Müsəlmanın müsəlmana qanı nə zaman halal qılındı? – Şiə-sünni savaşının pərdəarxası

Müəllif: Redaktor

Editor

Şiənin sünninin, sünninin şiənin əleyhinə olmağını o qədər qışqırdıq ki, bu gün İslam aləmində müharibənin və müsəlman qanının müsəlmana haram olmadığı bir yer qalmadı. Bu gün müsəlmanların belə vəziyyətdə olması həmin təbliğatın nəticəsidir.

Müsəlman alimlər! İslamın ilk dövründə Əlinin ilk üç xəlifəyə qarşı davranışı elə bir şəkildə idi ki, Əli Osmanı qorumaq üçün övladlarını göndərdi. Hətta Peyğəmbər nəvəsi Həsən Osmanı müdafiə əsnasında yaralandı. Siz onların bir-birləri ilə vuruşduqlarını, savaşdıqlarını harada görmüsünüz? Onlar İslamın vəhdətini qorudular. Məzhəb adı altında məktəbləri təsis edən imamlar və fəqihlər də bir-biriləri ilə düşmən deyildilər.

Bu gün işi elə bir həddə çatdırmışıq ki, müsəlmanın müsəlmandan çox düşməni olan kimsə yoxdur. Bəzi islam ölkələri digər islam ölkələrinə qarşı İsraillə ittifaqa can atırlar.

Müsəlman müsəlmanın qətliamına dəstək verir, müsəlmanın uşağına, namusuna, izzətinə göz yumur; islam ölkələrinə ürəyi yanmır. İslam ölkələri başdan-başa savaş və qırğınlar içindədir. Burda nə xristian nə də yəhudi var. Suriya, İraq, Misir, Liviya, Əlcəzair və Əfqanıstandan ta Pakistana qədər… müsəlmanların qana batmadıqları gün yoxdur. Biz əlahiddə təbliğatla bu atmosferi yaratdıq. Əhli-sünni əleyhinə təbliğat aparan şiə aliminin çənəsi qırılsın! Şiənin əleyhinə təbliğat aparan sünni alimin çənəsi qırılsın! Bu da nəticəsi… Bu gün düçar olduğumuz vəziyyəti nə dövlət həll edə bilir, nə də xalq. Bu gün İslam aləminin hansı ərazisinə addım atsanız görərsiniz ki, dinc əhalinin (uşaqlar, qadınlar) və insanların namusları belə güvəndə deyil. Bunlar hamısı Peyğəmbər yolunu buraxıb, insanlar arasında şeytanı təbliğ etməyimizin nəticəsidir.

Şeytanın adətlərinə uyduq. Hər birimiz İblisin ordusunun bir bölümünü təşkil edərək, öz cəmiyətimizi, ümmətimizi param-parça etdik.

“Allah filankəslərə lənət eləsin ki, başımıza bu bəlaları gətirdi”- deyə şikayət edirik. Beynəlxalq casusluq şəbəkələri, supergüclər, İslam düşmənləri aramızda fitnə yaratmağa çalışırlar. Amma biz bu fitnə üçün lazımi zəmin yaratmasaq, onların əllərindən bir şey gəlməz. Övladı ilə yanlış və pis rəftarda olan bir atanın ondan düşmən kimi istifadə etməsi ailənin yox olmasına yol açar. Tədbirli insanlar isə öz ailəsi ilə düzgün və şəfqətli rəftar edirlər. Bu şəkildə olan kimsə ailəsinə təsir edə bilməz. Düşmənin əlinə bəhanə və fürsət verən bizik. Müsəlman: cümə günü ağ paltar geyinir, silahını əlinə alır və din qardaşlarını “Allah rizası” üçün deyib, qətlə yetirir. “Allah üçün” müsəlmanın namusunu tapdalayır. “Allah üçün” müsəlmanın təhlükəsizliyini ortadan qaldırıb yox edir.

Bu vəziyyət bir anda baş verməmişdir. Hz. Peyğəmbərin vəfatından sonra 1300, imamlardan sonra isə təxminən 1000 ildir ki, mütəmadi olaraq, “əhli-şiə, əhli-sünni” əleyhinə təbliğat aparıldı. Nəticəsi də bugünkü halımızdır. Bütün bunlar təkfirçiliyi yaratdı…

QEYD: Əfqan din xadiminin internetdə yayılan və milyonlarla insanın izlədiyi bu video əslində İslam Dünyasının hansı halda olduğunun xəbərçisidir. Acı, ancaq gerçəkdir!

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır