yenicag.az
yenicag.az

Nə üçün vitse-prezident Vasif Talıbov olmalıdır? – Şərh

Nə üçün vitse-prezident Vasif Talıbov olmalıdır? – Şərh

Müəllif: Redaktor

Editor

timthumbBu günlərdə cəmiyyətimizdə Konstitusiya dəyişikliyi nəticəsində yaradılacaq olan vitse-prezident postuna ən layiqli namizədin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun olduğu barədə konkret fikirlər səsləndirilir. Uzun illərdir, siyasi prosesləri təhlil edən bir jurnalist kimi mən də bunun səbəbləri barədə düşündüm. Və bir daha əmin oldum ki, yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü, qəti siyasi mövqe, dərin sədaqət və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə bu keyfiyyətləri, nümunəvi addımları ilə xalqın sevgisini qazanırlar. Cənab Vasif Talıbov da məhz belə bir dövlət xadimidir. Onun vitse-prezident postuna namizədliyinin qəti şəkildə dəstəklənməsinin əsas səbəbi də məhz budur.

Bu gün inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, tikilib ucaldılmış, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan diyarında yaradılan yüksək nizam-intizam hər kəs tərəfindən alqışlanır. Təsadüfi deyil ki, bir çoxları Naxçıvanı “Şərqin qapısı”nda qurulan kiçik Avropa” adlandırırlar. Cəmiyyətimiz çox yaxşı bilir ki, bütün bunları yalnız və yalnız nadir siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və mübarizə məktəbinin bilavasitə yetirməsi olan bir dövlət xadimi həyata keçirə bilər. Həmin dövlət xadimi də məhz cənab Vasif Talıbovdur.
Bu məqamda xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 5-də keçirilən sessiyasında birinci dəfə muxtar respublikanın başçısı seçilən cənab Vasif Talıbovun bəyan etdiyi aşağıdakı mülahizələr bügünkü reallığı dolğun şəkildə əks etdirir. O deyib: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.

Bu qısa bəyanatda həm tarixin bütün sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, həm də böyük əzmkarlıq ifadə olunub. Sonrakı illərdəki gərgin, ardıcıl və səmərəli fəaliyyətin uğurlu nəticələri seçilmiş yolun nə qədər düzgün olduğunu bir daha təsdiq edib. Bu, ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdəti baxımından canlı örnəyə çevrildi. Beləliklə, dahi şəxsiyyət Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli yarandı. Bu böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafdan yeniləşməyə və intibaha doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrildi.

Bu gün Azərbaycan cəmiyyəti düşmənə göz dağı olan Naxçıvanın sürətli inkişafının dönməz xarakter almasının, islahatların uğurlu sonluqla tamamlanmasının, burada formalaşan gözəl ənənələrinin ölkəmizin bütün bölgələrində tətbiq olunmasının tərəfdarıdır. Yəni cəmiyyətin sağlam qüvvələri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi ənənələrin etibarlı səviyyədə qorunmasının özünün də bir ənənəyə çevrilməsi ideyasını dəstəkləyir. Bu yol təkcə muxtar respublikamızı deyil, həm də ümumi evimiz olan Azərbaycanı daha böyük uğurlara doğru aparır.

Özünün şaxələndirilmiş hərtərəfli inkişaf epoxasını yaşayan Naxçıvanın beş min illik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bütün şəhərlərində inşa olunan və ya əsaslı təmir olunan binalarda Şərq və Qərb üslubunun üzvi sintezi milli memarlıq ənənələrinin yeni çalarlarla zənginləşdirilməsinə şərait yaradıb. Bu gün qədim Naxçıvanın zəminində yeni bir şəhər – müasir Naxçıvan ucaldılıb. Müasir Naxçıvan bu gün yeni tipli Avrasiya şəhəri kimi diqqətləri üzərinə cəlb edir. Eyni prinsiplər Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində – Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərəkdə aparılan quruculuq proseslərində də özünü qabarıq şəkildə göstərir. Bu isə regionda şəhərsalmada və memarlıqda aparılan uğurlu dövlət siyasətinin bəhrəsi, inkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən il noyabrın 17-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasındakı çıxışında demişdir: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır”.

Bir məqama da diqqət çəkmək istəyirəm. Tam 25 ildir, iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının layiqincə yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunub.

1996-cı ildən ötən dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılıb. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb.

Qeyd etdiyimiz kimi, muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütün bunlar geniş ictimai rəydə iqtisadi inkişafın “Naxçıvan möcüzəsi” adlandırılır.

Həqiqətən də sübut olunub ki, seçilən yolun, sözlə işin, əməllə əqidənin vəhdəti böyük uğurların əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə əqidə bütövlüyü ilə böyük əməllərinin vəhdətini xüsusi olaraq nəzərə çarpdırıb, əldə edilən nailiyyətlərdə Vətən və torpaq sevgisinin xüsusi rol oynadığını bildirərək deyib: “Siz Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin, Ali Məclisin sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

İşgüzarlıqları, prinsipiallıqları ilə birlikdə Vətən sevgisinin misilsiz nümunəsini göstərən fədakar insanlar sözün həqiqi mənasında, qədim diyarımızı gülüstana çeviriblər. Bu potensialı hərəkətə gətirən, ona istiqamət verən dövlətçilik, quruculuq, idarəetmə sahəsində zəngin təcrübəyə malik RƏHBƏRDİR. Məhz buna görə də qədirbilən naxçıvanlılar ötən ilin noyabr ayının 17-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında cənab Vasif Talıbovun yenidən Ali Məclis Sədri seçilməsini alqışlarla qarşılamışdılar. Bu seçimi alqışlayan muxtar respublikanın hər bir sakini əmin idi ki, qədim diyarımızda milli-mənəvi, ideoloji dəyərlərimizin yaşadılması, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişlərin əldə olunması bundan sonra da təmin olunacaq, iqtisadi-sosial tərəqqi yeni mərhələdə davam etdiriləcəkdir.

Türk dünyasının böyük oğlu, dahi siyasətçi, ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bugünkü Naxçıvan məhz ulu öndərimizin arzularındakı Naxçıvandır. Bu gün də dahi şəxsiyyətin doğma Naxçıvanla bağlı bütün arzuları inamla həyata keçirilir. Bunu reallaşdıran İnsan isə ümummilli liderin nurlu yolunu qətiyyətlə, inamla davam etdirən, xalqa, doğma Vətənə xidməti, dövlət-xalq və xalq-dövlət birliyini öz həyat devizinə çevirən vətənsevər Rəhbər olan cənab Vasif Talıbovdur. Bütün bunları görən Azərbaycan cəmiyyətinin siyasi fəallarının vitse-prezident postuna Onun namizədliyini dəstəkləmələri təbiidir.

Araşdırma, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti