www.sinerjipro.net

SinerjiProWide
Reklam

10995663_1577676915839300_9010221327893641807_nBəzi insanlar düşünürlər ki, xoşbəxt olmaq üçün bəzi şərtlər mütləq yerinə yetməlidir: rahat ev, gözəl ailə, yaxşı təhsil, yüksək gəliri olan maaş və s. Bu saydıqlarımı əldə etməyə çalışmaq, əlbəttə ki, çox normaldır və bu şeyləri də istəmək hər bir insanın haqqıdır. Ancaq bunları xoşbəxt olmaq üçün həyat amalına çevirmək doğru deyil. Bir qrup insanlar vardır ki, çıxış yolunu, yəni xoşbəxt olmağın yolunu ölkəsini tərk edib xaricdə yaşamaqda görür…

Son zamanlar xaricdə həyatını davam etdirmək istəyi, xüsusilə, gənclər arasında dəb olan mövzulardan biridir. Orta məktəbi, yaxud da ali məktəbi qurtaran bəzi gənclər müəyyən səbəblərə görə öz ölkələrində yaşamaq istəmirlər, oxumaq, yaxud da təhsillərini davam etdirmək üçün xarici ölkələrə can atırlar. Əlbəttə, öz ixtisaslarına uyğun daha yaxşı təhsil müəssisələrində oxumaq gözəl istəkdir. Əgər belə bir imkan varsa, bu imkanı dəyərləndirmək həm insanın özü üçün, həm də aid olduğu ölkə üçün çox faydalıdır. Bəzi insanlar da var ki, kor-koranə, sadəcə istəyirlər ki, hər hansı bir ölkə tapıb “başlarını götürüb” qaçsınlar.  Sanki gedəcəkləri o ölkə xoşbəxtlər ölkəsidir və gedib o ölkədən xoşbəxtlik nəsibini alacaqlar. Bəzən də həmin gənclər öz ölkəsini, həmvətənlərini bəyənmirlər. Mədəniyyətlərini, yaxud da insanları aşağı səviyyədə, geridə qalmış görürlər. Doğma cəmiyyətləri onları sıxır, baxdığı xarici filmlər onlarda o ölkələrə qarşı xüsusi rəğbət yaradır.

Kinofilmlərdə, musiqi kliplərində göstərilən macəralar, dəbdəbəli həyat, xüsusilə, rahat və müstəqil həyat tərzləri insanların marağını cəlb edir. Bunu görən ali təhsilli gənclər belə hər nə bahasına olursa-olsun, hətta gedib o ölkələrdə süpürgəçi,  satıcı kimi işləsələr də, buna can atırlar. Bu minvalla xoşbəxt olacaqlarını düşünürlər.

Halbuki inkişaf etmiş həmin ölkələrdə belə insanların yaxşı həyat tərzi olanı da, pis olanı da var. Məsələn, 2013-cü ildə verilən açıqlamalara görə, ABŞ-da 45.3 milyon insan aclıqdan əziyyət çəkir. 2012-ci ildə isə aparılan araşdırmalara görə, ABŞ-da 467,000 insan isə heroin aludəçisidir və bu say hər gün daha da artır. 2010-cu ildə ABŞ-da intihardan ölənlərin ümumi sayı 38,364 olmuşdur.

Dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri olan ABŞ haqqında bu faktları verməkdə məqsədim odur ki, bir ölkənin çox inkişaf etməsi, təhsilinin və həyat səviyyəsinin yüksək olması hər şey demək deyil. Hər şeydən öncə, biz insanıq, biz Allahın ruhunu daşıyırıq. Bizi xoşbəxt edən dünya deyil, nəinki Amerikanı, bütün dünyanı bir insana versən, o insanın imanı və Allah sevgisi yoxdursa, əsla xoşbəxt ola bilməz. Bizim ruhumuz imanla qidalanır. Allah bir Quran ayəsində belə buyurur:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

Beləliklə, insanların sırf xoşbəxt olması üçün başqa ölkəyə getməsinə ehtiyac yoxdur. Gedəcəyi ölkə haqqında araşdırma aparsalar, orda intihar edən, aclıqdan əziyyət çəkən, psixoloji problemləri olan nə qədər insanın olduğunu rahatlıqla görərlər. İnsanın həyatı Allahla gözəl olar, bir insan Allahı tanığı üçün rahat və qəlbində iman olduğu üçün də xoşbəxt olar. Allahın olduğu hər yer gözəldir, Allahın  olmadığı heç bir yer yoxdur. İnsan iman gözü ilə baxarsa, səhər durandan yatana qədər Allahın ona nə qədər çox nemət bəxş etdiyini görər. Təsadüfən və dünyaya başıboş gəlmədiyini başa düşər. Dünyaya gəlmək məqsədinin Allahın rizasını qazanmaq olduğunu anlayar. Allahdan qorxduğu üçün hər kəsə gözəl əxlaq göstərər. Allahı tanımaq üçün daha çox elmlə məşğul olar və dünyanın müvəqqəti olduğunu dərk edib əsl yurdu axirət üçün çalışar. Bu cür düşünən insan, sözsüz ki, dünyanı da Cənnətə çevirmək üçün çalışar və istər sarayda yaşasın, istərsə da çadırda, dünyanın ən xoşbəxt insanı olar, inşaAllah.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."