!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Musa Yaqub: Mənə “Fəxri Xiyaban” lazım deyil – MÜSAHİBƏ

!Reklam – Yazi

Çağdaş Azərbaycan ədəbiyyatının böyük şairi Musa Yaqub… O, Tanrının bizə, ədəbiyyata bəxş etdiyi dəyərli, görkəmli, təkrarsız, yazdığı şeirlərin hər misrasında öz torpağına, vətəninə, təbiətə və insana məhəbbət bəsləyən şəxslərdən biridir.

Ustad şair Musa Yaqubla söhbətimiz də ötüb-keçən xatirələrdən başladı. O, yaşadığı illərin acılı-şirinli xatirələrini Yeniçağ.Az-ın oxucuları ilə bölüşdü.

15644346_1710782392570274_304226407_n

– Musa Yaqubu xoş gördük. Bir ara səhhətinizdən narazı idiniz, indi necəsiz?

-Xoş gəlmisiz. Çox sağ olun, indi pis deyiləm, yaxşıyam, babatam… “Babat” indiki yaş üçün yaxşı sözdür.

– Ədəbi fəaliyyətə 1957-ci ildə başlamısınız. “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poemasını yazmısınız. O illəri necə xatırlayırsınız?

-“İki qəlb, iki dünya” poeması 1959-cu ildə çap olunub. Həmin ildə də “Azərbaycan” qəzetinin 4 nömrəsində ard-arda çap olunub. Amma o vaxta qədər çıxış eləməmişdim, çünki Göyçay Pedaqoji məktəbini bitirib, Kirşan kənd orta məktəbində dərs deməyə başladım. Orada dərs dediyim müddətdə bu poemanı göndərdim Məmməd Rahimə. Nəhayət ki, çox çətinliklə bu poema çap olundu. Bu poema ondan bəhs edir ki, o vaxtı Moskvada 1957-ci ildə festival keçirilirdi. Həmin festivalda dünya gəncləri iştirak edirdi. Qəhrəmanlarım Azərbaycandan Azad adlı tarçalan oğlan, Təbrizdən Gülşən adlı bir qız idi. Yəni onlar hər ikisi öz ölkələrinin adından iştirak edirdilər. Onların arasındakı məhəbbət, hörmət… Əslində, bu Cənub mövzusu idi. Əsər pis deyildi, amma çox çətinliklə başa gəldi. Əsər çap olunandan sonra hamının təəccübünə səbəb olmuşdum. Bu poemadan sonra mən daha çox yaradıcılıqla məşğul olmağa başladım. 1957-59-cu illər mənim ən çox mənəvi əzab, əziyyət çəkdiyim illər idi. 60-cı illərin isə poeziyası tam başqa şeylər tələb edirdi, yəni tərənnümnən, həsr etmədən, siyasətdən uzaqlaşıb çox qəribə bir poetik məna kəsb etməli idi. Poeziyaya təzə ruh lazım idi. O vaxt pafoslu, gurultulu sözlər ədəbiyyatda çox idi. Yeni sözlər lazım idi ədəbiyyatda. Yeni şeirlər yazıb göndərirdim, qaytarırdılar. Doğrudan da indi hiss edirəm ki, o şeirlər şeir deyildi. Bu poemadan sonra üzümü tutdum təbiətə və başladım təbiətlə söhbətləşib yazmağa. Çünki mən təbiətin ağuşunda doğulmuşdum, Buynuz kəndində. Oranın çaylarını, dağlarını, meşələrini, ağaclarını, hamısını tanıyıram. Onların simasında mən yeni fikirlərimi deməyə nail oldum.

– Söhbət zamanı özünüz də qeyd edirsiniz ki, bəli, 1957-ci ildən yaradıcılığa başlamışam. Musa Yaqub niyə məhz şair oldu? Hər halda başqa bir peşə sahibi də ola bilərdi…

– O artıq məndən asılı olan bir şey deyildi. Bəzən hamı deyir ki, şairlik vergidir, Allahın bəxşi, taleyidir. Bunlar düzdü, amma sənin beyninə, ürəyinə gələn fikri sən duyğulandırmırsansa, zəhmətə qatlaşmırsansa, lap Allah min dəfə sənin taleyinə yazsa da, sən yerinə yetirə bilməsən şair ola bilməzsən. Məsələn, hansısa dəni atırsan torpağa, torpaq onu çürüdə də bilər, ayılda da bilər. Yəni toxumun əkildiyi yerdən və özündən asılıdır. Mən bu suala tam cavab verə bilmirəm.

– Yaradıcılığa bağlı birisiniz, illərdir yazırsınız. Bu qədər şeir arasında özünüzə həsr etdiyiniz və o misraları özlüyünüzdə xatırlayanda kövrəldiyiniz şeir varmı?

– O vaxtı elə də kövrəlmirdim. Amma indi o illərin şeirlərini oxuyanda kövrəlirəm. Çünki həm ömür yada düşür, həm də sonradan yaddan çıxan şeirləri indi xatırlayanda düşünürəm ki, yəni, bunları mən yazmışam? Elə bilirəm ki, köhnə dostlarla, duyğularla, xatirələrlə görüşürəm. Keçən ömür çox ağır olur insan üçün, illah ki, yaşlanandan sonra. Əlbəttə ki, yazdıqlarım şeirlər arasında məni kövrəldən misralar çoxdur.

15645589_1710782419236938_1806741955_n

– Sizi kövrəldən xatirələr var. Keçmişə varanda sizi daha çox kövrəldən xatirədən danışın…

– Xatirələrim çoxdur. Həyat özü bir xatirədir. Keçənlər ki, xatirəyə döndü mənim üçün hamısı maraqlıdır. Biz uşaq vaxtı dostlarla 5-6-7-ci sinifə qədər ibtidai məktəbdə oxuduq. Sonradan bizi apardılar Topçu kənd orta məktəbinə…. Buynuzdan 6 kilometr aralıda idi. Səhər tezdən şaxtada hamıdan tez durub bir-birimizi haylayıb, bir topa uşaq yığışıb məktəbə gedirdik. Biz elə tez gedirdik ki, o məktəbin şagirdləri hələ gəlmirdi. Ən birinci Buynuz kəndinin uşaqları gələrdi. İndi o yollarda biz nəllər görüb, nələr etmişik (ah çəkir və fikrə gedir- red). Onlar hamısı nağıl kimi idi. Çünki o dövr tam başqa idi. Yoxsulluq, əziyyətli bir vaxt idi. Amma bircə onu deyim ki, o dövrdə məhəbbət, gələcəyə ümid böyük idi, ürəyimiz dolu idi. Adicə gül-çiçəkdən adam ümid umurdu. İndiki vaxt olsaydı adam məhv olardı. O zamanlar biz hər şeyə ümidlə baxırdıq. Gecə-gündüz kitab oxuyardıq.

– Deyirsiniz ki, indiki vaxt olsaydı məhv olardıq. İndiki vaxt dedikdə nəyi nəzərdə tutursunuz?

– Onu demək istəyirəm ki, bu dövrdə insanın hər şeyi var. Amma inkişaf edincə, çörək bollaşınca, vəziyyət yaxşılaşınca, tam başqa olur. Biz amma o zaman çörək tapmaq haqda düşünürdük. Məsələn, necə qazanaq, necə yeyək, nəyi görək, hara gedək, hansı yola üz tutaq. İndi hər şərait var, amma tamamilə insanların duyğuları başqadır. Bizim o vaxt indiki vaxta baxanda mehribançılığımız daha çox idi. O vaxt qapıdan qapıya yollar çox idi, qonşu ilə qonşu arasında qapı olmazdı, onlar arasında incə hisslər, duyğular, bir-birinə kömək etmək vardı. İndi bunlar bir az çəkilib, insanlar bir-birindən uzaqlaşıb. İndi dünyanın nifrəti də, kini də böyüyüb. O vaxt yumruq davası idi, indi güllə davasıdır.

– O vaxt yumruq davası idi, indi güllə davasıdır. O vaxtdan bu vaxta insanlar dəyişib, yoxsa…

– Zaman yoxdu dünyada. Elə zaman eyni zamandır, gün batır, gün çıxır. İnsanların özü zamanı dəyişib. Zamanı da, dünyanı da insan dəyişir.

– Xatirələrinizdə dostlarınızdan danışdınız. Deyəsən, dostlarınıza bağlı insansınız, onları çox istəyirsiniz. Keçmiş dostlarınızla əlaqələriniz əvvəlki kimi sıxdır, yoxsa onlar da xatirələrdə qalıb?

– Buynuz kəndində biz may bayramları keçirdirdik. Bu bayramda bütün Buynuz kəndi yığışardı hərəsi öz kampaniyasını düzəldib, evdən 1 stəkan düyü, 1 stəkan lobya gətirib, öz kampaniyası ilə bu bayramı qeyd edərdi. Biz də dostlarla oyunlar təşkil edib oynayardıq, yelləncəkdə yellənərdik. Dostlarla bizi əvvəllər həmyaşıd olmağımız birləşdirərdi. Əvvəlki dostlarımdan iki, üç nəfəri qalıb, onlarla da əlaqə saxlayıram. Xalid adlı çox yaxın dostum vardı, o İsmayıllıda oxuyurdu, mən Topçuda. O, qəzaya düşüb rəhmətə getdi. Onun ölümü məni çox kədərləndirdi. Onlardan Rəhim tibb elmləri namizədidir, əlaqə saxlayıb görüşürük. Biz görüşəndə sözümüz, söhbətimiz tam başqa olur. Bir yerdə sirrimizi açıb güləndə min adam yanımızda olsa bizi başa düşməz. Amma biz o günləri xatrırlayıb gülürük, o günlərdən ilham alırıq. Novruz adlı bir dostum var o kənddən, gedəndə görüşürük. Getdikcə bəzi dostlar sıradan çıxıb gedir. Ağahüseyn adlı bir dostum vardı, ömrüm boyu günümüz bir yerdə keçib. Çörəyimiz, duzumuz, suyumuz bir yerdə idi. İndiki dostlar kimi bizim fırıldaq işlərimiz yox idi (gülür- red). Bizdə qalayçı İsmayıl vardı, Dağıstandan gəlmişdi. Oradan bizə çoxlu qalayçı gələrdi. Həbib kişinin oğlu, bir də İsmayıl. O bizim kəndə gələndə deyirdi ki, “mən Buynuz kəndə gələni yaman bijloğlar öyrəndim” (bicliklər- red). Əgər o bu qədər mehribançılığın içində bijloğlar öyrənirdisə, indi görün dəmiryolunda, Ucarda, Yevlaxda nələr öyrənərdi. Dostlarım mənim yaradıcılığımda da var, “İndi desəm nağıldır” adlı poemamda onlardan bəhs etmişəm. O günlər həmişə yaşayacaq bizim könlülmüzdə, xatirələrimizdə… Bir, iki bənd deyim o poemadan:

15673311_1710782415903605_999806571_n

Builki dərsinizdir,
Başlayaq işə;
Sizə də ilk dəfə yetişər səsim.
Amma, əzizlərim, mənim həmişə
torpaqlıqda olub birinci dərsim
Bəli, torpaq haqda,
torpaq müqəddəs,
Gərək yadınızdan çıxmasın bu dərs.
O da can kimidir, satıla bilməz,
Vətəndi, atadı, anadı torpaq.

Odur ilk mayası yoxun, varın da,
Soyumaz nəfəsi qışın qarında.
Yerdən ulduzlara uçanların da
Ümidi torpaqdır, qanadı torpaq.

İndi ki, xamı var, yorğunu da var,
O da bir canlıdır, bizdən haqq umar.
Bitirər sünbülü iki şah damar:
Bir adı zəhmətdir, bir adı torpaq.

Gərək tər tökəsən hər qarışına,
O da ruzusunu tökə başına.
Quru kəsəyinə, çopur daşına
Tum səpən deyər ki, canadı torpaq.

Axı, torpaq eşqi çağırıb sizi,
Yəqin bu həvəslə çağlayırsınız.
Hə, siz də bu gündən taleyinizi,
Deməli, torpaqla bağlayırsınız.

Dəmir atlarınız süzəcək sabah,
Haray qoparacaq tarlada, düzdə.
Yarar kotanınız yerin bağrını,
Göyərər eşqiniz torpağın üstə.
Bəlkə çox asandır peşə qazanmaq,
Bu peşəni sevmək hünərdir ancaq.
İyirmi ildir ki, mən bu sinifdə…
Yaxşı, yaxşı…
Hələ qoy tanış olaq.
Adın?
– Kərim Qafar oğlu,
– Mənimki Fəzli.
– Qafar oğlu Kərim?
– Elədi, bəli.
– Mənim adım Laçın,
– Onunku Səlmi.
– Bu adlar nə qədər yaxındır mənə.
Bu adlar alıcı bir xəyal kimi,
Məni о günlərə apardı birdən.
О kotan çarxları səsləndi yenə,
Torpaq qoxusunu duydum yenidən.
Bilirsinizmi mən,
Kotançı olmuşam,
payızda, yazda,
İş yerim о dağlar, о düzlər idi.
Onda matorumuz, maşınımız da
Kəllər, arabalar, öküzlər idi.
Eh, sizə nə var ki…
kəllə, öküzlə
Gecəni-gündüzə qatanlar idik,
Boyunduruq üstə yatanlar idik.
О zəncir səsləri,
О kənd, о torpaq
Bir də ki, mən özüm cılız bir uşaq…
Hə, kotançı Qafar, kotançı Fəzli
Bir də Səlmi xala –
gülər, məzəli…
Biz kələ qoyardıq Laçın adını.
Laçın kəl var idi –
qara pəhləvan,
Vermişdi kötana öz həyatını…
Könlümdə sizinçin bir nağıl yatır,
İndi də gözümün qabağındadır:
Yekə Qafar yapışıb
Kotanın dəstəyindən;
Biz də iki çubuqla –
Yetim Fəzli, bir də mən.
Öküzlər cərgə-cərgə,
Kotanlar da dalbadal;
Çubuğumuz şipşumal,
Əllərimiz havada,
Öküzü qovhaqovda.
Dib kəlimiz Laçındır
Bozla, Düzək cilovda.

İndiki vaxtda yaşayış çətinliyi yoxdur, insanlarla ünsiyyət tapmaq çətindir. Biz ondan sonra Göyçay pedaqoji məktəbinə getdik. Dostum Comərdlə orada 4 il oxudum. O vaxt Göyçayda çörək tapıb, dükandan çıxartmaq çox çətin idi. Orada Minurə xala adlı bir qadın vardı, o, bizə həmişə növbədənkənar çörək vərərdi. Gizlincə saxlayardı çörəyi, biz də dərsdən sonra gedib alardıq. Bir gün bizə çörək saxlaya bilməmişdi, növbə çox imiş. Həmin gecə bütün məktəbin uşaqları ac qalmalı olduq. O aclıqdan bizi qurtaran Alı kənddə oxuyan dostlarımızdan biri Süleymanov Elxan idi. O gecələr gedərdi bizə çörək tapıb gətirərdi ki, biz ac qalmayaq. Bizim oxuduğumuz illər çox çətin vaxtlara düşmüşdü, amma sevgimiz, əqidəmiz, ümidimiz çox böyük idi.

15665994_1710782385903608_1719474687_n

– Təbiətə bağlı olduğunuzu da deyirsiniz. Musa Yaqub təbiətə niyə bu qədər bağlıdır, nədir təbiətə çəkən?

– O da sirr kimi bir şeydir. Biz təbiətsiz yaşaya bilmərik. Bizim dövrümüzdə təbiəti məhv etmək yox idi, gözəlləşdirmək var idi. Təbiəti hiss etmək isə baş hisslərdi. Yəqin ki, o hissləri də Allah mənə vermişdi ki, yerin, göyün, torpağın qədrini bilsin. Mən insan və dünya haqqında fikirlərimi də ağacla demişəm. Təbiətin dili ilə insanı təsvir etmişəm.

– Təbiətə bağlılıqla yanaşı şeirlərinizdə əsas yeri “ayrılıq” mövsuzu da alır…

– Bəlkə də o sahildə bitən ağacla bu sahildə bitən ağac bir-birini axtarır. Onların arasına tale olaraq çay düşüb, ayrılıq da bundan başlayıb. Bu təbiət ayrılığı deyil, insan ayrılığıdır. İnsanlar da başqa cür bir-birindən ayrılır. Çətindir bu sözü demək (susur- red). Mənim bütün ayrılıqlarım, yaxşı və pisim Buynuz kəndinə bağlıdır.

–  “Ayrılıq”dan yazmanıza səbəb kimdir?

– Nə deyim… Dostlarım, sevgi ayrılıqları olub. Səbəb elə ayrılıqdır. Mənim bir “ayrılıq” şeirim var:

Olanım ötdü getdi,
Qalan günüm, sən yaşa.
Bu dünya ayrılıqdır,
Ayrılıq başdan-başa.
Ayrılıqdır bu payız,
Geri dönməz o bahar.
Yarpaq-yarpaq könlümü
Göynədir ayrılıqlar.
Bir durna qanadında,
Bir gülün həyatında,
Ömrün hər saatında
Min cürə ayrılıq var.
Ya bir doğma, ya bir dost,
Ya bir yar ayrılığı…
Ya da varlıq, araya
Düşüb qar ayrılığı.
Aman, bu ayrılıqlar…
Olanlarım ayrılıq
Olacağam intizar.
O əl çıxdı əlimdən,
Gərək könlüm ayıla
Hara gedim bu yolu
Mən ayrıla-ayrıla?
Qoy dərim o çiçəyi,
Qoy söykənim bu daşa.
Bu dünya ayrılıqdır,
Ayrılıq başdan-başa.
Bütün ayrlıqların
Baş açdım qılığından.
Heç ayrıla bilmədim
Araz ayrılığından.

Bəzən keçmişi yada salıb kövrəlirəm və bir-bir yazdığım şeirlər yadıma düşür. Məni ən çox kövrəldən şeirimsə “Yaşıdlarım… Yaşıllarım”dır (kövrəlir və həmin şeiri deməyə başlayır- red):

Çoxdan bu cığırla qalxmamışdım heç,
Çoxdan Canalıya güzar eyləyib
Yaşıl sərgisində baxmamışdım heç.
Salam, a tək qanad qoca Göyüşüm,
Qoy bu ağaclarla bir-bir görüşüm;
Solanım, qalanım, a yaşıllarım,
Salam, a dostlarım, a yaşıdlarım,
Yaşa dolmusuz ki, əməlli-başlı…
Yaxşıca köhnəmi, təzəmi gördüm,
Mən sizi görəndə özümü gördüm.
Ömrün budaq-budaq nərdivanında
Bir də ayaq-ayaq izimi gördüm.
O döngədə durub ötərdi şən-şən,
Bu vələs quruyub qaxac olub ki,
Odun daşıyanda şələm ilişən
Bu şiv əməllicə ağac olub ki…
Eh, sən də illəri vermisən yelə,
Ay Cökəm, bəzənib-düzənmə belə…
Ömrün hansı çağı qalıb yadında,
Görürəm sinəndə bir ah görünür.
Yarpaq daldasında, qabıq altında,
Ömür qırışların, vallah, görünür.
Sən yarpağa güc ver,
Mən də ki, dilə,
İndi bizi çox şey salar tamaha,
A zalım, bəzənib-düzənmə belə,
Bizə bu hoqqalar yaraşmır daha.
A Palıd,
Sən danış, nə deyir gedib-gələnlər,
Yüz yaşla görüşə bildin, eləmi?!
Axır ki, sənin də ağacdələnlər
Gövdənə girişə bildi, eləmi?!
Nə bilim, deyirik yeri düşəndə,
Guya ki, dərdi-sər qocaldır bizi.
Bəs bu gözəllikdə, bu dağ döşündə
Hardan gəlib tapıb qocalıq sizi.
Ömrümüz enişli-yoxuşlu yolda,
Görürsən yüz ili bir ana gedir.
Oturum qoy bir az bu daş stulda
Bir görüm bu dünya hayana gedir…

– Yenə o yerləri qarış-qarış gəzib və yenidən o təbiətin qoynunda ağaca, bulağa, meşəyə təsvir verib, şeir yazmaq istərdinizmi?

– İstərdim gedim, amma gedə bilmirəm. İndi yaş da o yaş deyil. Amma “Nə olacaq, olacaq” şeirimdə yazmışam ki, indi o daşlar ayağımı qəbul etməz. Bu yaşda dağlara qalxmaq çətindir, amma cavan vaxtı çox gedərdim. İstərdim ki, həmin meşələr olduğu kimi qalsın. Təəssüf ki, hər yerdə meşələri qırıb, dağıdıblar:

15644651_1710782389236941_1218518763_n

Yüzünü kəsdilər, birin əkdilər
Yenə neçə quş yuvası çıxmaz sabaha.
Talandan qalana hasar çəkdilər,
Nə yaxşı, meşəmiz üşüməz daha.

İndi meşələri, dənizləri hasara alırlar. Mən zövq almaq istəyirəm, amma nəfs, tamah insanları dövrəyə alıb. Bu il Nabranda istirahət etdiyim vaxt “Qış gəlir” şeiri yazdım:

Xırdaca budaqlar qırov bağladı,
Hər ağac başına bir cuna düşdü
Keçdi ildırımdan gümüş dolular
Yerdə xəzəllərin ovcuna düşdü.
Dərənin dibini sel, su xışladı
Bir keçəl təpəni dolu daşladı
Qış da ilk dərsini belə başladı
Titrətdi, yol-yamac çovğuna düşdü.
Qrov çəmənlərdən rəngi ovladı
Alıb sarmaşığı, buz buxovladı
Külək yumruladı, tufan qovladı.
Qışın ilk zərbəsi bulğuna düşdü.
Vaxt vardı kirşan iz, döşdə çapardı
Yerdən qarı da göydə qapardıq.
Bir az gücüm vardı, payız apardı
Qışımız bir yorğun, bir ömrü yorğuna düşdü.

– Yazdığınız bu qədər şeir arasında nə vaxtsa imtina etdiyiniz şeir olubmu?

– Yox, heç birisindən imtina edə bilmərəm, çünki onlar mənimdir. İmtina etdiyim iki şeir var, biri “Sarı sarmaşıq, biri də “Atmaram səni” adlı. Bir hörmətli yazıçı vardı, o vaxt mənə dedi ki, “a bala, sən təbiətdən yazırsan ona görə deyirəm. Sarmaşığın taleyindən yazanda onu tənqid etmə. Allah onu elə yaradıb”. Sarı sarmaşığın kökü olmur axı, o ya ağacda, ya budaqda, ya da bir qanqalın yanında ondan qida alıb yaşayır. Mənsə sarmaşığı şeirimdə tənqid edirəm ki, sən niyə beləsən. Bir də o biri şeirimi Famil Mehdi hardasa tənqid edib ki, Musa Yaqubun bu cür şeir yazması yaxşı deyil. Məsələn, ömür yoldaşıma guya deyirəm ki, “boğazımda qalan bir tikə… atmaram səni”. Yəni qorxma da mən səni atmayacam. O da tənqid edib ki, sən demə atmaram səni, deməli, sən öz məhəbbətinə inanmırsan, sünidir, başqasını özündən asılı eləmək yaxşı deyil. Bu iki şeir həmişə mənim yadımda qalıb ki, həm təbiəti, həm insanı təhqir eləmişəm.

– Yaradıcı insansınız… Həyatda qibtə etdiyiniz insan varmı?

-İnsanlar arasında ürəyi geniş, mehriban, nəfsinə sahib çıxanlara qibtə edirəm. Hər kəsin öz dünyası var.

– Ədəbi arenada yaşlı nəsillə bərabər gənc nəsil də var. Ədəbiyyatda yetişən gənc nəsilə münasibətiniz necədir?

– Çox yaxşıdır. Mən gənc nəsilə çox məhəbbətlə baxıram. Bəziləri deyir ki, gənclər başqa cür olub, keçmişi unudublar. Xeyr elə deyil, bu, bizdən asılıdır. “Saman altından su yeritmək” məsəlini gənclər bizim kimi bilə bilməz, bunu da biz öyrətməliyik ki, onlar yazdıqları şeirlərində keçmiş sözlərdən istifadə etsin. Onlar nə saman, nə samanlıq, nə dən, nə xurma görüb, axı hardan bilsin. Keçmişi unutmaq olmaz, “dəyirman” sözünün özündə elə böyük məna var. İndiki gənclərimiz heç olmasa keçmişi yaxşı bilməlidirlər, biz də öyrətməliyik. Tarix boyu həmişə yaşlı nəsillə gənc nəsil yola getməyib.

Son yazdığım şeiri Məhərrəm Məhərrəmliyə həsr etmişəm. O, rəhmətə gedib. O vaxtı ona müsahibə də vermişdim, uğur diləmişdim. O, bir az dəlisov idi, şair ömrü idi. Onun şeirlərini yenidən oxudum və çox xoşuma gəldi. Ona dərs deyirdim. Indi ona dərs deməyimdən peşmanam ki, o, məndən yaxşı bilirmiş. Cavanlara belə yanaşmaq lazımdır.

– Gənc nəsildən kimləri oxuyursunuz?

– Səhər xanım yaxşı yazır, Ruslan Əli Dost çox gözəl şairdir. Hamısını da oxuyuram. Birini deyib, birini deməsəm inciyərlər məndən.

– Bir vaxtlar Xalq Hərəkatının önündə dayanan ziyalılarımızdan idiniz. Sonrakı proseslər hamıya məlumdur. O vaxtkı fəaliyyətinizə görə peşman deyilsiniz?

-Xeyr, peşman deyiləm. O vaxt bizim ziyalı hərakatımız vardı. Bütün ziyalılarımız yığılırdı və istəyirdik ki, hamı insaflı olsun, iqtidarçılar daha insaflı olsun, nəfslərini saxlasınlar, xalqın qədrini bilsinlər, siyasətlərini düzgün yürütsünlər. Özlərinə yox, xalqa xidmət etsinlər. (şeir deyir- red)

Üstümə nə qırmaq atırsan, bala
Sinəmə ilişən neçə qırov var.
Lap belə gül kimi siyasət ola,
Onda da bir hiylə, bir iftira var.

Biz hakimiyyətə gəlmək istəmirik, biz məsləhət veririk. Ziyalılar gərək, el siyasətinə, xalqa dayaq olsun. Ancaq özü üçün çalışan insan xalq üçün heç nə edə bilməz. İqtidar ya dövlətli, bunlar doyan kimi xalqı görmür, ancaq özlərini görürlər. Hakimiyyətdə olanlar “yalnız məni təriflə” deyirlər. Axı sizin siyasətiniz xalqa xidmət etmir, mən necə tərifləyim?! Böyüyün buraxdığı səhv, kiçiyin buraxdığı səhvdən min dəfə ağırdır. Hakimiyyətdə olanlar düşməni ilə də yaxşı olmalıdır xalqın xətrinə. Əsl siyasət belə olmalıdır. Müəyyən dediyim sözlərə, verdiyim müsahibələrə peşman deyiləm. Hər şeyin vaxtı var.

– Son olaraq nəsə əlavəniz varmı?

-Builki yaradıcılıq fəaliyyətimdən daha çox razıyam. Hamı hamını yaxşı görür. Mən oxucularımdan çox razıyam. Gün ərzində ən azı 10-15 zəng gəlir mənə müxtəlif insanlardan. Oturub yeyib- içirlər, bir az da dəmlənəndən sonra məni yada salıb zəng edirlər. Bu, mənim üçün ən böyük dövlətdir, başqa heç nə istəmirəm.

– Musa Yaqub özlüyündə düşünürmü ki, insanların yaddaşında, xatirində necə qalacaq?

– Nə deyim, bəlkə də yaşadan olmayacaq. İnsanlar əgər mənim sağlığımda mənə diqqət edirsə, demək, öləndən sonra da məni xatırlayan olacaq. Dünya əslində xatırlananda gözəldir. Şairin sözü qalır, mənim bir misramı desələr elə bəs edər. Vəsiyyət də eləmişəm ki, harda anadan olmuşam, orda da dəfn etsinlər məni. Mənə “Fəxri Xiyaban” lazım deyil. Adam torpağın altından nə fəxr edə bilər ki?…

Nə əvvələm, nə indiyəm
Həştadımın içindəyəm.
Axırıncı keçiddəyəm,
Bu keçidi keçib gedim.
O qapıdan girmiş idim,
Bu qapıdan çıxım gedim.
O, bulaqdan çox içmişəm,
Bu bulaqdan içim gedim.
Bircə sot biçin yerim qalıb,
O biçini biçim gedim.
Yarpaq-yarpaq tökülmüşəm,
Sarmaşığa bükülmüşəm.
Kərpic-kərpic sökülmüşəm,
Pəncərəmdən baxım gedim.
O qapıdan girmiş idim,
Bu qapıdan çıxım gedim.
Aləm bütün qalmaqaldı,
Kimlər getdi, kimlər qaldı.
Dünya evi darısqaldı,
Mən də elə durum gedim.
Günahımı, əzabımı qoltuğuma vurum gedim.
Dünya şirin hay-haraydı,
Dünya təmiz haraydı,
Kəndə getmək hər aydı,
Dünyamız bir dəryaydı,
Gah batırır, gah çıxarır,
Gah aşağı, gah yuxarı.
Əyri çayın düz axarı,
Dəyirmandı, çıxım gedim.
Boğazından girmiş idim,
Ulğumundan çıxım gedim.
Ağun ağazda artıq qalan urvamı da yığım gedim.
Gedən getsin, gələn getsin,
Gedən qalsın.
Nişan qalsın, bədən qalsın,
Qoy, məzarım vətən qalsın,
Torpağımı qucum gedim.
Bir də baxım, bir də dönüm,
Ruhum olsun, uçum gedim.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

1483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv