!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müsavat cəlladları” rəzaləti - Hamı narahatdır, tədbir görənsə yoxdur

!Reklam – Yazi

I və II Fəxri Xiyabanda Azərbaycan tarixinin qızıl səhifəsi olan Xalq Cümhuriyyətinə (AXC) həqarətli münasibət davam etməkdədir.

Yenicag.az xəbər verir ki, AXC-nin süqutunda birbaşa iştirakı olan bəzi azərbaycanlı bolşeviklərin başdaşlarını hələ də onların “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirmələri” haqda əsassız iddialar “bəzəməkdədir”.

Ümumiyyətlə, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkənin yeni tarixinə (xüsusilə, 1920-1991-ci illər) münasibətin kökündən dəyişməsi zərurəti ortaya çıxsa da, bu proses olduqca ləng edir.

Təbii ki, bu sırada tarix dərsliklərinin dəyişdirilməsindən də öncə görüləcək əsas iş 70 illik bolşevik işğalını əks etdirən maddi izlərin silinməsi olmalı idi. Ancaq çox təəssüf ki, Azərbaycanda ard-arda dəyişən iqtidarlar bu məsələyə lazımi səviyyədə diqqət yetirmədilər.

Bu laqeydliyin nəticəsində Əzizbəyov, Caparidze və digər bolşeviklərin nəhəng heykəlləri müstəqil Azərbaycanın paytaxtında uzun müddət toxunulmaz qaldı. Bakıda 1918-ci il mart soyqırımının əsas təşkilatçıları olan 26 Bakı komissarının cəsədlərinin qalıqları isə cəmi bir neçə il əvvəl indiki Sahil bağından çıxarılaraq, Suraxanıda torpağa qoyuldu.

XI Ordunun sıralarında Azərbaycanın işğalında iştirak edən Nəriman Nərimanovun heykəli isə yerləşdiyi yüksəklikdən 97 il əvvəl bolşeviklərə peşkəş etdiyi Bakıya hələ də yuxarıdan aşağı “baxmaqdadır”. O cümlədən, Bakıda və digər şəhərlərdə bolşevik liderlərin xatirəsini yaşadan, kommunist işğalını xatırladan küçə adları da, eyni zamanda daşlaşmış kommunist rəmzləri kifayət qədərdir.

Bir neçə həftə əvvələ qədər Bakıda qatil 26-ların adını daşıyan küçənin mövcudluğu bizim yaxın tarixə münasibətimizi göstərməklə yanaşı, ondan ibrət götürmədiyimizi də təsdiqləyir.

Bu qeyd olunanlar məsələnin göz qabağında olan, açıq görünən tərəfləridir. Ancaq paytaxtın bəzi mühüm məkanlarında bolşevizm “yaşamaqla” bərabər, AXC-yə, Cümhuriyyətin siyasi dayağı olan Müsavat Partiyasına həqarətləri də “yaşadır”.
Dünya şöhrətli alim, soydaşımız Lütfi Zadənin məzarı üçün I Fəxri Xiyabanda seçilmiş ərazi bu problemi bir daha bütün ciddiliyi ilə üzə çıxartdı.

Böyük alimin “gor qonşusu” olan şəxslər Lütfi Zadənin səviyyəsində olan elm, mədəniyyət xadimləri deyil, onun ailəsinin əvvəl İrana, daha sonra isə ABŞ-a mühacirətə məcbur etmiş bolşeviklərdir: Əli Bayramov, Yusif Qasımov, Mir Fəttah Musəvi, Haşım Əliyev və başqaları…
Ən acınacaqlısı isə budur ki, adları çəkilən bolşeviklərin başdaşlarında onların “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmələri” haqda yazı adamın gözünü deşir.

Müstəqilliyimizin bərpasından artıq 26 il ötür, gələn il AXC-nin 100 illiyi qeyd olunacaq… Fəxri Xiyabanda isə Azərbaycan istiqlal mübarizəsinin avanqardı olan Müsavat Partiyasına yönələn bu daşüstü rəzalət hələ də aradan qaldırılmayıb. Rəsmi qurumlar kimi və nəyi gözləyirlər, məlum deyil…

Bu aktual mövzu barəsində Yenicag.az-a danışan millət vəkili Nizami Cəfərov bildirib ki, sözügedən məsələ kompleks yanaşma və həll tələb edir:

Nizami Cəfərov

 

“Açığı, bu mövzu əksər ziyalılarımız kimi məni də narahat edir. Həqiqətən də, sovet dövründən qalmış o tip yazıların, lövhələrin dəyişdirilməsi mütləqdir. Fikrimcə, bu işə kompleks çəkildə yanaşılmalı və həll edilməlidir. Yəqin ki yaxın vaxtlarda əməli addımlar atılacaq”.

Tarixçi-alim Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib ki, bu rəzalət həmin işlərlə məşğul olmalı məmurların istiqlal təfəkküründən uzaq olmalarının nəticəsidir:

Məhərrəm Zülfüqarlı

“Bu, həqiqətən Azərbaycan Xalq Cümhuriyyətinə, bütövlükdə, istiqlal məfkurəsinə yüzdə-yüz zidd olan haldır. Görkəmli şəxsiyyətlərimizin uyuduğu Fəxri Xiyabanda vaxtilə bəzi tanınmış bolşeviklər də dəfn olunublar. Yaxşı, bununla işimiz yoxdur. Ancaq onların başdaşlarında Müsavat Partiyası haqqında yazılmış təhqiredici qeydləri silmək çətin deyil axı… Bunu çoxdan etmək olardı.

Ancaq o işləri həyata keçirəcək məmurlar da istiqlal təfəkkürünün olmaması belə biabırçı vəziyyətin yaranmasına səbəb olub. Hazırda mətbuatın o məsələyə belə diqqət yetirməsi çox təqdirəlayiqdir.

Gələn il Cümhuriyyətimizin 100 illiyi qeyd ediləcək, Fəxri Xiyabandakı bəzi başdaşlarında isə “Müsavat cəlladlar” ifadəsi qalmaqdadır. Bu qədər təzad olmaz. Nə qədər gec deyil, o cür qeydlər təcili silinməlidir”.

A. Zeynalov

www.yenicag.az

3586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv