Netanyahudan ‘‘İran xalqı’' açılımı - Fars rejimi üçün Tramp imtahanı başlayır

Müəllif: Redaktor

Editor

İsrailin baş naziri Benyamin Netanyahunun İran xalqına müraciəti yayılıb. Yeniçağ.Az xəbər verir ki, Benyamin Netanyahu İran xalqına ünvanladığı mesajda Tehran rejimini “vurmağı” da unutmayıb. Baş nazir İran və İsrail xalqının dost olduqlarını qeyd edərək, Tehran rejimini yenə tənqid edib:

“İran rejimi hər gün İsrailin məhvinə çağırış edərək, düşmənçiliyi gücləndirməyə çalışır. Bu, doğru deyil. Biz sizin düşməniniz yox, dostunuzuq”.

Bu müraciətini aktuallaşdıran məqamlara toxunan Netanyahu bildirib ki, İran hakimiyyətinin ünvanına çoxsaylı fikirlər səsləndirsə də, xalqla bağlı danışmayıb:

“Ümid edirəm ki, İran xalqı mənim bu müraciətimlə tanış olacaq. Qorxusuz yaşamaq və mövqeyinizi sərbəst ifadə etmək istədiyinizi bilirəm. Şərəfli bir tarixiniz, zəngin mədəniyyətiniz var. Ancaq ölkənin dini rejimi tərəfindən əsir edilmiş vəziyyətdəsiniz”.

Netanyahu müraciətin yekununda İran və İsrail xalqlarının sülh və əməkdaşlıq şəraitində yaşayacaqlarına inandığını bildirib.

Benyamin Netanyahunun məhz indiki ərəfədə İran xalqına müraciət etməsini Yeniçağ.Az-a dəyərləndirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bildirib ki, İsrailin baş naziri bu jesti ilə özünü ABŞ-ın yeni prezidenti Donald Trampa “sülhsevər” kimi göstərməyə çalışıb: “Nəzərə alaq ki, istər İslam inqilabına qədər, istərsə də ondan sonra İsraillə İran arasında çox sıx əlaqələr olub. Şah rejimi dönəmində ərəb ölkələri ilə apardığı müharibədə İsrailə ən ciddi dəstək verən ölkələrdən biri məhz İran idi. Şahın devrilməsindən sonra da bu ölkələr arasında məxfi surətdə əlaqələr davam etdirilib. Hətta İranın ABŞ istehsalı olan hərbi təyyarələri üçün ehtiyat hissələrinin İsrail şirkətləri vasitəsilə əldə edilməsi faktı bu fikirləri təsdiqləyir.

Qeyd edim ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın İranla münasibətləri bərpa etmək cəhdi, sanksiyaların yumşaldılması və bəzi addımları İsrailin narazılığı ilə qarşılanırdı. Tel-Əvivdə hesab edirdilər ki, ABŞ-ın bu siyasəti İranı daha da gücləndirir və ambisiyalarını genişləndirir. Ancaq artıq Obama dövrü başa çatıb, onun yerinə gələn Donald Tramp isə fərqli xarici siyasət yürüdəcəyini bəyan edib. Bunu nəzərə alan Netanyahu məhz indiki məqamda İran xalqına “dostluq mesajı” göndərib. O, bilir ki, İran hakimiyyəti bu müraciətə sərt münasibət bildirəcək. Netanyahu isə Trampa göstərəcək ki, bax, mən sülhə çalışıram, İran isə məni yenə hədələyir. Burada məqsəd ABŞ-ın yeni administrasiyasını İrana münasibətdə sərt strategiya seçməyə, hətta baş tutarsa, İrana hərbi zərbə endirməyə də sövq etməkdir. Netanyahunun bu məqsədə nə dərəcədə nail olub-olmayacağına isə Trampın İranla bağlı ilk addımlarından sonra qiymət verilə bilər”.

A.Zeynalov
Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir