!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mircəfər Bağırov qibləsizlər qəbiristanlığında dəfn edildi – OĞLUNUN YANINDA - Fotolar +Video - EKSKLÜZİV

!Reklam – Yazi

Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında 60 il sonra dəfn edilmiş sovet Azərbaycanının sabiq lideri Mircəfər Bağırov təkrar torpağa tapşırılıb.

Bu barədə Yenicag.az-a Mircəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov məlumat verib.

Hazırda 76 yaşı olan Məmmədtağı Bağırov ömrünün böyük hissəsini Mircəfər Bağırovun həyatının tədqiqatına, Azərbaycanın keçmiş I katibi haqqında yayılan həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilməsinə həsr edib.

Mircəfər Bağırovun təkrar dəfni haqqında danışan Məmmədtağı Bağırov Yenicag.Az-a bunları deyib:

“Təəssüf ki, Mircəfər Bağırov haqqında reallıqdan uzaq məlumatlar uzun illər boyunca həqiqət kimi cəmiyyətə təqdim olunub. Belə iddialar irəli sürülüb ki, guya Mircəfər Bağırov məhkəmədən sonra güllələnməyib, uzun illər Sibirdə yaşayıb və orda da vəfat edib.

Hətta Ədalət Tahirzadə adlı özünə araşdırmaçı deyən şəxs yaşlı bir adamın şəklini “Mircəfər Bağırovdur”, deyə paylaşıb. Eyni zamanda, sonra Azərbaycanın I katibi olmuş İmam Mustafayev də Moskvanın istəyinə uyğun olaraq, babam haqqında məlumatların saxtalaşdırılmasını təşkil edib.

1953-cü ildə Stalinin ölümündən sonra Mircəfər Bağırov I katib vəzifəsindən azad olunur, təqribən 1 il Kuybışevdə (indiki Samara – red.) rəhbər işdə çalışır. 1955-ci ildə həbs olunur, məhkəməsi keçirilir və 1956-cı il aprelin 26-da onun barəsində güllələnmə hökmü çıxarılır. Hökmdən təqribən bir həftə sonra – mayın 5-də hökm icra olunur və Mircəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur.

Mircəfər Bağırovun ailə üzvlərinin uzun müddət bundan xəbəri olmayıb. Yalnız hörmətli şəxslərdən birinin – onun adını hələlik çəkməyəcəm – zəhməti sayəsində Mircəfər Bağırovun məzarı müəyyən edilib. Yenə də həmin şəxsin vasitəçiliyi əsasında Mircəfər Bağırovun yenidən dəfn olunmasına icazə verilib.

Mən Mircəfər Bağırovun kiçik oğlu Cenlə dəfələrlə görüşmüşəm. O, deyirdi ki, Mircəfər Bağırov Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olmuş oğlu Cahangirin yanında dəfn edilməyi arzulayırmış. Ona görə də babamı bu vəsiyyətinə uyğun olaraq, 2016-cı il oktyabrın 6-da Beynəlmiləl qəbiristanlıqda, Cahangirin yanında (həm də onun ad günündə – red.) dəfn etdik.

Sizə maraqlı bir məqamı da deyim. Bu qəbiristanlıqda dəfn olunan müsəlmanların əksəriyyətinin məzarı İslam dininin qaydalarına zidd olsa da, Cahangirin, Mircəfər Bağırovun böyük qardaşı Mir-İbrahim Bağırovun qızı Teybə xanımın, Bağırovun birinci xanımı, Cahangirin anası Məryəm xanımın və Cahangirin özünün məzarı üzü qibləyədir.

Bax, bu skamyanı da burada Cahangirin dəfnindən sonra Mircəfər Bağırov özü quraşdırıb.

Mənim əsas istəyim odur ki, Mircəfər Bağırov haqqında yayılan yalan məlumatlara aydınlıq gətirilsin, ona böhtan atılmasın. Həyatımı bu işə həsr etmişəm, bundan sonra da fəaliyyətimi davam etdirəcəm”.

A.Zeynalov

Foto-Video: Cəmalə Əlizadə

Yenicag.Az

www.yenicag.az

9197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv