Moskvadakı diasporumuzun nümayəndələrindən önəmli açıqlamalar-Video

Müəllif: Redaktor

Editor
13244757_578496785652275_6718996620561899008_n

“Qurultayda Koordinasiya Şurası yaradıldı. Şuraya 109 şəxs daxil edildi. Bunlardan yüzü mesenat, oliqarx və biznesmendir. Köhnədə hansısa lazım olmayan insanlar ola bilərdi. Çünki bu beş ildə elə bir iş görülməyib. Təzə şurada nüfuzlu insanlar var. Arzulayırıq ki, onlar işlər görmək üçün addım atsınlar”.

Bu fikirləri APA TV-yə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva Bölməsinin icraçı direktoru Şamil Tağıyev bildirib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının IV Qurultayı diasporun inkişafına təkan verəcək. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığından sonra Azərbaycan diasporu yaşadıqları ölkənin mətbuatı ilə sıx əməkdaşlıq edəcək: “Aprel döyüşlərindən sonra biz gördük ki, ermənilərə təbliğat işində çox uduzuruq. Bütün Rusiya mətbuatında erməni yönümlü informasiya getdi. Federal kanallarda da, ən böyük təbliğatçı kanal “Life News”-da da. Bu kanalın rəhbəri də Qabrielyan soyadlı ermənidir”.

Həmvətənimiz deyir ki, aprel döyüşlərində Rusiya mətbuatı azərbaycanlıları aqressiv bir xalq kimi tanıtdı. Bu səbəbdən əsas məqsədimiz mətbuatla əməkdaşlıq etmək və yaşadığımız ölkənin rəsmi dilində davamlı informasiya vermək olacaq. Eyni zamanda Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, dövləti təbliğ olunacaq.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyinin sədri, Diasporinfo.com saytının həmtəsisçisi Toğrul Allahverdili isə diasporumuzun artıq gənclərə daha geniş yer ayırdığını, görüşlərin formal xarakter daşımadığını qeyd edib: “Hər il keçirdiyimiz bayramlarımız var – Novruz kimi, Həmrəylik günü kimi. Biz onları artıq köhnə formatda keçirmirik. Yaşlı insanlar daha televiziya xətrinə toplaşmır. Biz artıq sərbəstlik yaratmışıq. Gəncləri yığırıq. Bu missiyanı gənclərə vermişik. Çünki biz keçmişi qoruyub, gələcəyi qurmalıyıq”.

Toğrul Allahverdili bildirib ki, azərbaycanlılar artıq təhsilə daha çox yer ayırır, formalaşmış imicin yenilənməsinə, yaxşılaşmasına çalışır: “Bir az öncəyə baxanda görürdük ki, Rusiyada yaşayan azərbaycanlı ailə övladını 8-ci sinifdən çıxarıb piştaxta arxasına qoyub pul qazanmağı öyrədirdi. Sevindirici haldır ki, son illərdə bizim ailələr anlayır ki, övlada təhsil vermək lazımdır. Bu gün azərbaycanlılar Rusiyanın Dövlət Dumasına namizədliklərini verirlər. Artıq məhkəmə sistemində, səhiyyədə, təhsil sahəsində çalışan çoxlu azərbaycanlı var”.

Müsahibimiz həmtəsisçisi olduğu Diasporinfo.com saytının fəaliyyətinin genişləndiriləcəyini vurğulayıb. Sayt artıq təkcə Rusiya yox, dünyanın hər yerində yaşayan azərbaycanlıların diaspor fəaliyyətini işıqlandıracaq.

Qeyd edək ki, iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının 4-cü Qurultayı keçirilib. Qurultayda xaricdə yaşayan azərbaycanlılara yaşadıqları ölkəyə xidmət etmələri ilə yanaşı, Azərbaycanı da təmsil və təbliğ etmələri, birgə fəaliyyət göstərərək güclü diaspora malik olmaları tapşırılıb.

Videonu BURADAN izləyə bilərsiniz.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır