Nəsimidə Müəllim günü qeyd olunub – Fotolar

Müəllif: Redaktor

Editor

unnamedNəsimi rayonunda Müəllim günü qeyd olunmuşdur

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.

Beynəlxalq müəllimlər günü, 5 oktyabr – bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
“Müəllim – geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən” insandır. Müəllim – ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır…Müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.Səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız Qurani – Kərimin buyurduğu kimi, “insan beşikdən qəbir evinə qədər öyrənməlidir”.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Bu gün Nəsimi rayonunda 9 ali, 1 Təhsil Problemləri İnstitutu, 1 kollec, 26 orta, 1 peşə məktəbi, 2 müsiqi məktəbi, 2 xüsusi məktəb, 33 məktəbəqədər tərbiyə müəssisəsi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Bu tədris ilindən Neft və Sənaye Universitetində Azərbaycan- Fransa Universiteti fəaliyyətə başlayıb.
Rayonun orta məktəblərində 2356 nəfər müəllim fəaliyyət göstərir.
Məktəblərdə 7 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif edilmiş, 19 nəfər “Əməkdar müəllim ” adına layiq görülmüşlər.
Son vaxtlar Nəsimi rayonunda təhsil müəssisələrinin müasir tələblərə cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması possesi uğurla həyata keçirilir. Məktəblərimizdə təhsilin səviyyəsi,burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və onların yaxşılandırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır.

Sentyabr ayının 6-da Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, təhsil işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda keçən tədris ilinə yekun vurulmuş, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Bu tədris ilində 1 nəfər məzun qızıl medal qazanmış, 3 nəfər məzun isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunmuşdur. Dövlət Proqramına uyğun olaraq rayonumuzda 247 saylı tam orta məktəb əsaslı təmir olunmuşdur. 2016-cı il sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 247 saylı məktəbdə olmuş və burada aparılan təmir işləri ilə yaxından tanış olmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.

Asif Əsgərov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndərimiz öz çıxışlarında hər zaman qeyd etmişdir ki, «Təhsil millətin gələcəyidir», « Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir». Onun siyasətini uğurla dava etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır.

Heydər Əliyev Fondu və onun Prezidenti, Azərbaycanın birinci xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində nəinki respublikamızda, eləcə də onun sərhədlərindən kənarda yeni məktəblərin tikintisi və köhnələrinin təmiri istiqamətində böyük işlər görülmüşdür.

Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirmişlər.
Tədbirdə iştirak edən təhsil işçisinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunmuşdur.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır