12226416_503642276471060_2017692888_nRusiya paytaxtında Moskva və Moskva vilayətinin azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin görüşü keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın Azərbaycan İcması Evində keçirilən görüşdə Azərbaycan diasporunun problemlərinə dair aktual məsələlər müzakirə olunub. Tədbirdə çıxış edən Moskva vilayətində azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev Rusiyadakı bütün Azərbaycan təşkilatlarının ölkədə eyni səviyyədə təqdim olunmalı olduğunu söyləyib.

O, bu gün ki tədbirin çox əhəmiyyətli olduğunu qeyd edib: “Son 20 ildə ilk dəfədir ki, Rusiyadakı əksər azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri bir masa arxasında əyləşib. Hazırda Rusiyadakı Azərbaycan diaspor təşkilatları müalicəyə ehtiyacı olan xəstə adama bənzəyir. Diasporumuzun sağalması çox uzun və ağır prosesdir. Bu prosesdə Rusiyanın bütün azərbaycanlı birlikləri iştirak etməlidirilər”.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə çıxışında Rusiyadakı Azərbaycan icmasının fəaliyyəti məsələsinə toxunub. O, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) yaradılan zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün azərbaycanlı təşkilatı ÜAK-ın yanında olmağa, birgə fəaliyyət göstərməyə və bir-birinə dəstək verməyə çağırdığını vurğulayıb. Diplomat diaspor təşkilatlarının “birləşməsi” sözünün bir sıra qüvvələr tərəfindən düzgün anlaşılmadığını və bunun icma daxilində spekulyasiyalara yol açdığını qeyd edib: “Əvvəla burada “birləşmə” ideoloji anlayışdır, bütün diaspor təşkilatlarının birgə və əlaqəli fəaliyyət göstərməsi üçün şərait və imkanın yaradılması deməkdir. Məhz ona görə də, Azərbaycan İcması Evi yaradıldı, harada ki, bütün diaspor təşkilatları Rusiyadakı Azərbaycan diasporunun ümumi vəzifələrini yerinə yetirmək üçün fəaliyyətlərini konsolidasiya etməlidirlər. Heç bir mövcud təşkilatın ləğv edilməsinə ehtiyac yoxdur”.

Qüdsi Osmanov azərbaycanlı təşkilatların birgə çalışması üçün diaspor rəhbərlərinə Azərbaycan İcması Evində yerləşməyi təklif edib. ÜAK icraçı direktoru İlqar Hacıyev Ümumrusiya Azərbaycan Konqresinin qapılarının hər zaman bütün azərbaycanlıların üzünə açıq olduğunu söyləyib: “Konqres azərbaycanlı təşkilatların bütün təşəbbüslərinə yardım etməyə hazırdır”.

“Azərbaycan” cəmiyyətinin rəhbəri Oktay Hüseynov diasporumuzun potensialının böyük olmasına baxmayaraq, Rusiyada digər icmalardan geri qaldığını bildirib. O, diaspor rəhbərlərini Rusiyanın ictimai həyatında daha fəal iştirak etməyə çağırıb. “Şəhriyar” Ədəbi Cəmiyyətinin üzvü, tarixçi Əşrəf Hüseynov Rusiyadakı Azərbaycan diasporunun yaranması tarixindən və formalaşması mərhələlərindən söhbət açıb. Tarixçi alim Azərbaycan diasporunun bir ideya ətrafında birləşməsinin Rusiyadakı azərbaycanlıların həyatında yeni mərhələ olduğunu söyləyib. Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin azərbaycanlı müəllimi, professor Abuzər Bağırov isə diasporun daxilində Rusiyadakı Azərbaycan icmasının həyatında fəal iştirak edəcək elm adamlarından ibarət cəmiyyətin yaradılmasını təklif edib. Tədbirdə çıxış edən “Nicat” Azərbaycan İrisinin İntibahı Cəmiyyətinin məsləhət şurasının üzvü Afaq Şıxlı, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı, ÜAK-ın Moskva vilayəti regional bölməsinin icraçı direktoru, Xalqlar Dostluğu Fondunun sədri Araz Mürsəliyev, ÜAK Moskva regional bölməsinin icraçı direktoru, “RVAK” Fondunun rəhbəri Şamil Tağıyev ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Azərbaycan İcması Evinin damı altında birləşməsinin böyük əhəmiyyət kəsb etdiyinin və bunun diasporumuzun yüksək səviyyədə inkişafı üçün uğurlu addım olduğunu qeyd ediblər.

Qeyd edək ki, tədbirdə Moskva və Moskva vilayətinin azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin görüşünün hər ay keçirilməsi qərara alınıb

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."