HighTechnic

hightechnic
Ads by Google

Azərbaycan meyxana sənətinin ustadlarında olan, mərhum bədiyyə ustadı Nizami Rəmzinin həyat yoldaşı Sevda Baxşıyevanın Yenicag.az saytına müsahibəsi:

-Nizami Rəmzini ilk dəfə harada görmüşdünüz?

– Mən Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Onda tələbələri təyinatla rayonlara göndərirdilər. III kursda oxuyanda artıq təyinatla bağlı narahatlığım vardı. Bir gün qrup yoldaşım dedi ki, “Meyxana” adlı bir ansambl var, gəl sənin adını ora yazdırım, daha dağa-daşa düşmə. Əvvəl bir xeyli tərəddüd etdim, dedim, mən hara, meyxana hara? Çünki o vaxtlar meyxana ilə bağlı fikirlər birmənalı deyildi. Sonda razılıq verdim, amma şərt kəsdim ki, mən məşqə-filan gedən deyiləm. Günlərin birində mənə dedilər ki, Respublika Sarayında konsert var, bəs ona hazırlaşmaq üçün məşqlərə gəlmək lazımdır. Çox qəribə idi ki, mən musiqiçi olsam da səhnəni sevmirdim. Xoşlamırdım, hardasa oturum, camaat mənə baxsın, yəni diqqət mərkəzində olmaq mənlik deyildi. Amma bu dəfə konset idi, məşqə getmək mütləqdi. Əlacım kəsildi, getdim. Kanonu kökləyib, gözləyirdim ki, indi meyxana deyən kimdisə o adam gələcək. Baxıram ki, kənarda kostyumlu, qalstuklu bir yaraşıqlı kişi əyləşib. Özlüyümdə fikirləşirəm ki, yəqin bu adam sarayın direktorudu. Deyirəm, buna bax ey, sarayın direktoru da gəlib, burdadı, bizim meyxana deyən gecikir. Bir xeyli sonra rejissor “başlayırıq” dedi. Və…bir də gördüm ki, həmin o qalstuklu kişi ayağa qalxdı, mikrofonu götürüb, gözəl avazla “Can necə tərk eyləsin, ey can səni”, deyə, oxumağa başladı. Şokda idim. İlk dəfə idi ki, musiqi ilə meyxananın sintezini eşidirdim. Həmin an mənim üçün tinlərdən duyduğum, hətta adını belə ehtiyatla çəkdiyim meyxana dönüb bir sənət nümunəsi oldu və mən bu janra vuruldum. Həmin o qalstuklu kişi isə Azərbaycan meyxanasına yeni bir nəfəs gətirən, “dəmyə meyxananı” musiqi ilə sintez edən Nizami Rəmzi idi. O, meyxanaya savad, mədəniyyət gətirdi. İnsanlarda meyxanaya həvəs, maraq yaratdı.

– Meyxanaya vuruldunuz, yoxsa Nizami Rəmziyə?

– Elə hər ikisinə. Mən onunla ailə quranda gənc idim, böyüdüm, yaşa doldum, amma Nizami qocalmadı. Onun ruhu gənc idi. İnsan nə qədər həyat enerjili olardı. Tamam başqa aləm idi. Əgər bu dünyaya 70 dəfə də gəlsəm, hər dəfə onu seçərdim. O insanı seçməyimə heç vaxt zərrə qədər peşman olmadım. Nizami dağlı balası idi. O qədər qeyrətli, sözübütöv, dəqiq adam idi ki… Heç vaxt kiminsə arxasınca danışdığını eşitmədim. Çox punktual idi. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə idi. İki dəqiqə işləyirdisə, demək, Nizami ölmüşdü.

İnsanlara qarşı münasibətdə də elə idi. Bir də görürdün ki, kimsə gəlirdi, deyirdi filan vaxt toyumdur. Cibində pulu olmurdu, çıxarıb beh əvəzinə üzüyünü qoymaq istəyirdi. Nizami onun əlini geri qaytarırdı. Deyirdi, narahat olma, dediyin gün toyda olacam, beh lazım deyil. Ondan sonra lap kimsə gəlib, Nizamiyə 1 milyon da versəydi, sözündən dönməzdi, dediyi məclisə gedərdi.
Çox əliaçıq insan idi. Bizim qonşuluqda onların qohumu yaşayırdı. Qadının əri ölmüşdü. Nizaminin vəfatından sonra o qadın bayramda xonça tutub, bizə gəldi. Dedi, Nizaminin mənim boynumda o qədər haqqı var ki, ömrüm boyu o haqqı qaytara bilmərəm. Dedi, o hər gün gələndə evinə nə bazarlıq edirdisə, bizə də onu alardı. Əvvəlcə bizim qapını döyüb, verərdi, sonra evinə keçərdi. Mən isə bunu heç bilməmişəm.

– Onun ağlının, yoxsa qəlbinin sevgisi idiniz?

– Onun dostları həmişə deyirdi ki, Nizami səninlə ailə qurduqdan sonra tam dəyişilib, dünyanı daha çox sevməyə başlayıb. Onun hər kəlməsi mənim üçün qanun idi. Hətta sənətimi də ona görə atdım. Kanonum uzun illər bir kənarda qaldı. Hətta bir dəfə dedim ki, bəlkə bunu satım? Dedi, lap kökündən vurmayaq da, axı sən onu sevmisən. Mən də arada ancaq tozunu alırdım. Nizamidən sonra heç o kanonu görmək istəmədim. Ona görə də satdım.

– Dağlı gəlini olmaq hər qızın hünəri deyildi…

– Qaynanam əvvəlcə mənə elə də ciddi baxmırdı. Amma illər sonra dedi ki, indi rahatam, ölsəm gözüm arxada qalmaz. Çünki mənim qaynanam çox təmizkar adam idi. Mən də o xasiyyətdə ona bənzəyirdim.

– Neçə il bir yerdə yaşadız?

– 7 il. Yanvarın 19-da Nizami faciəvi şəkildə rəhmətə getdi. Özü də qəribəsi o idi ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə biz Buzovnada, Nizaminin dostu Kəbirgildə idik. Bizi şəhərə gəlməyə qoymadılar. Dedilər, bu gecə qalın, aeroport yolunda atışmadır. Həmin gün biz Buzovnada qaldıq. Düz 7 il sonra, elə həmin aeroport yolunda, elə yanvarın 19-da Nizaminin sürdüyü maşın qəzaya uğradı. Dostu Kəbirlə bir yerdə…

– O günü xatırlamaq sizin üçün ağır olar…

– Ağır da olsa, danışacam. Yanvarın 18-də Maştağaya getmişdik. Nənəmin doğum günü idi. Vəziyyəti ağır idi, biz də onun şərəfinə süfrə açdıq, nənəmi videoya çəkdik ki, yadigar qalsın. Məslisdən sonra Buzovnaya, Kəbirgilə getdik. Biz ümumiyyətlə, Kəbirgilə tez-tez gedirdik. Onlarla birevli kimi idik. Baxmayaraq ki, Nizami ilə Kəbirin arasında çox böyük yaş fərqi vardı, amma onlar sanki əkiz idilər. Nizami onu qardaşlarından ayırmırdı. Yanvarın 19-da durduq. Səhər tezdən Nizami ilə Kəbir maşına oturub, şəhərə getdilər. Dedilər ki, bir-iki işimiz var, həll edib qayıdırıq. O gün onlar həmin yolu bir-iki dəfə gedib-qayıdıblarmış… Nizami dedi ki, gedirik, saat 2-də inşallah, evdəyik. Saat 3-ə işləyəndə mən artıq bildim ki, nəsə baş verib. Saat 3-ün yarısı zəng gəldi, dəstəyi Kəbirin yoldaşı götürdü. Mən ancaq bir söz eşitdim: “avariya”…

Xəstəxanaya necə çatdığımı xatırlamıram. Orda yüzlərlə ağlayan, başını divara çırpan kişini görəndə başa düşdüm ki, daha Nizami yoxdur.

Onu yuyandan sonra Yasamala, anasının evinə apardılar.

Qaynanamgilə necə getdiyim də yadımda deyil. Nizaminin anası Böyükxanım xala qutab bişirirdi. Gör mənim üzüm nə rəngdə olub ki, o sifətimə baxan kimi xəmirli əlləri ilə dizinə çırpıb qışqırdı: “Nizami hanı? Balama nəsə olub?”… Mən bircə kəlmə “daha yoxdur” dedim.

Qaynanamın ah-naləsi ilə həyətə bəlkə də yüzlərlə insan yığışdı. Onlar hardan çıxdı, mən hələ də anlamıram. Düz 40 gün mənim gözümdən bir damcı yaş da çıxmadı. Və hər dəfə qapı açılanda elə bilirdim ki, Nizami bu dəqiqə içəri girəcək. Bu hiss düz 2 il davam etdi.

– Nizaminin ölümünü hiss etmişdiniz?

– Nizami az yaşayacağını bilirdi. Danışırdı ki, bunu ona bir qaraçı deyib. Deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.
Nizaminin qəribə zarafatları vardı. Bir dəfə Kəbir dedi ki, Nizami, sən də öləcəksən, mən olacam meyxananın padşahı. Nizami də qayıtdı ki, xeyr, biz bir yerdə öləcəyik. Həmin söhbətdən düz 19 gün sonra ikisi də bir maşında öldü.

-Nizaminin ölümüylə bağlı son olaraq nə deyə bilərsiniz?

-Bu həyatın bir qanunudur. Dünyaya gələn hər kəs bir gün dünyadan gedir. Hərə bir səbəbdən bu dünyanı tərk edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5345
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."