Nəsimidə Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbirlər keçirilir

Müəllif: Redaktor

Editor

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir.

Ümummilli liderimiz Heyər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, İdarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

“Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər müstəsna və önəmlidirsə, onun dünyaya göz açdığı gün də Azərbaycan xalqı üçün bir o qədər dəyərli və əlamətdardır. Ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür”, – deyə Asif Əsgərov vurğulayıb.
Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ümummilli liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər bir ifadədə öz əksini tapır. Tarixdə zaman-zaman elə dahi şəxsiyyətlər olmuşdur ki, onlar xalqlarının taleyində əvəzsiz rol oynamış, tarixin çətin sınaqlarından müdrikliklə çıxaraq özünün dəmir iradəsi, güclü liderlik bacarığı sayəsində öz millətini intibaha, yüksəlişə aparmağa nail olmuş, nəticədə xalqı və vətəni naminə gördüyü misilsiz xidmətləri ilə tarixi salnamələri yaratmışlar. Belə insanların taleyinə digərlərindən fərqli olaraq xilaskarlıq missiyası yazılır, onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, öz ardınca cəmiyyəti, hər bir fərdi inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa doğru aparmaq kimi mühüm və məsuliyyətli bir vəzifə düşür. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə dahi tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyubdur. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ulu öndər Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradıb, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi olmaqla yanaşı, milil intibahımızın bünövrəsinin qoyulması, Heydər Əliyevin isə tarixə Milli intibahımızın banisi kimi adını həkk etməsi ilə səciyyələndi. Fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitini, həm də insan resurslarını müstəqilliyə hazırlayan Ulu Öndər Heydər Əliyev sistemli bir şəkildə milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirərək məqsədyönlü, düşünülmüş tədbirlər həyata keçirmişdir.

Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda da özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni Ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu Siyasi xadimlərindən birinə çevrilmişdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, Siyasi Büronun üzvü olduğu 1982-1987-ci illərdə də Heydər Əliyevin qəlbi Azərbaycanla, Azərbaycan üçün döyünmüşdür. Təsadüfi deyil ki, ümummilli liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır. Həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü – yeni missiya başlanmışdır. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirmişdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, dahi öndərimizin ideyaları neçə-necə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır.

“Bu gün biz qüdrətli və müstəqil dövlətin övladları olaraq, məhz belə dahi insanların fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü Azərbaycanı bizə miras qoyan xalqın ümummilli lideri Heydər Əliyev, sözün bütün mənalarında, şərəfli ömür yaşadı. Lakin onun ideyalarının, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür”, – deyə icra başçısı vurğulayıb.
Sonra Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestrinin ifasinda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri ifa edilmiş və orkestrin müşayəti ilə çıxiş edən tanınmış incəsənət xadimlərinin – Mənsum İbrahimovun, Aygün Bayramovanın, Ağadadaş Ağayevin və digərlərinin ifaları mərasimi daha rəngarəng etmişdir.
Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilmişdir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır