www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yeniçağ.Az “Oxu.Az”a istinadən xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalına Bakı Humanitar Forumu və Azərbaycanın multikulturalizm ənənələrinə dair “Bakı planetin sosial məsələlərinin həllinin avanqardı” başlıqlı müsahibəsini təqdim edir.

– Cənab Nazir, 29-30 sentyabr 2016-cı il tarixində Prezident İlham Əliyev tərəfindən V Bakı Beynəlxalq Humanitar Forumunun açılışı oldu. Bu tədbirlərin kökləri və xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirik.

– 2011-ci ildən keçirilməyə başlayan Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Artıq biz bu il V Bakı Beynəlxalq Humanitar Forumuna şahidlik etdik. Tədbirin açılışını edən cənab Prezident İlham Əliyev forumun vəzifələri, məqsədləri və hədəfləri, eləcə də ölkəmizin əldə etdiyi uğurlar barədə geniş nitq söylədi və forumun işini yüksək qiymətləndirdi.

– Xorvatiyanın keçmiş prezidentləri İvo Josipiç və Stjepan Mesic, çoxsaylı Nobel mükafatları lauriyyatları, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, bir sıra ölkələrin parlament üzvləri və jurnalistlərdən ibarət 400-ə qədər şəxs bu tədbirdə iştirak edib. Forumun işinə artan marağı nə ilə izah edirsiniz?

– Sizin də qeyd etdiyiniz kimi Bakı Beynəlxalq Humanitar Forumuna dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri, habelə dövlət və hökumət nümayəndələri, nüfuzlu elm adamları, ictimai-siyasi xadimlər və s. dəvət olunur. Forumun işinə artan marağın səbəbi bəşəriyyəti narahat edən aktual məsələlərin həllinin tapılması istiqamətində bu platformada aparılan səmərəli müzakirələrdir. Forumda müzakirə olunan mövzular humanitar sahədə dünyada baş verən proseslərə uyğun olaraq seçilir və beynəlxalq təşkilatların iştirakı təmin olunur. Məsələn bu ilki forumun mövzuları arasında “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”-nın adını çəkə bilərərm. Forumun plenar iclaslarından birinə şəxsən mən özüm rəhbərlik etmişəm. İclasda dünyanın müxtəlif dinlərinin təmsilçiləri çıxış etdi, bu istiqamətdə məhsuldar fikir mübadiləsi apardıq.

– Altı mövzu ətrafında hazırlanan Bakı Beynəlxalq Humanitar Forumu kütləvi miqrasiya da daxil olmaqla bir sıra sosial məsələlər, müasir tibb vasitəsilə jurnalistikanın rolunu əks etdirir. Sizin fikirinizcə hansı məsələ daha çox əhəmiyyətlidir?

– Yuxarıda qeyd etdiyim kimi forumda müzakirə olunan mövzular zamanın tələbinə uyğun seçilir və aktuallığını saxlayır, eyni zamanda bəşəriyyəti düşündürən ümumi məsələlərə həsr olunur. Bu baxımdan mövzulardan hansısa birinin digərlərindən daha əhəmiyyətli olduğunu söyləyə bilmərik. Bu ilki forumda adıçəkilən mövzuların hər birinə dair dəyirmi masalar təşkil olunmuş, təqdimatlar keçirilmişdir. Biz hesab edirik ki, beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcək istənilən mövzuda substantiv müzakirələrin aparılması ümumi işə fayda verir.

– İştirakçıların verdiyi töhfələri nəzərə alaraq bəşəriyyətin qarşılaşdığı çağırışlarla bağlı siz nə düşünürsüz?

– Əfsuslar olsun ki, dünyada təhlükələr və çağırışlar getdikcə artır, son illər dünyanın müxtəlif bölgələrində çox təhlükəli, narahatedici hadisələr baş verir. Qanlı toqquşmalar, müharibələr, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ölkələr humanitar böhranla üzləşib. Eyni zamanda radikalizm və separatizm meyilləri güclənib. Həmçinin Yaxın Şərqdəki müharibələrlə əlaqədar insanlar kütləvi şəkildə Avropaya üz tutmağa başlamış, nəticədə qitə miqrant problemi ilə qarşılaşmış və antimiqrant meyillər güclənmişdir. Mənim ölkəm də etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmdən əziyyət çəkib və çəkir. Humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi Azərbaycan istənilən imkandan faydalanmaqla ümumbəşəri problemlərin birgə həllinin tapılmasında maraqlıdır.

– Multikulturalizm müzakirəyə çıxarılan 6 mövzu arasında idi. Azərbaycanın bu sahəyə verdiyi töhfəni necə görürsünüz?

– Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Burada bütün dinlərin, xalqların nümayəndələri tarixən bir ailə kimi yaşayıb. Bu, bizim siyasətimiz və həyat tərzimizdir.
Biz belə beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə fəal rol oynayırıq. Eyni zamanda qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və multikulturalizmə abidə ucaldılmışdır. Azərbaycan dünyada multikultural ölkə kimi tanınır və beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.

– Qafqazın ürəyində yerləşən Azərbaycan tarixən qovşaq, mədəniyyət və ticarət rolunu oynayıb. Bu forum sizin ölkənizi ideyaların kəsişdiyi yerə çevirmək niyyəti daşıyırmı? Beynəlxalq səviyyədə onun təsirli olması üçün faydalarını necə qiymətləndirirsiz?

– Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Biz təkcə Bakı Beynəlxalq Humanitar Forumunu deyil, hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. 2016-cı ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Həmçinin, “Bakı Prosesi”nin təşəbbüskarı olmuşuq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına, habelə Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişik. Biz yalnız mədəni və humanitar forumlarla kifayətlənmirik, eyni zamanda idman sahəsində də beynəlxalq tədbirləri təşkil edirik. Belə ki, 2015-ci ildə ölkəmizdə 1-ci Avropa Oyunları uğurla keçirilib, 2017-ci ildə il isə Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Bütün bu görülən işlər, keçirilən tədbirlər xalqların bir-birinə yaxınlaşmasına və sülh şəraitində yaşamasına xidmət edir.

– Əməkdaşlıq edilən məsələlərdə nəticələrin faydasını paylaşmaq üçün Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq təşkilatlar və institutlar arasında əlaqələri necə gücləndirməyi düşünürsüz?

Artıq qeyd edildiyi kimi, Bakı Beynəlxalq Humanitar Forumuna beynəlxalq təşkilatların rəhbər şəxsləri müntəzəm olaraq dəvət olunur və onlar bu prosesdə yaxından iştirak edirlər. Burada da əsas məqsəd müxtəlif təyinatlı beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gətirilməsindən, aralarında daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir. Biz bu təşəbbüsü yalnız Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində deyil, BMT miqyasında da sınaqdan uğurla keçirmişik. Belə ki, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirilib Həmçinin ölkəmizin 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi bizə bu istiqamətdə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

– Bu tədbir çərçivəsində Fransa parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşdü. 15 sentyabr 2016-cı il tarixində Fransa-Azərbaycan universitetinin açılışı oldu. Sizin fikirinizcə iki ölkə arasında yalnız mədəni sahədə deyil, eyni zamanda iqtisadi və diplomatiya baxımdan ən qabaqcıl əməkdaşlıq sahələri hansılardır?

Azərbaycanla Fransa arasında əməkdaşlıq çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və bu ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində böyük uğurlara imza atmışıq.

Fransa eyni zamanda ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə səy göstərir.

Eyni zamanda ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm informasiya-kommunikasiya sahəsində, habelə kosmik sənaye və inşaat sektorunda müxtəlif birgə uğurlu layihələrdə iştirak edirlər. Əminəm ki, hər iki ölkənin müştərək maraqlarını təmin edən müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycan-Fransa dostluğunu bundan sonra da uğurla inkişaf etdirəcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."