!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifət tərəfdarları mitinqə əyləncə kimi yanaşır” – Əli Əhmədov

!Reklam – Yazi

eli_ehmedov_esas5Yenicag.az Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədovun Trend-ə müsahibəsini təqdim edir:

– Əli müəllim, müxalifətin referendum əleyhinə mitinqi növbəti dəfə uğursuz keçdi. Özünü “Milli Şura” adlandıran müxalifətin indiki «mitinq taktikası» barədə nə deyə bilərsiniz?

– Əsl həqiqət ondan ibarətdir ki, obrazlı şəkildə ifadə etsək, müxalifət barıtsız patron kimidir. Onun sosial bazasının demək olar ki, sıfıra bərabər olması hər kəsin çoxdan alışdığı reallıqdır. Ona görə də, müxalifətin istənilən cəhdinin uğursuz alınması təəcüblü görünməməlidir. Müxalifətin bəzi dairələrinin referenduma qarşı çıxmasını isə mən onların axına qarşı üzmək cəhdi adlandırardım. Ölkədə Prezidentin referendum təşəbbüsünə böyük etimadın müşahidəsi fonunda antireferendum təbliğatı cəhdlərinə başqa ad vermək mümkün deyil. Xüsusilə də bunu sosial dayağını bütünlüklə itirmiş müxalifət qruplaşması etdikdə, uğursuzluqdan yan qaçmaq mümkün deyil. Bir şey də demək istəyirəm. Nəinki insanlar, təbiət də onlardan bezib. Neçə dəfədir onlar mitinq keçirəndə hava şəraiti kəskin dəyişir. Hava proqnozları sentyabrın 17-ə yağış göstərmirdi. Ancaq gördünüz ki, günün böyük hissəsi necə yağmurlu oldu. Hazırki müxalifət bütün siyasi resurslarını və perspektivlərini itirmiş kiçik, təsirsiz qrupdan başqa bir şey deyil.

– “Milli Şura”nın mitinqində referendumdan, Konstitusiyaya dəyişikliklərindən daha çox digər məsələlərdən, iqtisadi və sosial xarakterli problemlərdən bəhs edildi. Bu necə qiymətləndirilə bilər: taktiki gediş, yoxsa Konstitusiyaya dəyişikliklər ilə bağlı sözün olmaması?

– Çox ehtimal ki, “Milli Şura”nın təhlilçiləri referenduma etiraz adı altında iqtisadi və sosial problemlərin qabardılmasını özləri üçün perspektivlər vəd edən taktiki gediş sayıblar. Mitinqin uğursuzluğa düçar olması onların bu düşüncələrinin həmişəki kimi səhv olduğunu göstərdi. Məlum oldu ki, müxalifətin hətta azsaylı tərəfdarları mitinqə bir əyləncə kimi yanaşır. Hava yaxşı olanda gəlirlər, necə deyərlər, təmiz hava alırlar. Hava şəraiti pis olduqda isə, özlərinə əziyyət vermək istəmirlər. Bu cür təfəkkür və əqidə sahiblərindən insanlar nə gözləsin.

Məsələnin mahiyyətinə gəldikdə isə söhbət ondan gedir ki, insanlar iqtisadi və sosial sahədə mövcüd olan problemlərin həllini müxalifətdən deyil iqtidardan gözləyir. Prezidentin yeni iqtisadi və sosial islahatlar strateqiyası özünün aktiv fazasına daxil olub. Nəticənin yaxın zamanlarda özünü göstərəcəyinə heç kəs şübhə etmir. Əhəmiyyətli siyasi islahatlar aparılmasını nəzərdə tutan referendum bütünlükdə Prezident İlham Əliyevin islahatlar proqramını tamamlamaq məqsədini güdür. İnsanlar bu islahatların müsbət nəticələrə səbəb olacağına inanır. Bu mənada müxalifətin ifasında iqtisadi və sosial problemlər haqqında çıxışlar səmimilikdən məhrumdur və ona kimsə qulaq asmaq istəmir.

– Əli müəllim, “Milli Şura” adlandırılan bir qurumun mitinqlərində din elementi açıq şəkildə müşahidə olunurdu. Nə baş verir: müxalifət, yaxud onun bir qanadı dini radikalizmlə birləşir?

– İqtidar olaraq bizi özünü “Milli Şura” kimi təqdim edən qurumun, yaxud müxalifətin digər qanadlarının təşkil etdiyi mitinqlər qətiyyən narahat etmir. Çünki hər dəfə bu mitinqlər hamıya məlum olan bir həqiqətin növbəti təsdiqinə çevrilir – müxalifət hər hansı ciddi sosial dayaqdan məhrumdur, iqtidarın sosial bazası isə yetərincə genişdir və bu, xalqla iqtidarın birliyində özünün ifadəsini tapır.

“Milli Şura”nın son həftələrdə təşkil etdiyi mitinqlərdə həqiqətən narahatlıq doğuran siyasi müxalifətin dini radikalizmlə birləşməsi, siyasətə din elementlərinin gətirilməsidir. Əvvəla, bu qanuna ziddir. Siyasi partiyaların din elementlərindən, dindarlardan öz fəaliyyətlərində və aksiyalarında istifadə etməsi qanunla qadağan olunub. İkincisi, siyasətə din elementlərinin gətirilməsi dünyəvi dövlət anlayışı ilə bir araya sığmır. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası dünyəvi dövlət elan edilib və bu mənada siyasətə din elementlərinin gətirilməsi ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir. Üçüncüsü isə, bunu mən xüsusilə vurğulamaq istəyirəm, biz ətrafımızda baş verən fəlakətlərdən ibrət dərsi götürməyə məcburuq. Yaxın və Orta Şərqi qana bürümüş hadisələrin ətrafdakı istənilən ölkəyə keçmə ehtimalı böyükdür. Dini radikalizm isə bu işdə ən təhlükəli vasitə ola bilər.

Azərbaycandakı davamlı, dayanaqlı sabitlik indiki halda malik olduğumuz ən böyük nemətdir. Prezidentin həyata keçirdiyi unikal uğurlu siyasət sayəsində qərar tapmış sabitliyi qorumaq təkcə iqtidarın deyil, bütün siyasi qüvvələrin, qrupların, hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Əks halda, hər şey əldən gedə bilər. Nümunə isə göz qabağındadır. Bizim ölkəmizdən çox da uzaq olmayan coğrafiyalarda qan ürpədən insan faciələri, həlak olan on minlərlə insan, dağılan ailələr, yerlə yeksan olan şəhərlər, məhv olan ölkələr, çöllərə düşən, sığınacaq diləyən bütöv millət.

Belə bir şəraitdə siyasətə din elementlərinin gətirilməsini, partiyaların dini radikalizmlə birləşməsini nəinki sabitliyə, əmin-amanlığa, həm də ölkənin birliyinə, dövlətin mövcudluğuna, millətin təhlükəsizliyinə qəsd hesab edirəm. Həyəcan təbili çalınmalıdır. Bütün xalq öz etiraz səsini ucaltmalıdır. Siyasi müxalifətin dini radikalizmə yuvarlanmasının qarşısı qətiyyətlə alınmalıdır. Sonra gec ola bilər.

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv