb. H.Kərimov şəhərdə istər qəzet və jurnalların, istərsə də telekanalların sərbəst fəaliyyətinə hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. İH başçısının müavini həmçinin bildirib ki, tələbə-gənclər də daim axtarışda olmaq keyfiyyətləri ilə müəyyən mənada jurnalistlik missiyası yerinə yetirirlər. “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətini onlara dəstək baxımdan yüksək qiymətləndirən H.Kərimov toplantının işinə uğurlar arzulayıb.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə rəhbəri olduğu layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət testi tətbiq edilir. Bu, jurnalistikanın ixtisaslaşmasına dəstək məqsədi daşıyır. Əvvəllər ancaq humanitar sahəni bitirən bakalavrlar magistr pilləsində jurnalistikanı seçə bilirdilərsə, hazırda bu məhdudiyyət aradan qaldırılıb. Mövcud prosedurun prinsipial tərəfi ondan ibarətdir ki, əgər iqtisadiyyat sahəsini bitirən gəncin yazı yazaraq özünü ifadə etmək potensialı varsa, o bu qabiliyyətini media müstəvisinə daşıya bilsin. “Məsələn, bakalavr pilləsini iqtisadiyyat, yaxud kənd təsərrüfatı sahəsi üzrə bitirən gənc öz sahəsinin mütəxəssisidir. Jurnalistikamıza isə belə gəncin yaradıcılıq məhsulu lazımdır. Layihəmiz sizlər arasında bu məqamı təbliğ etməyə yönəlib. Buna görə mətbuatımızın keçdiyi yola, onun ictimai missiyasına, müasir mediamızdakı tendensiyalara diqqət yetirəcəyik. Mövzu ilə bağlı suallarınızı da cavablandırmağa hazırıq. Bir daha bildirim ki, layihəmiz sizləri, yəni tələbə-gəncləri jurnalistikaya stimullaşdırmaq məqsədi daşıyır. Əlbəttə, seçim sizindir. Ancaq biz istərdik ki, siz gələcəkdə magistr təhsili almaq istəyərkən jurnalistikanı da seçmək barədə düşünəsiniz”, -deyən R.Hüseynzadə bunun üçün nəzərdə tutulan qabiliyyət imtahanının xüsusiyyətləri barədə də ətraflı məlumat verib.
Layihənin eksperti, «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərlə, qloballaşma dövründə medianın funksiya və vəzifələrilə, həmçinin ənənəvi mediadan onlayan mediaya keçiddə meydana çıxan xarakterik vəziyyətlərlə bağlı məruzə edib. F.Nəbiyev Azərbaycan dövlətinin qeyri-ixtisas sahiblərinin özlərini jurnalistikada sınamaları üçün olduqca vacib mexanizm tətbiq etdiyini bildirib. “Bu yolla humanitar sahəyə aid olmayan şəxslərin də jurnalist kimi özlərini təsdiqləməlırinə, peşənin incəliklərinə daha yaxından bələd olmalarına gözəl şərait yaranıb. İstərdim ki, sizlər də bu şəraitdən faydalanasınız”, – deyə o vurğulayıb.

Layihənin digər eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyin sədri Seymur Verdizadə çıxışında diqqəti Azərbaycan mediasındakı xakaraterik cəhətlərə çəkib. O bildirib ki, internetin sürətlə inkişaf etdiyi hazırkı şəraitdə hər kəsin özünü jurnalist kimi göstərməsinə imkan var. Ancaq bu o demək deyil ki, vəziyyətdən sui-istifadə meylləri yoxdur. “Belə hallar kifayət qədərdir. Əlbəttə, Mətbuat Şurasının fəaliyyəti timsalında mediadan sui-istifadələrə qarşı effektiv ictimai qınaq mexanizmi tətbiq edilir. Lakin ictimai qınağı bir qurumun fəaliyyəti çərçivəsində aparmaq yetərsizdir. Ümumən cəmiyyət aktiv olmalıdır. Bu gün Azərbaycan dövləti imkan yaradır ki, peşəkarlar jurnalistikaya gəlsinlər. Öz sahələrinin peşəkarlarının jurnalistikada özlərini təsdiqləmələrinə də şərait yaradılır. Bu layihə sizləri həmin imkandan yararlanmağa səsləyən təşəbbüsdür”, – deyən S.Verdizadə fikrinə aydınlıq gətirib.

Toplantıda çıxış edənlərdən MDU-nun Tələbə-gənclər təşkilatının sədri Rəşad Qurbanov, MDU-nun III kurs tələbəsi Rəşad Məmmədov və başqaları ekspertlərə media fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı suallar ünvanlayıblar. MDU-nun müəllimləri Nizami Zeynalov və İlham Səlimov da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 222
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."