!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkobaronlar və cadugərlərin vətənindən reportaj – Foto

!Reklam – Yazi

46192awedfgMeksikaya səfər edərkən, bizə ilk tövsiyələr bunlar oldu: maksimum dərəcədə şəhərin mərkəzindən kənara çıxmayaq, gecələr küçələrdə çox görünməyək.

Xüsusilə, Meksikanın paytaxtı Mexikoda olduğumuz tarixdə şəhərin “Ölülər və ya cadugərlər” günü adlanan bir törənə hazırlıq ərəfəsində olması və küçələrdə içkili insanların çoxluq təşkil etməsi barədə xəbərdarlıq edildi. Amma məşhur deyimdə olduğu kimi, qaydalar onları pozmaq üçündür. Reportaj üçün maraqlı olan yerlərə baş çəkmək, ilgi çəkən məlumatları öyrənmək fürsətini qaçırmaq istəmədik. Çünki biz dünyanın ən çox əhalisi olan (rəsmi 21 milyon, qeyri-rəsmi 27 milyon nəfər əhali yaşayır), magik şəhər sayılan Mexikoda idik.

İtkin düşən 43 tələbə ölkəni ayağa qaldırıb

Mexikoya çatdığımız gün, yəni oktyabrın 26-da qaldığımız hotelin yaxınlığında böyük bir etiraz aksiyasının şahidi olduq. Aksiyanın səbəbini öyrəndikdə Meksika haqqında nə üçün qorxulu nağıllar uydurulduğunu təsəvvür etməkdə çətinlik çəkmədik. Deməli, bu ilin sentyabrında Qerrero əyalətinin İquala rayonuna etiraz yürüşü keçirmək üçün gələn müəllim və tələbələr polisin zorakı müqaviməti ilə qarşılaşıb. Aksiyada fəal olan 43 tələbə və müəllim polislər tərəfindən həbs edilib, daha sonra onlar haqqında heç bir məlumat ortaya çıxmayıb. Aparılan araşdırmalardan məlum olub ki, itkin düşən tələbələr hökumətin göstərişinə əsasən, mafiya ilə əməkdaşlıq edən polislər tərəfindən oğurlanaraq, öldürülüb, cəsədləri isə İquala rayonu ərazisində yandırılıb. Tələbələrin hazırda həbsxanada yatan mafiya qruplarının əlaltıları tərəfindən öldürüldüyü aşkarlanıb. Daha sonra məhbusların bu barədə etiraflarının səs yazısı, cinayətin törədildiyi məkanın foto görüntüləri və cəsədlərin daşınmasının videosunu nümayiş etdirməkdən belə çəkinməyiblər. Bununla bağlı Meksika Baş Prokurorluğu cinayət işi açsa da, hökumət kütlənin qəzəbini sakitləşdirə bilmir. Artıq 2 aydan çoxdur Meksikanın müxtəlif vilayətlərində etiraz aksiyaları keçirilir. Qeyd edək ki, bu hadisə ölkədə təhlükəsizliyin yüksək səviyyədə olduğunu söyləyən Prezident Enrikü Pena Nietonun nüfuzuna ciddi xələl gətirib.

Bizim qatıldığımız Açıq Hökumət Tərəfdaşlığının beynəlxalq Mexiko sammitinin açılışında Prezidentin də iştirak edəcəyini bilən ölkə fəalları böyük bir aksiya təşkil etmişdilər. Amma hotelin yaxınlığında gördüyümüz aksiyadan fərqli olaraq, burada dinc yürüş oldu. 10 minlərlə insan qırmızı köynəklərdə böyük meydan ərazisindən başlayaraq , tədbirin açılışının keçirildiyi “Palace De Bellas”ın qarşısından keçdilər.

Dünyaca məşhur olan Meksika mafiyası

Yeri gəlmişkən, Meksika mafiyasının insan oğurluğu tək 43 tələbə və müəllimlə bitmir. Son prezidentin dönəmində 26 mindən çox insanın oğurlanaraq öldürülməsi haqqında statistika var.
Aşkar şəkildə insan oğurluğu ilə məşğul olan bu mafiyaya kimlər rəhbərlik edir? Əlbəttə, korrupsioner hökumətə bağlı olan narkobaronlar, silah qaçaqmalçıları. Amma Meksika daha çox narkobaronları ilə məşhurdur. Narkotik ticarəti üçün əsas tranzit ölkə olması burada dünyaca məşhur mafiya qruplarının formalaşmasına səbəb olub. Meksika mafiyası Amerika həbsxanalarında olduqca güclü quldur dəstəsi sayılır. Onların əsası 1950-ci illərin sonunda, dəmir barmaqlıqlar arxasında olan meksikalıların, digər məhbus və həbsxana keşikçilərindən mühafizə edilməsi məqsədi ilə qoyulub. Yerli sakinlərin dediklərinə görə, hazırda həbsxanalarda 200-ə yaxın qətl əmri vermək səlahiyyəti olan mafiya rəhbəri və onların sifarişlərini yerinə yetirəcək minlərlə kriminal dəstə üzvləri var. Həbsxanada digər zümrədən olan məhbuslardan qorunmaq üçün onlara “vergi” ödəməyənlər, elə onların özü tərəfindən tez bir zamanda öldürülür. Göründüyü kimi, bu insanların əli çölə də uzanır. Azadlıqda olan istədikləri insanları oğurlatdıra və öldürtdürə bilirlər.

Bundan əvvəlki prezident Kalderon onlara qarşı böyük savaş açmağa başlasa da, nəticədə böyük itkilərlə narkobaronların qoyduğu qaydalara boyun əyməli olub. Bu müddət ərzində nə az, nə çox, düz 60 mindən çox insan həmin savaşda həyatını itirməli olub.

Hazırda Meksikanın ünlü, mifik qanqsterinə çevrilmiş narkobaron El Çapo ləqəbli Haokin Qusmandır. 1993-cü ildə həsb olunan nakrobaron 2001-ci ildə qaçmağa nail olmuşdu. Məhz 60 mindən çox insanın öldürülməsində nakrokartel liderinin birbaşa əmri olub. Yer Kürəsinin bütün qitələrində öz adamları və casusları olan El Çaponun bu ilin əvvəlində həsb olunması barədə xəbər yer alsa da, sonradan təsdiqini tapmadı. Belə ki, narkobaronun polislərdən qaçaraq xilas olması barədə qəzetlərdə məqalələr yer almağa başladı…

Məşhur serial qəhrəmanlarının vətənində

Meksika dünyada kriminal aləmi ilə məşhur olsa da, biz azərbaycanlıların yaddaşında daha çox serialları ilə qalıb. Şəhərin hər addımında polislərin yerləşdirilməsi özümüzü bir qədər təhlükəsiz hiss etməyimizə kömək edirdi. Xüsusilə, mindən çox xarici qonağın qatıldığı tədbirin təhlükəsizliyi üçün hökumət bütün güc strukturlarını gücləndirilmiş iş rejiminə keçirmişdi. Bundan əlavə, Meksikanın bir çox şəhərləri turistik zona sayılır. Amerikalıların ən çox istirahətə gəldiyi dövlətlərdən biri bu qonşu ölkədir. Ona görə də elə bir təsəvvür yaranmamalıdır ki, burada hər kəsin başını kəsə bilərlər. Sadəcə olaraq, hər bir turistə oğrulardan ehtiyatlı olmağı tövsiyə edirlər. Hərçənd Mexiko şəhərində üzləşdiyimiz insanlar gülərüzlü idi, çox pozitiv bir enerjiləri var idi. Xoş əhval ruhiyyəli, yumor hissi yüksək olan bir toplumdur meksikalılar. Ölkədə təhsil səviyyəsinin aşağı olması əhalinin dil biliklərindən sezilirdi. Baxmayaraq ki, iqtisadiyyatlarında, ictimai və sosial həyatlarında qonşu ABŞ-ın böyük rolu var, amma Mexikoda ingilis dilində elementar “salam”, “sağ ol” səviyyəsində dil biliyi belə yoxdur. Ona görə də şəhəri gəzmək istəyənlərin özləri ilə xəritə götürmələri daha məsləhətlidir. Əks halda şəhərdə azdığını, hara getmək istədiyini heç kimə başa sala bilməzlər.

Ölmüş adamlara skelet düzəldirlər

Meksika özünəməxsus mədəniyyəti olan, Latın Amerikasının kültürünü özündə tam əks etdirən bir dövlətdir. Bakının tarixi arxitektur binaları ilə Latın Amerikasına bənzədilməsini Mexikonu gəzərkən anladım. Yüz illərlə yaşı olan ispan və italyan üslublu binalar şəhərə bir möhtəşəmlik verir. Digər tərəfdən yerli əhali sayılan atstek və mayalılardan gələn mədəniyyət Avropa kültürü ilə birləşərək xüsusi bir özəllik yaradıb. Məsələn, orada olduğumuz ərəfədə ölkədə “Ölülər və Cadugərlər Günü” deyilən bir törənə hazırlıq gedirdi. Hər kəs ölmüş ailə üzvünün şəklini insan skeletləri düzəldilmiş maketlərin üzərinə qoyaraq, qəbiristanlığa gedir. Oktyabrın 31-dən noyabrın 2-dək hər kəs üzərində müxtəlif cadugər və insan skeletləri əks olunan geyimlərlə, əllərində şam və İsa peyğəmbərin bütləri, habelə boş tabutlarla məzarlığa doğru yürüş təşkil edirlər. Özü də bu yürüşlər yalnız gecə yarısı olur. Şəhərin müxtəlif güşələri də buna uyğun bəzədilir. Orada qaldığımız günlərdə artıq gecələr qarşımıza balkonlardan insan skeletlərinin çıxmasına vərdiş etmişdik və ilk gündə olan vahimə üzərimizdən çəkilmişdi. Əslində, bu bayram yerli hindu tayfalarından gələn bir ənənə sayılır. Sonradan Meksikanı işğal edən ispanlar da yerli əhalinin adət-ənənələrinə qaynayıb-qarışmalı olub. Lakin ölkədə bununla bağlı fikir ayrılığı mövcuddur. Avropadan gəlmələrin bir qismi düşünür ki, bu, bütpərəstlik adətidir və onun qeyd olunması doğru deyil. Hər bir halda, “Ölülər və ya Cadugərlər” Bayramı (Halloween) dünyanın bir çox ölkələrinə yayılıb.

Bu günün Meksika, ABŞ, İngiltərədə heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri vardır. Mexikoda isə sözügedən ənənənin canlı şahidi olduqdan sonra bu ölkəyə nə üçün magik bir məmləkət dediklərini başa düşdüm…(Bizimyol)

www.yenicag.az

922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv