Nazirliyin bir neçə qurumunda yoxlama aparılıb

Müəllif: Redaktor

Editor

2016-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bir neçə qurumunda Hesablama Palatası tərəfindən planauyğun şəkildə növbəti audit yoxlaması aparılıb. 2014-2016-cı illəri əhatə edən audit yoxlaması zamanı nazirliyin bir sıra tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzərdən keçirilib, mühasibat uçotu qaydaları yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan auditin nəticələrinə görə, maliyyə pozuntusu faktı qeydə alınmayıb, bəzi xırda qüsurlar müşahidə edilib, bununla bağlı Palata tərəfindən yoxlama aparılan qurumlara göstəriş xarakterli tövsiyələr verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb.

Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayiət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlar olduğundan yoxlamalar nəticəsində heç bir məsul şəxs rəsmi qaydada cəzalandırılmayıb. Məsələn, Milli Geoloji Kəşfiyyat Xidmətində qeydə alınan qüsurlardan biri başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatların vaxtında Arxiv Fonduna təhvil verilməməsi ilə bağlı uyğunsuzluqdan ibarətdir. Daha açıq şəkildə və qeyri-maliyyə dili ilə desək, bu, o deməkdir ki, nəticələr istənilən dövlət və özəl qurum üçün hazır vəziyyətdədir, lakin onu təhvil verərkən mühasibat uçotunda müvafiq qeyd aparılmayıb (bu, ona bərabərdir ki, biri aldığı borcu qaytarıb, borcu qaytarılan adam bunu bilir, özündə qeyd edib, lakin borcu qaytaran isə öz dəftərində bunun qeydiyyatını aparmayıb). Yaxud bəzi ekspedisiyalar tərəfindən Milli Mühasibat Uçotu Standartlarına uyğun maliyyə hesabatları tərtib edilməməsi irad tutulub. Belə xırda qüsur və nöqsanlar olduğundan Hesablama Palatası Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib və müəyyən edilmiş digər xırda nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verib.

Meşələrin İnkişafı Departamentində də aparılan audit yoxlamada təxminən eyni qəbildən qüsurlar aşkarlanıb. Məsələn, əməkhaqqı hesablanarkən bir neçə əməkdaşın əməkhaqqından, ümumilikdə, 290 manat məbləğındə gəlir vergisinin səhvən tutulmadığı müəyyən edilib. Bu da xırda nöqsan kimi qeydə alınıb və həmin vəsaitin büdcəyə qaytarılması təmin olunub.

Ümumiyyətlə, həyata keçirilən maliyyə-audit yoxlamalarından asılı olmayaraq ETSN-in bütün tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzarətdədir və buna görə də bütün tabeli qurumların hamısında büdcə vəsaitlərindən səmərəli istifadə olunur və hər il xeyli miqdarda pul büdcəyə geri qaytarılır.

Ümumilikdə, nazirlik tərəfindən 2014-cü ildə 3 milyon 526 min manat, 2015-ci ildə 7 milyon 794 min manat, 2016-cı ildə 4 milyon 679 min manat büdcə vəsaitinə qənaət edilərək büdcəyə geri qaytarılıb. Buna baxmayaraq ETSN tərəfindən mövcud qənaətli büdcə çərçivəsində müvafiq illər üzrə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, yenidənqurma işləri davamlı olaraq həyata keçirilib.

Büdcədən ayrılmış vəsaitə qənaət edilməklə yanaşı, eyni zamanda, son illərdə büdcədən heç bir əlavə vəsait istənilmədən Nazirliyin cərimə və iddialardan daxil olan büdcədənkənar vəsaitləri hesabına təkcə hidrometeorologiya və ətraf mühitin monitorinqi şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılması, verilən proqnozların keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 1 milyon 465 min manatlıq avtomatlaşdırılmış meteoroloji və monitorinq stansiyaları alınaraq bütün respublika ərazisində quraşdırılıb.

Təəssüf ki, bəzi saytlarda Hesablama Palatasının Respublika miqyasında apardığı yoxlamaların nəticələri barədə yaydığı ənənəvi məlumatlar sensasiya xatirinə yanlış istiqamətdə yozulur və ya məlumatın mahiyyəti dəyişdirilərək ictimai fikirdə çaşqınlıq yaradılır. Maliyyə və mühasibat işindən anlamadan mahiyyəti yanlış istiqamətə yozanlar üçün ümid edirik ki, yuxarıda qeyd edilən məntiqi arqumentlər, faktlar və rəqəmlər yetərli olacaq.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir