Nazirlikdən sosial şəbəkədə yayılan fotolar haqda – Açıqlama

Müəllif: Redaktor

Editor

62423Son günlər bəzi sosial şəbəkələrdə «Polisə ictimai dəstək» sözləri yazılmış xüsusi geyim formasını daşıyan mülki əməkdaşların fotoşəkilləri ilə bağlı müzakirələrə Daxili İşlər Nazirliyindən reaksiya verilib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, belə fotoların yayılması, mövzu ətrafında müzakirələr aparılması ölkə vətəndaşlarının polisin fəaliyyətinə əlavə impuls verəcək yeni təsisatın işinə diqqətindən, bütün cəmiyyətin marağında olan cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahələrinə ictimai dəstəyin əhəmiyyətindən irəli gəlir.

“Prezident İlham Əliyev ölkəmizdə qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2016-cı il martın 2-də «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Fərman imzalayıb və «İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydaları» təsdiq edilib.

Bu fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarı ilə «İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası» qüvvəyə minib. Qaydalara əsasən, ictimai asayişin qorunmasına şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikasının vətəndaşları könüllülük əsasında cəlb olunurlar.

İctimai asayişin qorunmasına vətəndaşların cəlb olunması şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilir. Həmin şəxslərlə əmək müqaviləsi bağlanılır, onlar dövlət hesabına üzərində «Polisə ictimai dəstək» sözləri yazılmış geyim forması, döş nişanı, aylıq ödəniş və xüsusi vəsiqə ilə təmin olunurlar. O da qeyd olunmalıdır ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.

Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar ictimai qaydanın qorunmasında iştirak edən vətəndaşlara da şamil edilir və onlar gündəlik 6 saat xidmətə cəlb olunur, həyat və sağlamlıqları Daxili İşlər Nazirliyi tərəfindən sığortalanır.

Asayişin qorunmasına cəlb olunmuş şəxslər ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində polis əməkdaşları ilə birgə xidmət aparır, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərdə, eləcə də əhali arasında aparılan hüquqi maarifləndirmə işlərində fəal iştirak edirlər.

Xüsusi qeyd edilməlidir ki, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, prezidentin məlum fərmanının icrası çərçivəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən müxtəlif şəhər və rayonlarda mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirilib. Olduqca şəffaf və ədalətli şəkildə keçən həmin tədbirlərdə iddiaçılar arasından seçilən gənclər hazırlıq kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra respublikamızın ərazi polis orqanlarında ictimai asayişin qorunmasına cəlb olunublar və hazırda polis əməkdaşları ilə birlikdə gündəlik vəzifələrinin icrası ilə məşğuldurlar”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır