!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monopolist deputat xalqı təhqir etdi: “…çörəkdən heyvan yemi kimi istifadə edənlər…”

!Reklam – Yazi

img16551751Əsabil Qasımov: “Nəyim varsa, ya mənim adımadır, ya da oğlumun”

Manatın ucuzlaşmasından sonra un bazarında da ajiotaj yaşanır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının qida rasionunda çörəyin çəkisi daha çoxdur, bu mənada unun, ardınca da çörəyin bahalaşması kasıb təbəqənin qayğılarını daha da artırıb. Vəziyyətlə bağlı ölkədə un bazarına nəzarət etdiyi bildirilən şirkətin – “Karat Holdinq” MMC-nin rəhbəri, deputat Əsabil Qasımovla danışdıq.

Düzdür, müsahibə asan başa gəlmədi, təsadüfən görüşümüzdən özü də çətin vəziyyətə düşən deputat əvvəlcə qəzetimizin yazdıqlarından şikayətləndi. Lakin onunla bağlı yazılara münasibətini öyrənmək üçün həmkarlarımın günlərlə cəhd göstərdiyini deyəndən sonra vəziyyətlə bağlı danışdı. Mübahisələrlə və kifayət qədər ziddiyyətlərlə zəngin müsahibəni olduğu kimi təqdim edirik.

– Əsabil bəy, ölkədə unun bir kisəsinin qiymət hətta 27 AZN-ə qalxıb, bu, ədalətlidirmi?

– Biz 27-yə satmırıq. Əvvəla, bütün zavodlar 25.50-26 manata satır. Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb. Əslində baha satılmalıdır, ancaq satılmır.

– Ancaq devalvasiyadan qabaq unun kisəsi 18 manat idi. Nəzərə almaq lazımdır ki, əhalinin gəlirləri artmayıb…

– Bəli, un 18.50-yə, yaxud 19 AZN-ə idi. Təbii ki, keyfiyyətindən asılı olaraq. Əvvəllər, yəni 18.50 AZN-i 1.05-ə bölürdük, edirdi 17.60 AZN. İndi bunu 1.56-ya vurmalıyıq – 27.48 olur. Əvvəlki qiymətlə müqayisədə vəziyyət belə olmalıdır.

– Bu gün unu nə qədər aşağı satmaq mümkündür ki, həm əhaliyə, həm də sizə sərfəli olsun?

– Bazar iqtisadiyyatı şəraitində konkret qiymət demək mümkün deyil. Bazar özü qiyməti tənzimləyir. İstəsən də çox yuxarı qiymətə sata bilməzsən. Ancaq bu gün qiymətlər uyğun qiymətdir.

– Qonşu ölkələrlə müqayisədə bizdə un baha deyilmi?

– İqtisadi İnkişaf Nazirliyinə bu barədə rəsmi məlumat da vermişik. Bizim Gürcüstan və Qazaxıstanda un zavodlarımız var. Bu zavodlarda, məsələn, Gürcüstanda bir kisə unun qiyməti 28 manatdır. Yəni 43 laridir, bunu dollara bölün, orda kurs 2,4-dür. Bu da 17,91 dollar edir. Bunu da 1,55 AZN-ə vurun, 27,77 AZN edir. Demək, onlarda unun qiyməti bizdən bahadır.

– Azərbaycanla müqayisədə Gürcüstanda taxıl istehsalı az ola bilər. Amma Azərbaycan prezidenti də dedi ki, bizim yerli istehsalımız var, demək ən azı, bu məhsullarda kəskin artım olmamalıdır, deyilmi?

– Yerli istehsal var. Amma indi dekabr ayıdır. Yerli istehsal ölkəni 100 faiz təmin etmir axı.

– Nə qədər təmin edir?

– Əslində taxıl çox istehsal olunur. Ancaq bunun çox yemlik buğda kimi gedir. Heyvan yemi, toyuq yemi. Bu sahədə neçə yüz min ton yemlik taxıl işlədilir. Yararlı olan məhsul isə azdır.

– Konkretləşdirsək…

– Təxminən 20 faiz. Qazaxıstanda da, Gürcüstanda da, Rusiyada da devalvasiya olub. Özü də onlarda bizdən daha çox olub. Lakin buna baxmayaraq, orda dollar hesabına buğdanın qiyməti qalxmayıb və qalxmaq şansı yoxdur. Yəni bizim bəxtimiz gətirib ki, orda buğda ucuzdur. Ona görə də un ucuzdur.

– Deyirsiniz, hələ unun qiymətində artımı bundan sonra üçün gözləyək?

– Vaxt olub ki, Azərbaycanda bir kisə unun qiyməti 27 manat olub. Halbuki o vaxt dollar bizdə 0,78 idi. Bölün onu, görün neçə dollar edir.

– Hazırda Azərbaycanın taxıl ehtiyatının həcmi nə qədərdir?

– Çoxdur, amma söhbət ondan gedir ki, bu, dollarla alınmış məhsuldur.

– Manatın ucuzlaşmasından sonra un istehsalında əvvəlki aylarla müqayisədə vəziyyət necədir?

– Qiymətlərlə əlaqədar una tələbat bir az azalıb.

– Camaat çörəyi də azaldıb?

– Qənaətli rejimə keçilib. Çörəyi alıb çölə tökürdülər. Məsələn, mən bağa gedəndə baxırdım ki, Fatmayi kəndində çörəyi yığıb, heyvan yemi kimi istifadə edirlər. İndi daha belə etməyəcəklər.

– İki gün əvvəl xəbər yayıldı ki, İmişlidə un satışı ilə məşğul olan bir nəfər həbs edilib…

– Boş söhbətdir.

– Ancaq bizdə azdan-çoxdan daxili istehsal var, üstəlik ehtiyat üçün gətirilən taxıl dollarla alınmayıb. Bu mənada əhaliyə müəyyən güzəştlər etmək olmazdımı? Ən azı ilin sonuna qədər unu köhnə qiymətlə satmaq mümkün deyildimi?

– Variant yox idi. Tutaq ki, biz cəmi 50 min ton taxıl almışıq. 50 min ton bizim bir aylıq tələbatdır, satdıq, qurtardı, sonra nə satacağıq?

– Amma onu da dediniz ki, ehtiyatımız çoxdur, bunu necə başa düşək?

– Ehtiyat həmişə var. 3,4,5 aylıq ehtiyat həmişə olmalıdır.

– Dövlət sizə hansısa dəstəyi verə bilərmi ki, un məhsullarının qiyməti qalxmasın? ƏDV varmı?

– Bəli, var. 18 faizdir. İndi belə bir mexanizm var. Tutaq ki, biz malı 200 dollara almışıq. Bu, əvvəl edirdi 210 manat. 210 AZN-nin 18 faizi 37 manat edirdi. Ancaq bu gün 200 dollara alınmış malın qiyməti edir 310 manat. Bunun da 18 faizi 62 manatdır. Vəziyyəti dövlət bizdən yaxşı bilir və ƏDV-nin aşağı salınıb-salınmaması dövlətin işidir. Yəqin indi baxırlar.

– 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi, amma ilin sonunda çətinliklər göz qabağındadır…

– Mən taxıl işinin işində olan, bu işi bilən adam kimi deyirəm, 2015-ci ildə son 5-6 ildə istehsal olunan məhsuldan daha çox, daha keyfiyyətli məhsul istehsal olunmuşdu. Ola bilsin ki, bu, hava ilə əlaqədardır, yaxud yaxşı toxum idxal olunub, ya da yaxşı gübrə verilib. Ümumiyyətlə, hər şeyin özünün mədəniyyəti var – geyimdən tutmuş danışığa qədər. Bizim insanlar hələ əkinçilik mədəniyyətini tam əxz edə bilməyib. Elə bilirlər ki, əkdisə, iş bitdi, gələn il biçəcək.

– Amma Cəlilabad sovet dövründə “Azərbaycanın Ukraynası” idi. Necə oldu, insanlar əkinçiliyəmi yadırğayıb?

– Dedim axı. Bu il keyfiyyətli məhsul istehsal olunub. Pilot layihələr var, pilot rayonlar var. Bu il çox keyfiyyətli məhsul istehsal olunub – ona “bərk buğda”, “makaron buğdası” da deyirlər. Bu növdən bu il çox istehsal olunmuşdu. Üstəlik, bu il əvvəlki illərlə müqayisədə çox məhsul istehsal olunduğu üçün idxal azalmışdı. Onu da deyim ki, bizim taxılçılıqla bağlı bacarığımız kifayət qədərdir. Taxıl əkmək nə sualtı qayıq, nə kosmik gəmi düzəltmək deyil. Bu iş də yavaş-yavaş öz həllini tapacaq.

“Quş yemi olan buğdadan un istehsal etmək mümkün deyil”
– Ancaq siz onu da dediniz ki, əkinçilik mədəniyyətimiz yoxdur…

– İndi müəyyən firmalar əmələ gəlib. Onun sahibləri düşünürlər ki, taxılı necə istehsal etmək lazımdır ki, onu baha sata biləsən. Əvvəl quş yemi, toyuq yemiydisə, indi daha keyfiyyətli taxıl istehsal olunur.

– Quş yemi olan məhsulların un bazarına yol tapması, insanlara un əvəzinə, toyuq yeminin satılması barədə xəbərlər də var…

– Qeyri-mümkündür. Quş yemi olan buğdada un istehsal etmək mümkün deyil. Belə bir termin var – natura. Siz bir kub həcmi olan yerə buğdanı yığırsınız, çəkisi 650 kiloqram olur. Ancaq başqa növ buğdanı yığırsınız, çəki 810 kiloqrama çatır. Çünki quş yemi olan buğdanın içi boş olur, ondan un istehsal etmək istəyəcəksən, üyüdəcəksən, amma un çıxmayacaq. İndi tələbat başqadır, 90-cı illər keçdi. Mən 1 ton taxıldan sənə 1 ton un istehsal edə bilərəm, ancaq sən onu alıb yeməyəcəksən, sadəcə, buğdanın üyüdülmüş vəziyyəti olacaq, yəni yarma.

– Un bazarında monopoliyanın olmasından çox danışılır və daha çox sizin adınız hallandırılır. Hətta un satan iş adamının həbsi xəbəri yayılanda belə rəylər oldu ki, onu Əsabəli Qasımov tutdurub. Bu barədə nə deyə bilərsiniz?

– Bu gün bazar tamamilə açıqdır. Azərbaycanda 30-dan da çox zavod var. O zavodlara da heç kəs mane olmur. Un bazarında monopoliya adında şey yoxdur. Azərbaycanda 30 zavod un istehsal edir. 30 zavod məhsul istehsal edirsə, burda monopoliyadan söhbət gedə bilərmi?

– O zavodların neçəsi sizə məxsusdur?

– Təxminən 25-30 faizi.

– Həbs olunduğu deyilən iş adamını tanıyırsınızmı?

– Ümumiyyətlə, elə bir adam tutulmayıb. Mən bilmirəm o adam nə işlə məşğuldur.

– Çörəyin qiymətini qaldırmamaq, yaxud çəkisini aşağı salmamaq mümkündürmü?

– Mən sizə Azərbaycanı qonşu Gürcüstanla müqayisə elədim…

– Gürcüstandan fərqli olaraq Azərbaycan neft-qaz ölkəsidir, qiymət düşsə də, hər halda biz Gürcüstandan asılı deyilik…

– Məhsulun dəyəri var da. Onu mən də alsam, gürcü, ya türkmən də alsa, fərqi yoxdur. Gürcü də, azərbaycanlı da taxılı Rusiya və Qazaxıstandan alır. Lakin dediyim kimi, un Gürcüstanda bizdən bahadır. Un bizdə o vaxt ucuzlaşa bilər ki, dövlət ona hansısa dəstək versin, dotasiya, subsidiya ayırsın, ƏDV-dən azad eləsin.

– Çörəyin qiyməti qalxıb…

– 30 qəpiklik çörək 31 qəpik olub. Yaxud ola bilsin 35 qəpiklik çörək iki ay sonra 36 qəpiyə satılsın. Siz bunu problem hesab edirsiniz?

– Fakt budur ki, çörək ən azı 5-10 qəpik bahalaşıb. Üstəlik, çəkidə də endirim var…

– Siz ayda nə qədər çörək yeyərsiniz?

– Nə bilim, hesablamamışam?

– Sizin gündəlik maksimim 350-400 qram çörək yemək şansınız var. Uşaq da lap az yeyir. 400 qram çörəyə nə qədər pul xərcləyirsiniz? 30 qəpik olan zaman təqribən 12 qəpik xərcləyirdiniz. Bu gün 35 qəpiyə olanda 13,5 qəpik xərcləyirsiniz. Yəni hər gün 1,5 qəpik əlavə xərciniz çıxır. 30 günə vuranda 45 qəpik edir, çoxmu edir? Ailədə 3 nəfər varsa, 1 manat 5 qəpik əlavə pul xərcləyirsiniz. Ancaq devalvasiyadan sonra əmək haqqı, pensiyalar artacaq və hər şey öz yerini tapacaq.

– Siz taxılı gömrükdən rahat keçirə bilrisinizmi?

– Mənim biznesimdə, un istehsalımda nə monopoliya, nə maneə yoxdur. Bir dənə eksperiment eləyin, gedin Rusiyadan taxılı yükləyin, gömrükdən keçirin, görün maneə olacaqmı? Gömrüyün adını çəkirlər. Boş söhbətdir, əşi…

– Amma çoxları şikayətçidir, od olmayan yerdən tüstü çıxmaz deyiblər…

– Mən digər malları bilmirəm, taxıldan danışıram. Hələ indiyə qədər gömrükdə problem görməmişəm.

– Qonşu ölkələrdən danışdınız. Yeri gəldi bu suala da cavabınızı alım, sizin istehsal etdiyiniz “Karmen” unu necə olub ki, Ermənistan bazarına çıxıb? Bu məsələni araşdırmısınızmı?

– Əvvəla, Ermənistana Gürcüstan və ya Azərbaycandan un idxal olunmur. Ermənistan taxıl idxal edir, un yox. Əgər bu ölkə un idxal etmirsə, Azərbaycan ununun ora getmək şansı varmı? Malı buraya gətirib, istehsal edib yenidən hər hansı ölkəyə satmaq şansı yoxdur.

– Amma onu da dediniz ki, un Azərbaycanda ucuz, Gürcüstanda bahadır. Ola bilərmi qonşu ölkələrdə baha olduğu üçün “Karmen” Gürcüstan bazarına, oradan da Ermənistana gedib çıxsın?

– Yox. Görün nə qədər ucuzdur. Nəzərə alına bilməyəcək qədər. Hətta onun yolpulusunu ödəmir. Nə bizim, başqasının ununun Gürcüstana, yaxud Ermənistana keçmək şansı yoxdur.

– Azərbaycan əhalisi qarşıdakı aylarda un, çörək qıtlığı ilə üzləşə bilərmi?

– Qətiyyən. Elə bir problem yoxdur. İldə təqribən 800 min ton un istehsal olunur. Nə bu gün, nə 1 ay, nə 3 ay sonra da olmayacaq. İndi hansı zamandır? Mən sizə tövsiyə edirəm ki, həqiqəti yazasınız. Ədaləti olmayan, haqqı yazmayan jurnalistin irəli getmək şansı yoxdur (gülür).

– Elə biz ədalətli mövqedə dayandığımız üçün sizdən alternativ fikir müəllifindən cavab istəyirik. Siz özünüz devalvasiyadan nə qədər ziyan çəkmisiniz?

– Məsələ ziyanda deyil. Əsas məsələ budur ki, ölkədə stabillik qorunmalıdır. Devalvasiyanın ciddi səbəbi var.

– Böyük səbəbləri bəllidir. Biz Azərbaycan miqyasında danışaq. Siz də sahibkarsınız. Düzdür, deputatın sahibkarlıq fəaliyyəti qanunla yasaqdır…

– Mən zavod sahibiyəm, təsisçiyəm. Deputat olandan sonra o zavodu ata, yaxud kiməsə hədiyyə edə bilməzdim.

– Rəsmən oğlunuzun adınadır deyəsən…

– Bəli, oğlum işlədir. Mən 20 ilə yaxındır bu işlə məşğulam. Yeyinti sənayesinin texnologiyası üzrə təhsil almışam, 70-ci illərdən ərzaq məhsullarının işində işləmişəm. 17 yaşımda Bakı Ət Kombinatında işləmişəm.

– Yəni kifayət qədər təcrübəniz var. Bəs, parlamentə niyə aktiv deyilsiniz, təkliflər vermirsiniz?

– Nə məsələ qaldırım? Siz deyirsiniz gömrükdən keçən zaman problem yaradılır, mənsə deyirəm heç bir problemlə üzləşmirəm, nə deyim axı?

– Quşçuluq üçün də taxıl yerli istehsaldan ayrılır, ancaq quş əti, yumurta da bahadır. Bu, normalıdırmı?

– Quş təkcə buğda yemir. Quş qarğıdalı yeyir, ona başqa qatqılar, dərmanlar verilir. Ancaq taxıl versəniz, quş böyüməyəcək, ətə-cana gəlməyəcək (gülür).

– Əsabil müəllim, vaxtaşırı belə xəbər də yayılır ki, sizin xarici ölkələrdə mülkləriniz var…

– Vallah, bu barədə yazırlar. Amma mənim bir obyektimi tapa bilsəniz, sizə bağışlayacağam.

– Yəqin ki, öz adınıza deyil, kasıb-kusubun adına sənədləşdiribsiniz.

– Düzgün yanaşma deyil. Mənim nəyim varsa ya mənim adımadır ya da oğlumun, başqasının adına heç nə yoxdur. Bizim müəssisələrimiz tam rəsmi işləyir, yüzdə-yüz. Bizim nəyimiz varsa, hamısı ağappaq açıqdır, qapımız da açıqdır, gəlib baxa bilərsiniz. Bizim Gürcüstanda, Rusiyada, Qazaxıstanda da bu tipli zavodlarımız tam rəsmi fəaliyyət göstərir. Onların auksionerləri mənim sahibi olduğum müəssisədir. Yəni törəmə şirkətlərdir.

– Belə xəbərlər var ki, Azərbaycanda “qara çörək” üçün xüsusi növ un istehsal olunur, ancaq ona rəng qatırlar. Doğrudurmu?

– Biz bu növ un istehsal etmirik. Ona “Rıjanaya muka” deyirlər. Bu unu biz istehsal etmirik, Azərbaycanda da onu istehsal edən yoxdur.(Musavat)

 

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv