!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva Türkiyəni Qafqaza çəkmək istəyir – Naxçıvana hücumun əsl hədəfi

!Reklam – Yazi

12939417_10207905050336898_737962317_nAzad İsazadə: “Naxçıvan ətrafında yaşanan olaylarda Türkiyəni prosesə cəlb etmək baxımından Rusiyadakı bəzi dairələrin də marağı var”

Elşən Mustafayev: “Naxçıvan istiqamətində baş verən təxribatlar Kremldən alovlandırılan oyundur”

Cəbhə xəttində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan sonradan elan olunan atəşkəsə baxmayaraq, indi də Naxçıvan istiqamətində təxribatlar törətməyə çalışır. Bu istiqamətdə də ermənilər vəziyyəti gərginləşdirirlər.

Qeyd edək ki, Naxçıvanla bağlı 1921-ci ildə imzalanan Qars müqaviləsinə görə, Türkiyə bu ərazimizin təhlükəsizliyinə təminat verib. İndi isə görürük ki, Sarkisyan rejimi Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan istiqamətində də təxribata əl atıb. Nə üçün məhz Naxçıvan? Olmaya Ermənistan Türkiyəni də prosesə cəlb olunmasına çalışır? Son zamanlar Moskvanın Ankara ilə münasibətlərinin pisləşməsi fonunda Naaxçıvan istiqamətində baş verənlər Rusiyanın məkirli planı ola bilərmi?

Hərbçi ekspert Azad İsazadə Yenicag.az-a açıqlamasında bildirdi ki, Ermənistanın Naxçıvan istiqamətində təxribatları iki məqsəd daşıya bilər. Onlar bununla bir tərəfdən, Azərbaycan qüvvələrinin bir istiqamətdə istifadə edilməsinin qarşısını almaq istəyirlər. Digər tərəfdən Türkiyəni də prosesə cəlb etmək və bununla da özlərinə Moskvadan dəstək almağa çalışırlar: “Ümumiyyətlə, görürük ki, Ermənistan bütün cəbhə boyunca təxribatlara əl atır. Naxçıvan istiqamətində də ermənilər belə təxribatlara yol verməklə ilk növbədə bizim qüvvələrin bir istiqamətdə istifadə edilməsinin qarşısını almaq məqsədi güdə bilərlər. Bununla qüvvələrimizi və diqqətimizi Naxçıvan zonasında da daima gərginlikdə saxlamağı düşünürlər. Qarabağ ətrafında gedən döyüşlər zamanı gördük ki, Rusiya birmənalı şəkildə Ermənistanın tərəfini saxlamadı. Bu fonda onu da istisna etmək olmaz ki, Naxçıvan ətrafındakı təxribatlarla ermənilər Türkiyəni də prosesə qoşmaq istəyirlər. Bu fonda da çalışırlar ki, Rusiya da məcbur olsun daha aktiv şəkildə Ermənistanın müdafiəsinə qalxsın. Yəni təxribatın məqsədlərindən biri də bu ola bilər. Belədə düşünmək olar ki, Naxçıvan ətrafında yaşanan olaylarda Türkiyəni prosesə cəlb etmək baxımından Rusiyadakı bəzi dairələrin də marağı var. Hansısa qüvvələr onsuz da kəskin olan Rusiya Türkiyə münasibətlərini daha da kəskinləşdirməyə çalışır. Bununla paralel olaraq Azərbaycana əlavə zərbə vurmağı da düşünürlər. Lakin onlar bu çirkin niyyətlərin nail ola bilməyəcəklər. Çünki Türkiyə Rusiya münasibətləri nə qədər gərgin olsa da, son bir ay ərzində cüzi də olsa bir-birinə mesajlar göndərmə prosesinə start verilib. İkincisi, Azərbaycan da istəməz ki, onu hansısa geosiyasi oyuna cəlb etsinlər. Ölkəmiz özünü belə addımlardan qorumalıdır”.

Politoloq Elşən Mustafayev düşünür ki, Naxçıvan tərəfdə gərginləşən prosesin arxasında Moskva dayana bilər, Türkiyəni də prosesə cəlb etməklə, özünün burada aktiv fəaliyyətinə nail olmaq üçün: “İndiki məqamda cəbhə zonasında, o cümlədən Naxçıvan istiqamətində atəşkəsin pozulmasında rol oynayan əsas məqamlardan biri də məhz Rusiya faktoru ilə bağlıdır. Qarabağ cəbhəsində bilirsiniz ki, son döyüşlərdən sonra bir neçə yaşayış məntəqəsi və yüksəkliklər Azərbaycan ordusu tərəfindən azad edilib. Bu halda Ermənistanı status-kvonun hazırkı şəraitdə qalması qane etmir. Ermənistan görünür bu dəfə daha sakit region olan Naxçıvana müdaxilə etməklə həm mərkəzdən aralı olan regionda hərbi əməliyyatlara başlamaq və Türkiyəni də məsələyə qatmaq istəyir. Son bir neçə gündə Rusiya KİV-nin və siyasətçilərinin atəşkəsin pozulmasında Türkiyə faktorunu qabartması onu göstərir ki, Kremlin Ankaranı prosesə qatmaq və bu fonda özünün də açıq şəkildə məsələyə müdaxilə etmək istəyi var. Onlar aprelin 2-də baş verən olaylar fonunda buna nail olmaq istəyirdi, lakin alınmadı. Türkiyənin prosesə birbaşa müdaxiləsi olmadı. Ərdoğan sadəcə Azərbaycanın yanında olduğunu deməklə kifayətləndi. Görünür, bu dəfə Türkiyə sərhədləri yaxınlığında gərginlik yaratmaqla Ankaranın nəbzini bir daha yoxlamağa çalışırlar. Yəni düşünürəm ki, Naxçıvan istiqamətində baş verən təxribatlar Kremldən alovlandırılan oyundur. Rusların növbəti təxribatıdır. Çünki hazırkı proses Ermənistanla yanaşı, Rusiyanı da qane etmir. Rusiyanı ona görə qane etmir ki, Azərbaycanın belə reaksiya verəcəyini gözləmirdi”.

ELÇİN

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv