Nazir BMT-nin rezident-əlaqələndiricisini qəbul edib

Müəllif: resul

Editor

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident-əlaqələndiricisi Qulam İsakzaini və qurumun Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Furio de Angelisi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir yeni təyinatlar münasibətilə onları təbrik edib, BMT-nin ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu xatırladıb, fəaliyyətləri müddətlərində bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Respublikamızın artıq 25 il müddətində Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu nəzərə çatdıran daxili işlər naziri dünyanın bu ən mötəbər beynəlxalq təşkilatı ilə əlaqələrinin genişləndirilməsi, onun çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün olduqca fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.

Daha sonra qonaqlara müstəqilliyin ilk illərində respublikamızdakı gərgin ictimai-siyasi və kriminogen durumla bağlı geniş məlumat verilib, dövlətçiliyin qorunub-saxlanılmasında, daxili sabitliyin bərpa olunub möhkəmləndirilməsində müstəsna rolu olmuş Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən, bütün bunların nəticəsi olaraq qazanılan uğurlardan danışılıb, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyi vurğulanıb. Bu gün həm ölkə vətəndaşları, həm də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələri üçün respublikamızda lazımi şəraitin yaradıldığı xüsusi qeyd edilib.

Ötən əsrin 90-cı illərinin ortalarından ölkəmizdə Avropaya inteqrasiya siyasətinin aparıldığını, demokratikləşmə prosesinin digər dövlət qurumları kimi Daxili İşlər Nazirliyindən də yan keçmədiyini nəzərə çatdıran R.Usubov polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş Qərb dövlətlərinin, mötəbər beynəlxalq qurumların ekspertlərinin də yaxından iştirak etdiklərini, həmin qanunvericiliyin xidməti fəaliyyətdə tətbiqinin böyük önəm daşıdığını bildirib.

Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq mübasibətlərinin davam etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.

Daxili işlər naziri rəhbərlik etdiyi qurumun insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verildiyini, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasından, müasir informasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqindən danışan R.Usubov hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə “Təhlükəsiz Şəhər” Avtomatik İdarəetmə Sisteminin, “102 ” Zəng Mərkəzi sisteminin yaradıldığını xatırladıb. Bu qəbildən olan ən uğurlu layihələrdən biri kimi nazir Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 5 il öncə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin – “ASAN” Xidmətin fəaliyyət göstərdiyi müddətdə vətəndaş məmnunluğunun təmin olunması sahəsində, yeni təsisatın korrupsiya, bürokratiya və digər bu kimi zərərli tendensiyalara qarşı mübarizədə ən təsirli vasitələrdən olduğunu xüsusilə qeyd edib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.

Qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab Qulam İsakzai və Furio de Angelis fəaliyyət göstərdikləri qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidləri olduqlarını, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə səy göstərəcəklərini bildiriblər.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir