Nağıllar diyarı Türkmənistan

Müəllif: Redaktor

Editor

basliqDünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzəran keçirirdi. Nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi. Xalqın heç bir dərdi-səri yox idi. Su, qaz, işıq, duz, un kimi vacib nemətlər pulsuz idi. Bu xalqın padşahı elan etmişdir ki, biz bitərəf və bəxtiyar bir dövlət olaraq kimsənin toyuğuna kış demirik, kimsə də bizim toyuğumuza kış deməsin. Padşah öz xalqını çox sevərdi. Onların güzəranının yaxşı olması üçün çox vacib qərarlar vermişdi: Siqaret çəkmək, axşam saat 11-dən sonra əyləncə mərkəzlərinin işləməsi, mövhümatçılıq, təriqətçilik, sosial şəbəkələrdən istifadə kimi zadlar birmənalı qadağan edilmişdi. Xalqın bu qadağalardan əvvəllər çox xoşu gəlməsə də, sonralar alışmışdı.

Prezidentin yaxşı əməllərindən biri də o idi ki, ölkəyə xaricilərin tez-tez gəlib getməsinə o qədər də münbit şərait yaratmırdı. Amma israrla gələnlərə yox da deməzdi. Dünyanın yeganə ölkələrindən idi ki, hər yana viza tətbiq edilirdi. Ölkəyə gələn xaricilər isə vətəndaşlardan daha çox pul xərcləməli idi. Məsələn, Avtobusa minmək ölkə vətəndaşına bir manat idisə, xaricilərə 5 manat idi. Ölkənin vətəndaşları bir-biri ilə evlənsə idilər, başlıq pulu beş min manat, xarici bir oğlan bu ölkədən qız alsa idi, 20000 manat başlıq pulu ödəməli idi dövlətə. Qızın ailəsinə isə əlavə.

Padşah ölkəsini sanki cənnətə bənzətmək istəyirdi, hər yeri ağappağ bəzətdirmiş, gül–çiçəyin əksik etməmişdi. Xalqının keçmişini onlara unutdurmamaq üçün bütün tarixi qəhrəmanlarının heykəllərini şəhərin və ölkənin görünən yerlərində ucaltmışdı. Padşah bir padşah idi ki, gəl görəsən. Haqsızlıq edən məmuru bağışlamaz, haram yeyənlərin günahından keçməz, ahına baxmazdı.

Prezident deyirdi ki, bu illər Bərqərar dövlətin bəxtiyarlıq çağlarıdır. Doğrudan da bəxtiyarlıq çağları idi. Axı onlar hər gün televiziyalarında şit və əttökən şou verilişlərə baxmır, yol keçəndə belə gözlərini sosial şəbəkədən ayırmamaq kimi məcburiyyətdə qalmır, hər gün xəbərlərdə dünyanın bir ucunda bir itin quyuya düşüb çıxa bilmədiyinə, bir insanın intihar etməsinə, bir-birinin başını kəsən insanlara baxıb ürək ağrılarına məruz qalmırdılar axı. Gündə yüz dəfə şəhərdəki tıxacdan və səs–küydən baş götürüb qaçmaq üçün özlərinə söz vermirdilər axı.

Amma onların da dərdi vardı. Bəlkə, onların da dərdi özlərinə dəvə idi. Yeganə dərdləri o idi ki, onlara bu cür şərait yaradan, tez-tez onlara sədəqə paylayan prezidentlərini dillərindən salmamalı idilər. Onun bu səxavətinə qarşı şükürlərin az etməməli idilər. Necə ki, Tanrı insana deyir, sənə verdiklərimə görə mənə şükr et və ibadət et, eləcə də onlar prezidentlərinə şükr və dua etməli idilər. Bu xoşbəxt insanlar təkcə bundan hərdən narazı idi. Bəziləri isə deyirdi ki, təki ac qalaq, bu şükranlığı etməyək. Amma bunu danışanlar ölkəsinin siyasi proseslərə qarışaraq yerlə-yeksan olmasının, bir-birinin başını kəsən müsəlmanların, xarici qüvvələrin quluna çevrilmiş biznesmenlərin onların qanını sormasının dadını bilmirdilər.

Və dünyadan xəbərsiz 2017-ci ilin Asiya Oyunlarına ev sahibliyinə hazırlaşırdılar.

Günümüzün dünyasından qismən təcrid olunub öz həyatlarını yaşayan bu nağıllar diyarına səyahət etmək mənə də nəsib oldu. Və nağılımı yazmağa başladım…(senet.az).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır