“…nəşriyyat üzərində gözü var” – Şahbaz Xuduoğlu

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

 

şahbaz_xudoğluXəbər verildiyi kimi ötən şənbə günü axşam saatlarında 30-a yaxın polis işçisi “Qanun” nəşriyyat evinə gələrək partlayıcı maddə olduğunu bildirməklə baxış keçirmək adı ilə binaya daxil olublar. Amma onlar bu addımı məhkəmənin qərarı olmadan atıblar. Bununla belə hüquq-mühafizə orqanları binada axtardıqlarını tapa bilməyib. Bununla belə nəşriyyatdan müəyyən materialları aparıblar. 

Baş verən olayla bağlı “Yenicag.az”ın suallarına “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu cavab verir.

– Şahbaz bəy, polis orqanlarının “Qanun” nəşriyyatına bu gəlişinin məqsədi nədir?

– Rəsmi versiyada belə hesab olunur ki, 102-ə anonim zəng olub və deyilib ki, “Qanun” nəşriyyatında bomba var. Ona görə də dərhal Bakı Şəhər Baş Polis İdarəsinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Eyni zamanda ərazi polisi də prosesə cəlb olunub. Beləcə iddia etdikləri bombanın zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. Ona görə də bir gün ərzində bina polis nəzarətində qaldı. Bazar günü 13.30-dan-17.30-dək binada axtarış aparıldı, amma bomba tapılmadı.

– Bu hadisənin kökündə nə dayanır, sizcə? Bu olayın arxasında sizin xaricdə yaşayan qardaşınız Əlövsət Əliyevlə bağlı məqamlar dayana bilərmi?

– Dəqiq əlimdə hər hansı bir fakt yoxdur deyəm ki, həmin olay xaricdə yaşayan qardaşımla bağlıdır, ya yox. “Qanun” nəşriyyatını onsuz da tez-tez hədəfə alırlar. Bilmirəm, kiminsə nəşriyyat üzərində gözü var.

– REAL Hərəkati isə belə bir bəyanat yayıb ki, nəşriyyatdakı  bu “yoxlamaların” səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərin müsadirəsi olub. Bu belədirmi?

– Axtarışın nəticəsi olaraq müəyyən yarımfabrikat materiallar götürülüb. Ola bilsin ki, o yarımfabrikat materiallar içərisində REAL-a da aid olan hansısa bir çap məhsulu olsun.

– Maraqlıdır, müsadirə etdikləri materialları götürərkən, hansılarını və nə qədər götürdükləri barədə hansısa bir protokol yazmadılar ki, nələrin götürüldüyü ən azından nəşriyyatın rəhbəri kimi sizə bəlli olsun?

– Sadəcə olaraq dedilər ki, götürürük və tədqiqat bitəndən sonra geri qaytaracaqlar. Yəni götürdükləri materiallar çox olduğundan onları sadəcə çap məhsulu adı ilə sənədləşdirərək götürdülər.

– Polisin həmin hərəkətini məntiqli saymaq olar, yoxsa?

– Əlbəttə ki, onların bu addımı qanunsuz hərəkətdir. Burada qərəz var. Yəqin ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik. Tədqiqatın nəticəsini gözləyək görək proses hara gedir. Hər halda işimizi bərpa edərək artıq işləyirik.

Elçin/Yenicag.az

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır