Niyə Qarabağla bağlı sənədlər işlək mexanizmə çevrilmir? – Şərh

Niyə Qarabağla bağlı sənədlər işlək mexanizmə çevrilmir? – Şərh

Müəllif: Redaktor

Baş Redaktor

qarabagElxan Şahinoğlu: “Təəssüf ki, islam dünyasında da ikili standartlar mövcud olduğundan bu cür sənədlərin işlək mexanizmə çevrilməsi çətinləşir”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən sammitinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı mövqelərini bir daha nümayiş etdiriblər. İƏT sammitinin yekunlarına dair qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, eləcə də zorla digər ölkələrin ərazisinin zəbt edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğu qeyd edilib. İƏT münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə, habelə İƏT ölkələrinin öz ərazilərindən işğalçı Ermənistana heç bir dəstək verilməməsi üçün üzv dövlətlərin effektiv tədbirlər görülməsinə çağırışlar edilib.

Görəsən, İƏT-in bu bəyannaməsi Qarabağ münaqişəsinin həlli prosesində nə kimi rol oynaya bilər?
Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, İƏT adətən hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən bəyanatlarla çıxış edib: “Bu dəfə İstanbulda da həmin bəyanat təkrarlandı. Bu da yaxşı haldır. Eyni zamanda, xarici işlər nazirləri səviyyəsində Qarabağ münaqişəsilə bağlı təmas qrupunun yaradılmasına da qərar verildi.

Bu addımlar ölkəmizə əlavə dəstək verilməsi və düşmənə təzyiq aləti baxımından müəyyən qədər yaxşıdır. Lakin demək ki, bu tip bəyanat və qətnamələr münaqişənin həllini sürətləndirəcək, bu düzgün olmazdı. Çünki hətta BMT kimi güclü bir beynəlxalq təşkilatın münaqişə ilə bağlı qətnamələri belə bu günə qədər yerinə yetirilməyib.

Ona görə də belə açıqlama və qətnamələr ölkəmizə dəstək baxımından müsbət haldır. Bu həm də ölkəmizə müttəfiq olan dövlətlərin sayının nə qədər olduğunu göstərir. Amma reallıqda müəyyən fərqləri də görürük. İran kimi dövlət İƏT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlara imza atır, amma reallıqda gördük ki, cəbhə bölgəsində 4 gün müharibə olsa da Tehrandan Ermənistanın işğal etdiyi torpaqları boşaltması ilə bağlı hər hansı bir açıqlama eşitmədik. Təəssüf ki, islam dünyasında da ikili standartlar mövcud olduğundan bu cür sənədlərin işlək mexanizmə çevrilməsi çətinləşir”.

ELÇİN

Siyasət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti