!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

O, Azərbaycan deməkdir! — Anar Yusifoğlu yazır

!Reklam – Yazi

Fenomen…15416798_838618226281482_707499566_n

Bu fenomenin arxasında qeyri-adi istedad, ilahi vergi, Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz yaddaş və işgüzarlıq, Vətən və millət sevgisi, xalqına xidmət amacı dayanır. Ancaq bütün bunlar yenə də o fenomeni aydınlatmaqda acizdir.

Çünki elə şəxsiyyətlər də var ki, onlar bir xalqın taleyini, müqəddəratını, gələcəyini müəyyənləşdirir və xalqın tarixini yaradırlar. Belə şəxsiyyətlər təkcə fenomen deyil, dövlətin simvoludur.

Dünyada dövlətinin simvoluna çevrilən fenomenlər çox deyil. ABŞ-da Corc Vaşinqton, Türkiyədə Mustafa Kamal Paşa və…

Azərbaycanda Heydər Əliyev! Millətlərinin yeni epoxası bu şəxslərin adıyla bağlıdır.

Ona görə də Heydər Əliyev Azərbaycan dövlətinin simvolu, dövlətçiliyin banisi, yeni dövrün qurucusu, millətinin taleyini, müqəddəratını həll edən milli lider kimi əbədiləşib.

Heydər Əliyev şəxsiyyəti hər şeydən öncə özündə bütün sosial, siyasi, mədəni, mənəvi, milli keyfiyyətləri birləşdirən, qəbul etdiyi hər bir qərarla yaratdığı yeni tarixi dönəmi zənginləşdirən, bütün sahələri mükəmməl bilən böyük istedad, fenomenal qabiliyyət sahibi, genişmiqyaslı strateq, bənzərsiz dövlət xadimidir.

Heydər Əliyev Azərbaycan xalqının Türk Dünyasına və dünya siyasətinə bəxş etdiyi nadir fenomendir.

Özündən sonra böyük ənənə qoyan Heydər Əliyev heç bir azərbaycanlının nail olmadığı məqamlara ilk olaraq yiyələnib.

1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin ilk azərbaycanlı rəhbəri Heydər Əliyev oldu. O vaxta qədər erməni və rus millətinə mənsub şəxslərin çoxluq təşkil etdiyi DTK Heydər Əliyevin gəlişi ilə azərbaycanlıların xeyrinə dəyişdi və yerli kadrların yetişmə ənənəsinin bünövrəsi qoyuldu.

Heydər Əliyev Azərbaycan tarixində Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ baş nazirinin birinci müavini olan ilk azərbaycanlı idi. Rəqiblərinin belə etiraf etdiyi kimi, fenomenal, irimiqyaslı və istedadlı dövlət xadimi olan Heydər Əliyev dünyanın superdövləti SSRİ-ni idarə edən yeganə türk kimi təkcə Azərbaycanın yox, həm də Sovet dövlətinin taleyini müəyyənləşdirirdi.

Sovet rejiminin «sovet xalqı» adı altında xalqları assimilyasiya etdiyi, rus dili və mədəniyyətinin digər SSRİ xalqlarına təsiri dövlət siyasəti səviyyəsinə qaldırıldığı zaman Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olmasıyla bağlı maddə saldırmağa nail oldu. Həmin vaxt Bakı şəhərindəki 200 orta məktəbdən 173-də rusdilli, 27-də isə Azərbaycan dilində təhsil aparılırdı və faktiki olaraq ana dili təhlükə altındaydı. Heydər Əliyevin atdığı bu addım görünməmiş cəsarət, qeyri-adi uzaqgörənliklə bərabər, xalqın dilini və milli kimliyini qorumaq istəyinin sübutu idi.

Sov.İKP MK Siyasi Bürosunun üzvü olan Heydər Əliyev SSRİ baş nazirinin birinci müavini işlədiyi dönəmdə Azərbaycanın maraqları yüksək səviyyədə qorunurdu. Və Azərbaycan bütün dünyada Heydər Əliyevin adı ilə tanınırdı. Təsadüfü deyil ki, Qarabağ münaqişəsi Heydər Əliyevin politbürodan uzaqlaşdırılmasından cəmi bir ay sonra başlandı. Nə qədər ki Heydər Əliyev Azərbaycan və SSRİ rəhbərliyində çalışırdı, ermənilər Qarabağa iddia etməyə cəsarət etmirdilər.

***

70-80-ci illər Azərbaycan mədəniyyətinin qızıl dövrü kimi qiymətləndirilir. Məhz bu illərdə elm, mədəniyyət xadimləri, yazıçılar dövlətin yüksək himayəsi altında idilər – Heydər Əliyev sənət adamlarının maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə ciddi məşğul olur, onları hər mənada qoruyurdu.

Heydər Əliyev söz və sənət adamlarını himayə edir, onların türk milli şüurunu və azadlıq istəyini oyadan yazılarının çapına şərait yaradır, bu azad düşüncəli insanları DTK-nın təzyiqlərindən qoruyurdu. Heydər Əliyevin himayəsi ilə oxuculara çatdırılan bu əsərlər yeni, milli düşüncəli gənclərin yetişməsinə səbəb oldu ki, həmin gənclər Azərbaycan Milli Azadlıq Hərəkatının əsas təkanverici qüvvəsinə çevrildilər.

Ermənistanın blokadaya aldığı Naxçıvan Muxtar Respublikasının ən ağır günlərində isə xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvan Ali Məclisinə rəhbərlik etməyə başladı.

Dövlət səviyyəsində ilk dəfə olaraq Azərbaycanın milli, üçrəngli bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dalğalandı.

Əhalinin yoxsulluq, gərginlik, ümidsizlik içində yaşadığı dönəmdə Heydər Əliyev «Ümid» körpüsü ilə Naxçıvan-Türkiyə münasibətlərinin əsasını qoydu. Heydər Əliyevin şəxsiyyəti və nüfuzu nəticəsində illərlə siyasi və iqtisadi blokadada yaşayan Naxçıvan, Ermənistanın sistemli hərbi müdaxilələrinə baxmayaraq, ərazisinin bir qarışını da düşmənə vermədi.

1993-cü il. Azərbaycan bir neçə yerə parçalanma təhlükəsi qarşısındadır. Vətəndaş müharibəsi labüd görünür. Azərbaycan neftinə sahiblənmək istəyən xarici qüvvələr ölkə rəhbərliyini istədiyi şərtlərə razı salmaq üçün Azərbaycanda ciddi dövlət çevrilişləri hazırlayıblar. Bir-biri ilə mübarizə aparan silahlı qruplaşmalar erməni-rus hərbi birləşmələrinin sistemli hücumları qarşısında geri çəkilir, Azərbaycanın rayonları bir-birinin ardınca işğal olunur. Yoxsulluq, aclıq, səfalət o dərəcəyə çatıb ki, insanlar sabaha inamlarını büsbütün itiriblər. İnflyasiya 100 faizlə ölçülür.

Məhz belə şəraitdə xalqın israrlı təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəni xaosdan, pərakəndəlikdən, qarşıdurmalardan xilas etdi. Bir-biri ilə çəkişən bütün silahlı qruplaşmalar zərərsizləşdirildi. 1993-cü ilin iyun, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hərbi çevrilişlərinin qarşısı alındı. Ölkəni vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev bir güllə belə atmadan, vətəndaş qarşıdurmasına getmədən fitri istedadı, siyasi təcrübəsi və xalqa inamı ilə Azərbaycanı parçalanmadan, uğursuzluqlardan qorudu və siyasi sabitliyi bərpa etdi. Məsələn, adi bir fakt – yeni nəslin yaxşı yadındadır, 2000-ci il noyabrın 25-də Bakıda güclü zəlzələ olanda Heydər Əliyev gecə yarı Prezident Sarayına, işə qayıtdı və dərhal hökumət nümayəndələrinin məsuliyyəti birə-on artdı, xalq əmin oldu ki, ən təhlükəli məqamda prezident öz iş otağındadırsa, deməli, təşvişə səbəb yoxdur, yəni xaosun qarşısını aldı. 1993-cü ildə də beləydi – təkbaşına Gəncəyə getdi, danışıqlar apardı, ən çətin məqamlarda gecə bəzən səhərə kimi iş başında olurdu. Onun xalqla birgə çalışması hamıda bir əminlik yaratmışdı. Xalqda dövlətin, dövlət başçısının necəliyi barədə əski təsəvvürləri də o bərpa etdi.

Azərbaycanın dövlətçilik ənənəsi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız Heydər Əliyevin gəlişi ilə hakimiyyətə yiyələnməyin yeganə yolunun seçkilərdən keçdiyi barədə təsəvvür formalaşdı.

Çeşidli adlarla tarixin ayrı-ayrı zaman kəsimində ziyalıları, dövlət xadimlərini, siyasi və milli liderləri düşündürən Türk Birliyi ideyası heç vaxt fikirlərdən, düşüncələrdən çıxmayıb.

Ancaq türk milli idealını gerçəkləşdirmək, bu yolda ilk real addımı atmaq bu vaxta qədər heç bir siyasi liderə nəsib olmamışdı.

Heydər Əliyev bu ideologiyanın zamanında həlli üçün zəmin hazırlanması işini ilk olaraq məharətlə yerinə yetirdi – Türkiyə ilə münasibətləri «Bir millət, iki dövlət» müstəvisinə ucaldan ümummilli lider Bakı-Tiflis-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri vasitəsilə türk dövlətlərinin böyük iqtisadi əsaslarını hazırladı.

Bu transxəzər layihələri təkcə iqtisadi və siyasi deyil, həm də Azərbaycan və Türkiyəni bir-birinə gerçək tellərlə bağlayan kəmərlərdi. Layihələrin davamı olaraq müxtəlif vaxtlarda Qazaxıstan və Türkmənistan qaz və neft ehtiyatlarının Bakı-Ceyhanla nəqlinə dair təkliflər paketi isə Türk birliyinə gedən yolun əsaslarıdır.

Böyük İpək Yolu, Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol xətti də bütün iqtisadi və siyasi strateji əhəmiyyəti ilə bərabər, türk ideallarının gerçəkləşməsi yolunda atılan addımlardır. Heydər Əliyev Türk Dövlətlərinin zirvə görüşlərinin təşəbbüsçüsü və təşkilatçısıdır.

Hazırda reallaşan Türk Dövlətləri Parlament Assambleyasının yaradılması ideyasının müəllifi də Heydər Əliyev idi.

Türk Birliyinə çalışan Heydər Əliyev həmçinin Azərbaycançılıq ideologiyasının banisidir. Bu ideologiyanın bünövrəsində dayanan türkçülüyü bilir və türk birliyinə gedən yolda atdığı addımlarla Azərbaycanın türk dövlətlərinin mərkəzinə çevrilməsi perspektivlərini görürdü. Tarixən bütün türk dünyasının ideoloji bazasını həmişə azərbaycanlılar təşkil edib. Türk təsəvvüfünün ən ünlü simaları azərbaycanlılardır. Türk birliyi ideyasının müəllifləri də Əlibəy Hüseynzadə, Ə.Ağaoğlu kimi Azərbaycan mütəfəkkirləridir. Heydər Əliyev yenə də böyük azərbaycanlı ideoloq olaraq bu ideyanı yenidən dirçəltdi. Heydər Əliyevi fərqləndirən cəhət isə odur ki, o, bunu təkcə ideologiya kimi gündəmə gətirmədi, həm də reallaşma yollarını göstərdi və ilk cəsarətli addımlarını da özü atdı!

***

Heydər Əliyev 1970-ci illərdə başladığı işi davam etdirdi. Azad sözün, fikir plüralizminin, insan haqlarının qorunması yönündə ciddi siyasi addımlar atdı və mətbuat üzərindəki senzuranı, həmçinin ölüm hökmünü ləğv etdi. Azərbaycanı Avropa dövləti sayan Heydər Əliyev qurduğu dövlətin dünya arenasına çıxması, tanınması və güclənməsi yönündə bütün varlığı ilə çalışdı. Və 2000-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv seçildi.

Ordu quruculuğu, peşəkar zabitlərin yetişməsi, dövlətin iqtisadi, siyasi və hərbi gücünün artması Heydər Əliyevin adıyla bağlıdır. Bu gün Azərbaycanın təkcə orduya ayırdığı vəsaitin Ermənistanın bütün dövlət büdcəsinə bərabər olması Heydər Əliyevin 1994-cü ildən başladığı iqtisadi, siyasi və hərbi islahatlarının, düzgün strategiyanın nəticəsidir. Heydər Əliyev bu siyasətin bəhrəsini gələcək nəsillərin görəcəyini bilir və məhz buna da çalışırdı.

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənənin, inam ocaqlarının bərpası da Heydər Əliyevin adı ilə bağlıdır. Allahsız sovet imperiyasının dağıtdığı Bibiheybət məscidini bərpa etdirən Heydər Əliyev keçmiş müsəlman sovet respublikaları içərisində Məkkəni ziyarət edən ilk prezident oldu…

Gənclərə qayğı, yeniyetmələrin yüksək ali təhsilə yiyələnməsi, idmanın inkişafı Heydər Əliyevin qarşıya qoyduğu hədəflər idi. Hazırda beynəlxalq yarışlarda Azərbaycan bayrağının tez-tez dalğalanması da Heydər Əliyevin əsasını qoyduğu layihələrin nəticəsidir.

İndi Qafqazın ən güclü dövləti Azərbaycandır. Ölkəmizin iqtisadi və siyasi imkanları ildən-ilə genişlənir və bütün bunları Azərbaycan xalqına bəxş edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi heykəl kimi ucalır…

Onun həyatı, tərcümeyi-halı çağdaş Azərbaycan dövlətinin bioqrafiyasıdır. Çünki onun tarixini yazan da, yaradan da Heydər Əliyevin özü idi. Nə tarix, nə də millətimiz müstəqil Azərbaycan dövlətinin qurucusu – Ulu öndər Heydər Əliyevin əziz xatirəsini heç vaxt unutmayacaq!

Heydər Əliyev – O, Azərbaycan deməkdir!

Yenicag.az

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv