“Mütəllibov Xocalı faciəsinin olacağını bilirdi” – Araz Əlizadə

Müəllif: Redaktor

Editor

arazelizade“Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov bilirdi. Mən buna şahidəm”.

Bu fikirləri AzVision.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibovun yaxın dostu, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Deputat bildirib ki, A.Mütəllibov faciənin qarşısını almağa çalışsa da buna nail ola bilməyib: “Ayaz Mütəllibov faciənin baş verəcəyi barədə informasiyanı gizlətməyib. Buna şəxsən şahidəm. Çünki, Xocalıya qarşı təhlükəni bilirdi. Faciənin qarşısını almaq üçün Ağdama pul, hərbi sursat göndərmişdi. Həmçinin, Tahir Əliyevi komendant təyin etmişdi. Eyni zamanda Tamerlan Qarayevi də ora göndərmişdi. Çünki o, Ağdamdan idi və onun Xocalıya kömək üçün imkanları var idi”, -deyə A.Əlizadə vurğulayıb.

Deputat bildirib ki, Xocalı faciəsinin törədilməsində günahkar Ermənistan və onun havadarlarıdır: “Xocalı faciəsinin törədilməsində günahkar Ermənistan, onun arxasında duran Rusiyadır. O vaxt Rusiya prezidenti olan Boris Yeltsinin ətrafında çox sayda ermənipərəst adamlar var idi. Onlar bundan məharətlə istifadə edə bilirdilər”.

Xatırladaq ki, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev bir neçə gün öncə mətbuata açıqlamasında Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bildiyini deyib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır