yenicag.az

Nəticəsiz qalan Qarabağ danışıqları: "Azərbaycan buna dözməyəcək" - Ekspert

Nəticəsiz qalan Qarabağ danışıqları: “Azərbaycan buna dözməyəcək” – Ekspert

Müəllif: Redaktor

Editor

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvan və Xankəndinin ardınca Bakıya gəlirlər. Maraqlısı odur ki, həmsədrlərin budəfəki gəlişi ərəfəsində cəbhə xəttində erməni təxribatları həddən artıq artıb. Görünən odur ki, münaqişə ətrafında situasiya həmsədrlərin bölgəyə gəldikləri dönəmdə daha da kəskinləşir. Erməni təxribatları daha da artır. Təmas xəttində gərginliyin artması sözsüz ki, daha böyük hərbi toqquşmaların başvermə risqini artırır.

Yaranmış vəziyyəti Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli qeyd etdi ki, təmas xəttindəki toqquşmalar həmsədrlərin bölgədə olduğu ərəfədə baş versə də, indilikdə onun hərbi müstəviyə keçmə ehtimalı azdır. Ancaq politoloqa görə, həmsədrlərin gedişindən sonra mövcud gərginliyin hərbi toqquşmaların genişlənməsilə müşayiət olunma ehtimalı böyükdür:

“Yaranmış vəziyyətdə hər şey açıq şəkildə ortalıqdadır. Ermənistan danışıqlar prosesinə qatılmaq istəmir.

Min cür bəhanələr gətirməklə çalışırlar ki, danışıqlar baş tutmasın. Ermənilər Azərbaycan torpaqlarını işğal edib, orda oturaraq, özləri tərəfindən atəşkəs haqqında monitorinq sistemi qurublar. Bu fonda özlərinin pozduqları atəşkəs hallarını qeydə almayaraq, ancaq Azərbaycanın cavab atəşlərini aləmə car cəkməklə, bunu atəşkəsin pozulması kimi təqdim etməyə çalışırlar. Eyni zamanda, bu amili danışıqlara qatılmamağın səbəbi kimi irəli sürürlər.

Nəticədə, həmsədrlər bölgədə olsa da belə, danışıqlar prosesi çətinə düşüb. Azərbaycan isə hərbi təlimlər keçirir, ordunu haqlı olaraq təmas xəttinə daha da yaxınlaşdırır. Bir sözlə, Azərbaycan torpaqlarının işğal edilməsinə dözməyəcək. Bu, bir aksiomadır. Amma hələlik, danışıqlar potensialı da tükənməyib. Ona görə də həmsədrlərin gəlişinə müəyyən ümidlər bəsləyirik. Həmsədrlərin burada olduğu ərəfədə isə təxribatların geniş vüsət almasına baxmayaraq, gərginliyin daha da artaraq hərbi müstəviyə keçəcəyini gözləmirəm. Ən azından yaxın bir ay ərzində bu, baş verməyəcək. Lakin prosesin bu cür davam etməsi fonunda bir müddətdən sonra yaşanan gərginliyin hərbi müstəviyə keçmə ehtimalı daha real ola bilər”.

ELÇİN

Yenicag.az

Siyasət, Manşet, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti