!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müsəlman ölkələri Qüdsü Fələstinin paytaxtı kimi tanımalıdır"

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması Türkiyə başda olmaqla İslam dünyasında ciddi etirazlara səbəb olub. Bu etirazlar fonunda bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) istanbulda keçirilən sammiti də məhz Qüds məsələsinə həsr olunub. Bildirildiyinə görə, İƏT ölkələri Qüds üzrə xüsusi komissiya yaradacaqlar.

Digər ölkələrin də Qüdsü İsrail paytaxtı kimi tanıyacağı təqdirdə, İƏT ölkələrinin həmin dövlətlərlə münasibətlərə yenidən baxacağı da söylənilir. Hətta etiraz əlaməti olaraq, müsəlman ölkələrinin ABŞ-dakı səfirlərini geri çağıracaqları, İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəyi də gündəmdədir.

Maraqlıdır, görəsən bu fonda nəhayət ki, müsəlman ölkələrinin real olaraq, vahid mövqedən çıxış etmələrini görə biləcəyikmi? Yoxsa xarici qüvvələrin təsiri altında yenə də hərə öz marağına uyğun hərəkət etməkdə və müsəlman dünyasını parçalamaqda davam edəcək?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, indiki şəraitdə müsəlman dövlətlərinin Qüds məsələsilə bağlı birləşərək, vahid mövqedən çıxış edəcəklərini proqnozlaşdırmaq çətindir:

“İƏT-in müvəqqəti sədrliyi Türkiyədə olduğundan Qüdslə bağlı məsələdə təşəbbüs ölkə olaraq da məhz Ankara çıxış edib. Türkiyə həm də müsəlman dünyasının bayrağını daşıyacaq həlledici və güclü ölkə olaraq, növbəti dəfə iradəsini ortaya qoymaqla bütün İslam dövlətlərini birləşdirmək və vahid mövqedən çıxış etməklə Qüdsə qarşı yönələn səlib yürüşünü dayandırmaq istəyir. Ancaq bu məsələdə birliyin nümayiş etdirilməsi istiqamətində müəyyən problemlər də var. Aparıcı ərəb ölkələri, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı ABŞ və İsraillə müəyyən sövdələşmələr altında fəaliyyət göstərir.

Ancaq İƏT çərçivəsində həmin dövlətlərin Qüdslə bağlı qəbul ediləcək sövdələşməyə qarşı çıxması mümkün olmayacaq. Çünki ABŞ-la sövdələşmədə yer alan ölkələr bu axına qarşı çıxmaqla ölkələrin yerli hakimiyyətləri özləri üçün ciddi problemlər yarada bilərlər. Bu baxımdan sözügedən ərəb ölkələrinin Qüdslə bağlı sammitdə ona qarşı açıq şəkildə gedəcəklərini düşünmürəm.

Lakin toplantıda onlar yalnız quru bəyanatların verilməsinə daha çox maraq göstərəcəklər. Amma məsələ ondadır ki, Ankara da bu məsələlərdən halidir. Ona görə düşünürəm ki, Türkiyə məsələ ətrafında qəti addımların atılmasına israr edəcək.

Dünya İslam Birliyi Alimlərinin İƏT-ə ünvanlanan müraciətində də liderlərdən birlik nümayiş etdirmək və konkret radikal addımlar atmaqla Qüdsün yəhudiləşdirilməsi layihəsinin dayandırılması tələb olunur. ABŞ-la bütün diplomatik əlaqələrin kəsilməsilə bağlı da çağırış var. Bu problematik məsələdir. Çünki əksər ərəb ölkələri bilavasitə bütün zamanlarda Vaşinqtondan ideoloji, maliyyə və hərbi cəhətdən yemlənərək, idarə olunublar.

Ona görə də onların ABŞ-a qarşı çıxacaqlarını düşünmək çətindir. Ancaq İƏT-in Qüdslə bağlı verəcəyi qərara qarşı da çıxa bilməyəcəklər. Ona görə də indilikdə Qüds məsələsində müsəlman ölkələrinin real olaraq çəkici bir yerə vuracaqlarını proqnozlaşdırmaq çətindir. Ona görə də müsəlman ölkələri hamılıqla, birmənalı olaraq Qüdsü Fələstinin paytaxtı kimi tanımalı, İsraillə bütün münasibətləri kəsməlidirlər.

Həmçinin, Yaxın Şərqdəki təxribat savaşlarına qarşı İslam birliyindən ibarət Müsəlman Ordusunun yaradılması qərarına gəlməlidirlər.

Çünki vahid mövqedən çıxış etmədikcə, ABŞ-la İsrailin dağıdıcı və parçalayıcı siyasəti davam edəcək.

ELÇİN

 

www.yenicag.az

2406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv