!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mühafizəkarlar idarəçilik monopoliyasından, islahatçılar isə namizədlərindən imtina ediblər” – Əli Əliyev

!Reklam – Yazi

“Növbəti “düyün nöqtəsi”nə qədər hakimiyyətdaxili sabitlik razılığı əldə edilib”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yenicag.az-a müsahibəsində hakimiyyətin 2018-ci il prezident seçkilərinə hazırlığını və digər məqamları dəyərləndirib.

– Tərəfdarlarınızla son görüşdə hakimiyyətin 2018-ci il prezident seçkilərinə İlham Əliyevin namizədliyi ilə qatılması faktının qətiləşdiyini bildirdiz…

– Yaxın vaxtlara qədər səsləndirdiyim fikirlərdə qeyd edirdim ki, hakimiyyət daxilində növbəti prezident seçkilərinə qatılacaq namizədin müəyyənləşməsi ilə bağlı qətiləşmiş mövqe yoxdur. Ancaq təqribən bir-iki həftə əvvəl mənə məlumat verildi ki, artıq hakimiyyət daxilində namizədin müəyyənləşməsinə yönəlik konsensus əldə edilib.

Bu konsensusun əsas şərti bundan ibarətdir ki, hakimiyyətin əvvəlki namizədi qalır, dövlətin yönləndirilməsində isə Birinci vitse-prezidentin səlahiyyətləri və imkanları genişləndirilir. Məndə olan məlumata görə, bu çərçivədə Nazirlər Kabinetinin strukturunda, nazirliklərin istiqamətlərinin müəyyənləşdirilməsində, idarəetmə menecmentində ciddi dəyişikliklər gözlənilir.

İndi baş verən bəzi hadisələr də hakimiyyət daxilində namizəd məsələsində anlaşmaya nail olunduğunu göstərir. İlham Əliyevin cəmiyyətdə yüksək nüfuza malik olmasına dair keçirilən rəy sorğuları da bu məsələnin tərkib hissəsidir. Bu sorğuların nəticələri həm də növbəti prezident seçkilərinin indidən hazırlanan nəticələrini təxmin etməyə imkan verir.

Cəmiyyətin 80 faizinin dövlət başçısına etimad göstərdiyinə dair iddialar o deməkdir ki, mənim öz mənbələrimdən əldə etdiyim məlumatlarla rəsmi qurumların seçki ilə bağlı hərəkətləri üst-üstə düşür. Bütün hallarda isə hakimiyyətin 2018 seçkilərində namizədinin kimliyinə aydınlıq gətirilib və ictimai rəyin də bu istiqamətdə formalaşdırılmasına başlanılıb.

– “Məndə olan məlumata görə” ifadəsini tez-tez işlədirsiz. İstinad etdiyiniz mənbələr nə qədər etibarlıdır?

– Hər halda, onlar rəsmi mənbələr deyil və indiyə qədər məni yanıltmayıblar. Kifayət qədər ciddi və ilkin mənbə ilə olan ünsiyyət hesabına müxtəlif insanlarla təmaslardan gəldiyim nəticələrdir. Bu vaxta qədər qərar verməyim, addım atmağım və müxtəlif mülahizələr irəli sürməyim üçün həmin mənbələrin məlumatları ciddi rol oynayıb.

– Dediyiniz hakimiyyətdaxili anlaşmanın özü nə dərəcədə dayanıqlıdır?

– Prezident seçkiləri kifayət qədər ciddi mərhələdir. Xatırlayırsızsa, bir müddət əvvəl bəzi nazirlərin istefaya göndəriləcəyini demişdim. Artıq vergilər naziri istefaya göndərilib. Bir sıra oliqarxlara qarşı addımların atılmasının və onların sərvətlərinin əllərindən alınmasının gələcəkdə siyasi faktora çevrilməməsi üçün zəmin hazırlanması işi bu gün də gedir.

Anlaşma isə bundan ibarətdir ki, hakimiyyətdaxili mühafizəkar çevrə islahat tərəfdarlarının mövqeyini dəyişməsinə nail olub və növbəti bir ildə situasiyanın belə saxlanılmasına qərar verilib. Ancaq islahatların məxməri şəkildə aparılacağına və köhnə kadrların tədricən dəyişdirilməsinə yönəlik proseslərin şahidi olacağıq. Hakimiyyət öz daxili sabitliyini qorumaq istəyir. Çünki beynəlxalq şərtlər də hakimiyyətin xeyrinə deyil. Hakimiyyət daxilindəki həm mühafizəkarlar, həm də islahatçılar əllərində olan hər şeyi itirmək təhlükəsi ilə üz-üzədirlər. Ona görə də, tərəflər keçid mərhələsi ilə əlaqədar anlaşmaya gediblər. Yəni bir tərəf öz namizədindən, digər tərəf isə idarəçilik monopoliyasından imtina edib. Bu anlaşmanın nə qədər davam edəcəyini isə indidən proqnozlaşdırmaq çətindir. Ancaq növbəti “düyün nöqtəsi”nə qədər hakimiyyətdaxili sabitlik razılığı əldə edilib.

– Bu məsələyə beynəlxalq amillərin hansı təsiri olacaq?

– Mənə belə gəlir ki, beynəlxalq güclərin Azərbaycanla bağlı qərarları ciddi təsirə malik olacaq. Fikrimcə, Donald Trampın yaxın bir ilə yönəlik tövrü dünya siyasətinə, o cümlədən, Azərbaycandakı proseslərə mühüm təsir göstərəcək. Eyni zamanda, azərbaycanlı oliqarxların xaricdəki sərvətinə əl qoyulmasından da çox şey asılı olacaq. O zaman hakimiyyətin daxilində yarana biləcək panika ölkənin siyasi taleyinə əhəmiyyətli təsir göstərəcək.

– Hakimiyyətin namizədinin böyük mənada müəyyənləşməsi müxalifətin seçki hazırlığında necə əks olunacaq?

– Mən son tədbirimizdəki çıxışımda da bildirdim ki, iqtidarın namizədinin kimliyindən asılı olmayaraq, müxalifət əlində olan resurslardan düzgün yararlanmağı bacarmalıdır. İndiki halda müxalifətin istinad edəcəyi əsas qüvvə xalqın narazı kəsimidir. Onu toparlamaq və öz ətrafında səfərbər etmək müxalifətin əsas vəzifəsi olmalıdır. Qeyd edim ki, müxalifətin hakimiyyətdaxili məlum proseslərdən müəyyən gözləntisi vardı. Bir qisim hesab edirdi ki, oliqarxiyanın narazılığı şəraitində həm dəstəyin, həm də maliyyənin gəlməsi ehtimalı yüksəkdir. Mən qəti şəkildə deyirəm ki, o gözləntiləri artıq aradan qalxmış hesab etmək olar.

O baxımdan, müxalifət təşkilatlanaraq, vahid mövqe nümayiş etdirməli, narazı kəsimin istəyinə uyğun hərəkət etmək qabiliyyətini göstərməlidir. Beynəlxalq durumun hakimiyyət üçün qeyri-müəyyənliyini nəzərə alsaq, seçkilərin taleyi həm də müxalifətin atacağı addımlardan çox asılı olacaq.

A. Zeynalov

www.yenicag.az

2263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv