Motosiklet sahiblərinin hüquqları pozulub, yoxsa daha ağır cəzalandırılmalıdırlar?

Müəllif: Redaktor

Editor

dsc_0045Azər Allahverənov: “Düzgün addımdır”

Ərşad Hüseynov: “Yaxşı olardı ki, ərazidə səs küyə səbəb olan motosiklet sahibləri ayrıca olaraq cəzalandırılsın”

Paytaxtın bəzi yerlərində dünəndən başlayaraq “motosikletlə hərəkət qadağandır” nişanları quraşdırılmağa başlanılıb. Artıq Neftçilər prospektində 6 belə nişan quraşdırılıb ki, bu da ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Moto istifadəçiləri bu nişanların onların hüquqlarını pozduqlarını deyirlər.

Məsələyə mətbuatda münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, qadağa hələlik Neftçilər prospekti ərazisinə aiddir: “Qadağanın qəbul edilməsi vətəndaşların şikayəti ilə bağlıdır. Həmin ərazidə yaşayan çoxsaylı insanlar müraciət edirdi ki, həmin ərazidən şütüyən motolar onların dincliyini pozur. Qadağa da bununla bağlıdır. Gələcəkdə hansısa yollarda quraşdırılıb, quraşdırılmayacağını deyə bilmərəm”.

Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən ekspert Azər Allahverənov motosikllərə münasibətdə şəhərin mərkəzində atılan qadağa addımının doğru olduğunu söylədi: “Bu gün reallıq ondan ibarətdir ki, Bakı şəhərinin müəyyən ərazilərində, xüsusən də mərkəzi küçələrində kifayət qədər sıx əhali yaşayır. Bu ərazilərdə də çox zaman səs qurucularına əlavə qurğular quraşdırmaqla səsin gücləndirilməsinə gətirib çıxaran nəqliyyat vasitələrinin idarə edilməsinin şahidi oluruq. Motosikletlərin çoxunda da həmin dediyimiz sistem kifayət qədər güclü səs effektləri yaradır. Bu da orada yaşayan insanların bilavasitə əsəb sisteminə toxunan, səhətinə mənfi təsir göstərən bir haldır. Motosikletlərin səs boğucularına əlavə qurğuların quraşdırılması ümumiyyətlə qadağa olunan bir məsələdir. Amma bildiyiniz kimi əksər motosikletlərin konstruksiyası artıq güclü səs effektlərinə malikdir. Yəni güclü səs effekti ilə istehsal olunub satışa çıxarılır. Ölkəmizdə də istismar olunan motosikllərin əksəriyyəti məhz həmin tipli nəqliyyat vasitələridir. Belədə onların konstruksiyada nəzərdə tutulan detallarını dəyişmək mümkünsüzdür. Amma buna baxmayaraq motosiklet sahibləri insanlara anlaşıqlı yanaşmalıdır. Lakin faktiki olaraq təcrübə göstərir ki, motosiklet sahibləri anlaşıqlı yanaşmırlar. Əksinə, səs gecləndiricilərdən istifadə hallarının daha geniş miqyas aldığını müşahidə edirik. Özü də bu hal gecə saatlarında daha intensiv şəkil alır. Ona görə də Neftçilər prospekti ərazisində motosikletlərə münasibətdə atılan addımı doğru hesab edirəm”.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov isə qanunvericilikdə motosikletlərin hərəkətinin şəhərin hər hansı bir ərazisində qadağan edilməsilə bağlı müddəanın olmadığını bildirdi: “Motosikletlə hərəkətinin qadağan edilməsi nişanı haqqında onu deyə bilərəm ki, bununla bağlı yolun harasına və niyə qoyulmalıdır barədə qanunvericilikdə hər hansı bir cavab yoxdur. Yəni belə bir nişanın qoyulması haqqında meyarlar, şərtlər yoxdur. Ona görə də müvafiq qurumlar hansısa zərurət yaranan hallarda bu nişanları müəyyən küçələrdə qoya bilərlər. Bu fonda Neftçilər prospektində motosikletlərə tətbiq edilən qadağa nişanını qanunsuz saymaq da mümkün deyil. Amma yaxşı olardı ki, ərazidə səs küyə səbəb olan motosiklet sahibləri ayrıca olaraq cəzalandırılsın. Qanunda nəqliyyat vasitələri üçün səs normativləri vardır. Bu normativləri aşanlar da fərdi qaydada cəzalanmalıdır. Bir də ki, motosikletlərin hərəkətini qadağan edən nişanı qoysalar da, bu nişan həmin ərazidə yaşayan, orada işləyən, buradakı insanlara xidmət edənlərə şamil olunmur. Yəni həmin adamlar yenə də ora motosikletlə gəlib gedə bilərlər. Hər halda Neftçilər prospektinə həmin nişanı təsadüfən qoymayıblar. Yəqin ki, nəyisə ölçüb-biçəndən sonra bu qərara gəliblər”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır