Ölkədə hansı məhsulların qiyməti qalxdı? -FOTO

Ölkədə hansı məhsulların qiyməti qalxdı? -FOTO

Müəllif: Redaktor

Baş Redaktor

img1967412Manatın dollara nisbətdə kəskin devalvasiyasından sonra paytaxt Bakıda, demək olar ki, bütün məhsulların qiymətlərində artım müşahidə olunur.

Musavat.com-un əməkdaşı paytaxtda yerləşən müxtəlif növ məhsullar satan mağazalarda artımın şahidi olub. Belə ki, yerli valyutanın dollara nisbətdə alıcılıq qabiliyyətini itirdikdən sonra texnologiya mağazalarında qiymət artımı diqqət çəkən həddədir. Misal üçün, ötən həftə 329 manata olan noutbuk hazırda 560, 299 manata olan telefonlar 449 manata satılır. “28 Mall” ticarət mərkəzində yerləşən brend geyim mağazalarında da qiymətlər qaldırılıb. Misal üçün, ötən həftə 59 manata olan ayaqqabı hazırda 79 manata satılır. Elə adını çəkdiyimiz ticarət mərkəzində yerləşən “Music Gallery” texnologiyalar mağazasında, demək olar ki, bütün məhsulların qiyməti 50 faizə qədər qaldırılıb. Mağazada qiymətlər lövhəsinin fotosunu çəkməyə icazə verilmir. Satıcılar deyirlər ki, müdiriyyətin göstərişinə görə qiymətlərin fotosunu çəkmək olmaz. Orada 231 manat bahalaşan noutbukun qiymət cədvəlini çəkdiyimiz zaman mağazanın əməkdaşı bildirdi ki, buna icazə yoxdur. O, əlini qiymətin üzərinə qoyaraq dedi ki, qalan yazıları çəkə bilərik.

Sosial şəbəkələrdə müxtəlif şəxslər ərzaqların da qiymətində kəskin artım olduğunu söyləsələr də, iri mağazalarda biz bunun şahidi olmadıq. Alıcılar da bildirdilər ki, qiymətlərdə böyük artımlar yoxdur. Satıcıların sözlərinə görə, əhalinin kütləvi şəkildə məhsul alması davam edir. Onların deyirlər ki, son iki gündə mağazadan əvvəllər bir həftədə satılacaq qədər məhsul alınıb. Elə biz də supermarketlərdə insan qələbəliyinin şahidi olduq.

Dolların qiymətinin artması Bakı apteklərində də ajiotaj yaradıb. Belə ki, metronun “Elmlər Akademiyası”, “28 May”, “Neftçilər” stansiyaları ətrafında yerləşən apteklərin hamısında qiymət artımının şahidi olduq. Alıcılar bu haldan şikayətlənsələr də, əczaçılar bunun səbəbini onlardan asılı olmadığını bildirdilər. Əczaçı Fərəc bildirdi:

“Bəzi dərmanlar var ki, onlar az tapıldığı üçün qiymətlərində müəyyən qədər artım müşahidə olunur. Ancaq bu dərmanlar xaricdən gəlir. Ona görə də dolların bahalaşması da yəqin ki, qiymətlərə təsir edəcək”.

Alıcılar isə bildirirlər ki, əczaçılar yalan deyirlər. Gülxanım Eyvazova bildirdi:
“Şəhərdə tanıdığım, bildiyim bütün aptektlərdə olmuşam. Hamısında qiymət qalxıb. Nə tapılmayan dərman. Dünənə kimi tapılan dərman bu gün tapılmadı?”.

Rəsmi statistikaya görə, Azərbaycanın özünü ərzaqla 60-70 faiz təmin edə bilər. Məhz bu fakta əsaslanan hökumət rəsmiləri dəfələrlə qeyd ediblər ki, manatın məzənnəsində olan dəyişiklik daxili bazara bir o qədər də təsir etməyəcək. İqtisadçı ekspert Natiq Cəfərli isə bunun əksini bildirib. O, musavat.com-a bildirib ki, daxildə istehsal olunan bir çox məhsulların xammalı xaricdən gətirilir: “Ancaq rəsmi statistikalarda bu, yerli istehsal kimi göstərilir. Misal üçün, Azərbaycanda çay kollarının sayı çox azdır və bu məhsul bəlli bölgədə yetişir. Lakin ölkə bazarında Azərbaycan istehsalı kimi bir neçə adda çay satılır. Halbuki, burada sadəcə qablaşdırma həyata keçirilir. Bu, süd məhsullarına, şəkərə və bir çox ərzaq məhsullarına da aiddir. Bu baxımdan Azərbaycanın özünü ərzaqla konkret olaraq hansı səviyyədə təmin etməsini söyləmək çətindir. Rəsmi rəqəmlərə görə, ötən illərlə müqayisədə Azərbaycanın özünü ərzaqla təmin etməsində ciddi irəliləyiş yoxdur. Görünən budur ki, yumurta, toyuq əti, meyvə-tərəvəz də daxil olmaqla, ötən illə müqayisədə demək olar ki, eyni həcmdə xaricdən ərzaq məhsulları almışıq. Deməli, hələ də bu sahədə ciddi dəyişiklik yoxdur”.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti