!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərdən nazirə konkret TƏKLİFLƏR

!Reklam – Yazi
trend_mikayil_cabbarov_120215_mainBu il müəllimlərin işə qəbulu üzrə test imtahanları 21-29iyul tarixində aparıldı. Müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılmışdı. Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsində 18573 nəfər iştirak etdi, onlardan 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazandı və müsahibəyə dəvət olundu. 
Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verildi. Keçid balı toplayaraq seçdiyi vakant yerlərə işə qəbul oluna bilməyən namizədlər əlavə yerləşdirmədə iştirak ediblər. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə ərizələr elektron şəkildə verilir və bu il daha müsbət bir hal o oldu ki, vakant yerləri seçən şəxslər seçəcəkləri vakansiya barədə ətraflı məlumatla təmin olunaraq məktəbin hansı rayon ərazisində yerləşdiyini, şəhər mərkəzindən nə qədər uzaqda oldugunu aydın şəkildə görə bildilər. Ölkəmizdə təhsilə olan diqqət, inkişafa doğru atılan addımlar təqdirəlayiq bir haldır. Lakin bəzi məsələlərdə müəyyən dəyişikliklər olsa daha yaxşı olar. Ümid edirik ki, Təhsil Nazirliyi ortaya çıxan bəzi problemləri nəzərə alar.
Bu il imtahanda iştirak edən müəllimlər və məktəblərdə fəaliyyət göstərən direktorlar arasında sorğu keçirildi və sorguya əsasən edilən bəzi təklifləri nəzərinizə çatdirmaq istərdik:
Müəllimlik elə bir sənətdir ki, bu sənətə yiyələnmək istəyən insanlarda bilik və savaddan əlavə mütləq şəxsi yaradıcılıq qabiliyyəti olmalıdır. Müəllim olmaq istəyənlərin psixoloji durumu, onların estetik dünyagörüşü, müəllim olmağa nə dərəcədə hazır olması müxtəlif kommunikativ suallarla yoxlanılmalıdır, bunun üçün də bir mərhələ təşkil olunmalıdır və daha sonra qərar verilməlidir. Təəsüflər olsun ki, müxtəlif dini radikal cərəyanlara qoşulan bəzi insanlar da imtahan verib testdən keçərək müəllim ola bilir və yaxud da ki, psixoloji durumu yerində olmayan insanlar gedib imtahan verib müəllim ola bilirlər və bunu müsahibəyə verilən qısa zaman müddətində ayırd etmək olmur. Bu problemlərin aradan qalxması üçün müəyyən tədbirlərin görülməsini istərdim. (Elşən Qafarov. Fuad Fərhadoğlu adına 230 saylı orta məktəbin direktoru) 
Təklif edərdim ki, imtahanda seçdiyi məktəbə qəbul olub, getməyənlərə bir və ya bir neçə il imtahanda iştirak etmək məhdudiyyəti qoyulsun. Və eyni zamanda birinci turda qəbul olunub seçdiyi məktəbdən imtina edənlər ikinci tura buraxılmasın. Məncə bu cür halların yaşanmaması üçün bir tədbir görülərsə imtahan qaydalarına olan məsuliyyət hissi daha da artar, heç kim qəbul olunub getməyəcəyi vakansiyanı seçməz. Bəzən 1 bala görə istədiyimiz yerdən məhrum oluruq və sonra araşdıranda görürük ki, 1 bal artıq yığan şəxs həmin məktəbdən hər hansı bir səbəbdən imtina edib və ona görə digər şəxslər ilk turda heç bir uğur əldə edə bilməyərək işsiz qalıb. Belə hallar çox olur. Bu il ibtidai sinif müəllimlərinin imtahanı bir neçə gün dəvam etdi və sualların müxtəlifliyi nəzərə alınsaydı daha məqsədəuyğun olardi. Elə suallar var idi ki, hər gün təkrarlanırdı və suallar sosial şəbəkələrdə paylaşılırdı. Əsasən məntiq və kurikulumdan suallar təkrar salınırdı. Əlbətdə ki, bunun qarşısını almağın tək yolu müxtəlif variantların olmasıdır. İmtahandan sonra imtahandan əldə etdiyimiz nəticə tam aydın şəkildə şəxsi səhifəmizdə yer almalıdır, biz səhvlərimizi görməliyik. İmtahan bitir və yalnız topladığımız balı görürük, hansı testdə səhv etdiyimizi bilmirik. Son xahişim isə odur ki, imtahanda yanaşı oturan imtahan iştirakçılarının variantları eyni olmasın ki, köçürülmə halları da baş verməsin. Nəzarət güclü olsa da köçürmənin qarşısının alınmadığının şahidi olduq(Gülər Hüseynova) 
Ilk xahişim odur ki, qəbul olub imtina edənlərə növbəti ildə imtahanda iştirak etmək hüququ verilməsin, ən azı 1 il iştirak etmək hüququndan məhrum edilsin, belə olsa kəndlərdə müəllim çatışmazlıgı aradan qalxar. Növbəti narazılığım ondan ibarətdir ki, Bakı və Sumqayıtda vakant yerlər çox azdır, Sumqayıtda demək olar ki, vakansiya çıxarılmır, araşdırılsa çox məmnun olaram. (Müşfiq Nağıyev) 
Mənim imtahan sistemindən narazılığım yoxdur, daha yaxşıdır imtahanla savadlı və savadsız öz layiq olduğu yeri tutur. Ancaq istərdim ki, imtahan nəticələri bizə göstərilsin ki, nəyi səhv, nəyi düz yazdığımızı bilək. Bu cür imtahan daha obyektiv olar. Bir də ki, qəbul olunduğu vakansiyadan imtina edənlərə qarşı nəsə tədbir görülsə çox yaxşı olar. Eləcə də birinci turda qəbul olanlar qəbul olunduğu yerdən imtina edərsə, ikinci tura da buraxılmasın (Ismayılova Mənsurə)
 Birinci turda qəbul olunduğu vakansiyadan imtina edənlər ikinci tura buraxılmasın, İmtahan nəticəsi, yəni səhvlərimiz tam göstərilsin ki, hansı testlərdə səhv etdiyimizi aydın şəkildə görə bilək. Məntiq suallarının hamısı ixtisasa uyğun salınsa, daha məqsədəuyğun olar.(Mehdiyeva Nərmin) 
Yardımlı rayonu üzrə bir yer belə olsa da sinif müəllimi üçün vakant yer yoxdur. Halbuki rayon üzrə 80 – dən çox təhsil ocagı var. Xahiş edirəm bu məsələyə bir aydınlıq gətirilsin. (Mirsəməd Seyifli)
 Mənim imtahandan narazılığım olmadı, yaxşı keçdi. Amma istərdim ki, imtahanla işə qəbul olanlara yenidən attestasiya imtahanı olmasın, əmək haqqı artımla verilsin.(Göyçək Hüseynova)
 İmtahan nəticələrindən sonra düz və səhvlərimizi görə bilsək bu daha obyektiv olar. Çünki bəzi testlərdə iki variant arasında seçim edə bilmirdim və hələ də o sualların cavabını düz qeyd edib etmədiyimi bilmirəm (Aysel Quluzadə) 
Universitetə qəbul olmaq ucun imtahandan keçirik, daha sonra 4 il hər smestr nə qədər imtahan veririk. Bitmir, yenidən işə qəbula da imtahan. Niyə əvvəlki qayda ilə – təyinatla göndərmirlər? Və 7000 nəfər 440 yer üçün mübarizə aparır. Vakant yerlərin sayı çox azdır. Yüksək bal toplayaraq işsiz qalanların sayı çoxdur. (Samira Ismailova) 
Imtahandan sonra nəticə bölməsində hansı sualın dəqiq cavabı nədirsə o, göstərilsin, hər kəs də nəyi səhv yazdigini dəqiq öyrənsin.(Ellada Hüseynli) 
Bu il seçdiyi məktəbə qəbul olunub imtina edənlərin gələn il imtahana buraxılış hüququ qazanmamasını istərdim. (Elnarə Agayeva) 
Mənim fikrimcə imtahanla işə qəbul olub amma sonradan həmin yerdən imtina edən müəllimlərə müəyyən bir müddət ərzində müsabiqədə iştirak etmək məhdudiyyəti qoyulmalıdır. Bundan əlavə bölgələr üzrə vakansiyalar azlıq təşkil edir. Elə fənn saatları var ki, verilmir. Məsələn, Azərbyacanın bölgə məktəblərinin 80 faizində ixtisaslı musiqi müəllimi yoxdur, amma məktəblərdə olan musiqi dərsləri qeyri-fənn müəllimləri tərəfindən keçilir. Səbəb isə odur ki, musiqinin dərs saatı azdır. Ona görə vakant yer kimi vermirlər. Təklif edərdim ki, musiqi fənninin dərs saatı qaldırılsın və ixtisaslı müəllimlərə verilsin. Musiqi şagirdlərin estetik tərbiyəsində, Azərbayacan mədəniyyətinin tanınmasında mühüm rola malikdir. Məncə bu fənnə diqqət yetirilsə daha yaxşı olar. (Eşqin Axundlu)
İllərdir Goranboy rayonunun özündə 1 saylı və 2 saylı tam orta məktəblərdə heç bir fənn üzrə və eləcə də mərkəzə yaxın qəsəbə və kəndlərdə biologiya fənni üzrə vakansiya verilmir. (İlahə Məmmədova) 
Mən istəyirəm ki, sual kitabçamız olsun və kağızda özümüz kodlaşdıraq tələbə qəbulu imtahanındakı kimi. Çünki bu il bizim imtahanda kompyuterlər imtahan zamanı yarım saatlıq söndü və yenidən yananda bütün cavablar bir-birinə qarışmışdı. Belə bir hal olmamalı idi. (Könül Hüseynli) 
Sumqayıtda yaşayıram, ancaq demək olar ki, vakansiya olmur. Biz kurikulumla baglı heç nə keçməmişik universitetdə. Bəs nə üçün imtahanda kurikulumdan suallar verilir? BDU – nu bakalavr, ADPU-nu magistr bitirmişəm, vakansiya az olduğu üçün çox bal yığanlar da qəbul olub işləyə bilmir.(Könül Əlizadə) 
Xahişim budur ki, məktəblərə nəzarət daha da güclənsin,yaşlı və saxta diplomlu müəllimlər işdən çıxarılsın ki, biz gənclər də işləyə bilək. (Gülnar Mənsimli) 
Təhsil Nazirliyi ümumiləşdirilmiş kurikulum vəsaiti və testləri dərc etdirsə çox şad olaram. Bəzi məktəb direktorları vakansiyalari gizlədirlər. Bu qanunauyğunsuzluqlara yol verilməzsə çox müəllim imtahan verərək işlə təmin olunar. (Vəliyev Ramin Ata oqlu) 
Təklif edərdim ki, imtina edənlər ən azı 1 il imtahan vermək hüququndan azad olunsun. Imtahan nəticələri tam göstərilsin, səhv və düz cavablarımızı görək.Yeni qəbul olunmuş müəllimlər atestasiya imtahanı vermədən yeni qaydalar tətbiq olunsun. (Anar Azəri) 
Qəbələ, Oğuz, Şəki rayonlarında bu il coğrafiya fənni üzrə vakansiya verilmədi. Baki şəhərində neçə məktəb var? Bu məktəblərdə bir ixtisas üzrə həqiqətən cəmi 2 – 3 vakansiya var? (Elşad Abdullayev) 
Hər il yüzlərlə tələbə alman dili fakultəsinin məzunu olur, amma vakant olaraq dövlət ya bir yer və ya maksimum 5 yer ayırır, biz gənclər indi necə işə qəbul olaq? Çox acınacaqlıdır, ya bağlasınlar bu “heç kəsə lazım olmayan ” dil fakultələrini, ya da məktəblərdə bu fənlər tədris olunsun (Sara Bağırova) 
Xahiş edirəm ki, qəbul olunub imtina edəcəyi yeri yazmasın heç kəs, bu haqsızlığa bir son qoyulsun. Qəbul olunub imtina edənlərə gələn il yenidən imtahanda iştirak etmək hüququ verilməsin. (Aysel Pasayeva ) 
Menim fikrimcə Təhsil Nazirliyi imtahandan əvvəl müəllimlər üçün ödənişsiz kurikulum və məntiq kurslari təşkil etsə yaxşı olar.Əsasən daha əvvəlki illərdə institut bitirənlərə kurikulum və məntiq tədris olunmayib ve bu bizim gunahimiz deyil.Tədris olunmayan fənlər üzrə testlər salınır və ixtisası nə qədər mükəmməl bilsək də,bu fənlərə görə imtahandan kəsilirik.Və digər xahişim ondan ibarətdir ki, seçdiyi məktəbə qəbul olub daha sonra imtina edənlərdən də əsaslı səbəbləri olmayanlara tədbir görülsün. Belə olsa kimsə başqa birinin taleyi ilə oynamaz.(Elmira Osmanlı) 
İmtahandan keçən və ucqar rayonlara qəbul olan müəllimlər üçün nəzərdə tutulan əlavə muavinəti əvvəlcədən verməlidirlər ki, müəllim gedib özü üçün orada şərait qura bilsin. Əlavə muavinət gec verilir, təxminən noyabr və ya dekabr aylarında. Maaş isə oktyabrda verilir. Bəs yeni müəllim o zamana kimi nə ilə dolanıb özünə şərait qursun? Mənim imkanım yoxdur öz hesabıma şərait qurmağa. Maddi yardımım öncədən ödənilsə rahatlıqla gedib özümə şərait quraram. Məncə bunlar nəzərə alınmalıdır. İmtahanda bilmirik ki, hansı sualı səhv, hansı sualı düz yazmışıq. Bunu da nəzərə alsalar çox sevinərəm.(Araz Vəliyev) 
Şəhərdə yaşayaraq rayon üzrə verilən vakansiyaları seçərək qəbul olunub sonradan imtina edənlərin sayı çoxdur. Dördüncü ildir ki, keçid balindan da yüksək bal toplamağıma baxmayaraq ucqar kəndlərə belə düşə bilmirəm, araşdıranda isə görürük ki, nə qədər qəbul olunub imtina edənlər var.(Haqverdiyeva Rəqsanə)
TQDK necə 30 min abituriyenti eyni vaxtda imtahan edirsə müəllimlərin imtahanı da bir gündə və bir saatda olsun. Başqa cür obyektivlikdən söhbət belə gedə bilməz. 55.221 balla işsiz qalmışam. Niyə? Çünki Bakı və Sumqayıt şəhərləri üzrə Azərbaycan dilindən cəmi 4 vakant yer ayrılmışdı. (Abbasova Xəyalə)
 Biologiya fənni üzrə Baki şəhərində cəmi 8 yer var idi (qaçqın məktəbləri ilə birlikdə). Halbuki gör nə qədər məktəb var elə öz ətrafımızda. Niyə vakansiyalar bu qədər azdır? Ailəli olanlar, evində xəstəsi olanlar var ki, rayonda gedib fəaliyyət göstərə bilmir. Onlarin işləməyə daha çox ehtiyaci var. Onlar daha neçə illər gözləməlidirlər? Maaş mövzusuna gəldikdə isə müəllim çox maaş almaq üçün çox dərs saatı götürür və sonuncu dərslərə yorğun halda daxil olur. Ancaq maaş yüksək olsa və dərs saatı limiti də olsa, həm bizim kimi gənclərə vakant yer açılar, həm də dərs daha effektli olar. (Elmira Osmanlı) 
Mən istərdim ki,TQDK-nın şəffaf imtahanı kimi MİQ imtahanı da şəffaf keçirilsin. İmkan daxilində ayrı-ayrı təkrar olunmayan suallar hazırlansın. Heç kimin haqqı boşa getməsin. Ən əsası təkrar bir neçə gün davam edən ixtisaslar üzrə, yəni, əsasən ibtidai sinif üzrə. Çünki, ən haqqı pozulan bu sahə üzrə olur. İmtahan sonrası suallarımız istərdim səhv, düzgünlüyünü bilək. Nəyi düz, nəyi səhv yazdığımızı bilmək haqqımızdır. (Xanım Hüseynova) 
Bu imtahanların eynən qəbul imtahanları səviyyəsində keçirilməsini istəyirəm, dəqiq və qərəzsiz. Nə üçün ingilis dili müəllimlərinə Bakı və Sumqayıt şəhərlərində vakansiya verilmir? Necə olur ki, yüzlərlə məktəbdə 1 yer də olsun ingilis dili üçün vakansiya yoxdur? İmtahandan sonra bilmirəm ki, hansı sualı düz, hansı sualı səhv cavablandırmışam. Çox narazıyam ixtisasımı bu qədər gözəl bilməyimə baxmayaraq, Bakı şəhərində yaşaya-yaşaya bir vakant yer tapmıram ki, yazım. Xahiş edirəm imtahandan öncə vakant yerlər daha dəqiq araşdırılsın (Natavan Haqverdiyeva) 
Hər il minlərlə insan müəllimliyi bitirərək diplom alır. Amma vakant yer çox azdır. Cənab nazirimiz müəllim ixtisasını seçən tələbələrə yüksək təqaüd verilməsi barədə göstəriş verir. Müəllimliyi bitirən savadlı kadrlar üçün yetərincə vakant yerlər verilmirsə, biz nə üçün bu ixtisası seçməliyik? (Əkbərova Səma) 
Birinci turda qəbul olunduğu vakansiyadan imtina edənlərin ikinci tura buraxılmamasını istərdimNaiba Åzimzade İmtahandan sonra suallar öz səhifəmizə yerləşdirilsin ki, səhv və düzgün cavablarımızı açıq şəkildə görək. Düzdür bu ildən sualların sayı ,hansi fəndən neçə səhv və neçə düz yazdığımız haqda məlumat yerləşdirildi, amma hansı sualın səhv oldugu naməlum qalır. Obyektivlik olsa yaxşı olar. Çinarə Babayeva
Müəllimlərin işə qəbulu imtahanında ilk dəfə bu il iştirak etdim və imtahan gedişatında nəzarətin daha da gücləndirilməsini istərdim. Birinci və ikinci turda yazdığım Şuşa şəhər 18 nömrəli məktəb və Xocalı Qaragav kənd məktəbi boş qaldı, baxmayaraq ki, mənim balım müəyyən olunmuş keçid balından artıq idi. Bu məsələnin araşdırılmasını istərdim. Digər istəyim odur ki, 1 – ci mərhələdə seçimini edərək qəbul olunduqdan sonra imtina edənlər istər ikinci tura, istərsə də növbəti il işə qəbul imtahanına buraxılmasın.(Samir Abbaslı) 
Topladığım bal göstəricim 33.137. İstərdim ki, birinci turda qəbul olunduğu məktəbdən imtina edənlərin ikinci turda iştirak etmek şansı olmasın.Belə bir qayda tətbiq olunarsa hər kəs gedəcəyi yeri yazmaq məcburiyyətində olar(Nərgiz Əliyeva) 
İşə qəbul olub sonradan imtina edənlərə qarşı bir tədbir görülməlidir.(Ülkər İsmayılzadə) 
Müəllimlərin maaşları artırılsın və ya attestasiya rayon məktəblərində də keçirilsin. Müəllim maaşı cox azdır, müəllim kasıb yaşamaga məhkum olmamalıdır. (Gülər Ağayeva) 
Keçən il Azərbaycan dili və ədəbiyyatdan vakant yer yox idi, müvəqqəti müqavilə ilə də işləmək üçün deyirlər ki, get imtahanda da iştirak et. Bakıda yer olmadığı üçün məcbur oldum rayon yazib imtina etməyə. Qəbul olunub imtina edənlərin bir səbəbi də budur. Bakıda vakansiya çox az olur. (Aynurə Qənbərova) 
53 balla yenə işsiz qaldım. Yüksək nəticə göstərmiş, yüksək potensiala, enerjiyə malik gəncə illərlə bir şans verilmir. (Gunel Məmmədova) 
Vakant yerlərin az verilməsindən çox narazıyam, çünki onlarla yüksək bal toplamış müəllimlər qəbuldan kənar qaldılar.(Qiyas Talıbzadə) 
Vakansiya sayı artırılmalıdır. Verilən vakansiya heç işsiz müəllimlərin 5 faizini işlə təmin etmir (Aygün Əliyeva) 
Test imtahanı üçün nəzərdə tutulmuş vaxt çox azdır. (Gunay Qasımova) 
Qəbul olunduğu vakansiyadan imtina edən insanlar ikinci turda və ya gələn il imtahana buraxılmasın. Bu məsələyə məsuliyyətlə yanaşılmalıdır. İmtina edilmiş məktəbə başqa bir insan ilk turda qəbul olub işlə təmin oluna bilərdi. (Samirə Ismayılova)
Hazırladı: Gülər Huseynova

www.yenicag.az

1374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv