4713cf46ce90757924f5c5c68049536bMilli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan Prezident Administrasiyasına və prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində həyata keçirilən araşdırma nəticəsində MTN-nin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanıb.

Belə ki, həmin nazirliyin Baş İdarəsinin sabiq rəisi Çovdarov Akif Teymurxan oğlu tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Akif Oqtay oğlu, Məmmədov Səlim İbrahim oğlu və Osmanov Orxan Hacısəfər oğlu ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz əməliyyatlar keçirib sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib.

Nazirliyin digər Baş İdarəsinin sabiq rəisi Qurbanov Sübahir Xaliq oğlunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət almasına dəlalət edən sübutlar toplanıb. S.Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Fizuli Zülfüqar oğlu, Alıyev Natiq Allahverdi oğlu və Məmmədov Zaur İbiş oğlundan ibarət mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin mart ayında sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun, A.Zakirov və M.Quliyevin zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək hədə-qorxu gəlməklə külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə dair kifayət qədər əsaslar var.

Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstənin 2014-cü ilin dekabr ayında sahibkar K.Seyfullayevin olduğu avtomaşını güdərək onu nazirliyin inzibati binasına aparıb qanunsuz azadlıqdan məhrum etməsinə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad etməsinə dair faktlar müəyyən edilib.

Bundan əlavə, həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə araşdırmalar aparılır.

Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar Mustafa oğlu və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların müraciətləri də araşdırılır.

Nazirliyin digər Baş İdarələrinin sabiq rəisləri Quliyev Teymur Rəcəb oğlu və Mirvətova Natavan Mürsəl qızı, həmin qurumların digər vəzifəli şəxsləri Əzizov Elşad Əzizağa oğlu, Şirəliyev Anar Hacıçoban oğlu, Atayev Fərhad Tofiq oğlu və Əliyev Eşqin Dünyamalı oğlu səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına dair təkzibedilməz sübutlar əldə edilib.

Nazirliyin sabiq şöbə rəisi Ələkbərov Vüsal Hicran oğlunun sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi, azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına buraxması və barəsində olan cinayət təqibinə xitam verməsinə dair əsaslı faktlar müəyyən edilib. Bundan başqa, Vüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Nazirliyin digər əməkdaşı Abdullayev Mehman Dəmir oğlu sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Əsgərov Mirəziz Mirəşrəf oğlu sahibkar V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində bilmiş, sahibkar həmin pulu aldıqdan sonra onu qanunuz saxlayaraq telefon danışıqlarına qulaq asıldığını bildirib. M.Əsgərovun iş adamını həbs olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən sonra buraxması və gələcəkdə hesabına göndəriləcək pul vəsaitlərinin alınmasına maneə törətməmək üçün əlavə olaraq külli miqdarda pul almasına dair kifayət qədər dəlillər mövcuddur.
Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."