Ölkədə təhlükəli düyülər satılır

Ölkədə təhlükəli düyülər satılır

Müəllif: Redaktor

Baş Redaktor

h321Təbii yolla yetişdirilməyən düyülər həyat üçün təhlükəlidir, bunun ölkəyə gətirilməsində maraqlı olan qüvvələr var…

Azərbaycana saxta düyülərin gətirilməsi barədə iddialar təsdiqlənir. Ekspertlər müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olmasını vurğulamaqla yanaşı, mənşəyi məlum olmayan düyülərin də gətirilmə ehtimalının yüksək olduğunu qeyd edirlər. Bildirilir ki, marketlərdə daha çox saxta düyülər satılmaqdadır. Həmin düyülərin əksəriyyəti təbii yolla yetişdirilmir.

Marketlərdə apardığımız müşahidələr zamanı məlum oldu ki, satışda daha çox yerli düyülərdir. Ancaq başqa ölkələrin məhsulları kimi göstərilən düyülərin də əksəriyyətinin üzərində Azərbaycanda qablaşdırıldığı göstərilib. Həmçinin, daha çox “Azərsun”un sifarişi ilə qablaşdırılan məhsullardır.

Elə bəzi ekspertlər məhz “Azərsun” kimi monopolistlərin ölkəyə zərərli məhsullar gətirməkdə maraqlı olduğunu vurğulayırlar. İddialara görə, Çin və Tayvan istehsalı olan düyülər daha çox həmin şirkətlər vasitəsi ilə ölkə bazarına gətirilir və insanların sağlamlığı təhlükəyə atılır. Yerli düyülərlə yanaşı, Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülər də Azərbaycan bazarında satılır. Qiymətlər də müxtəlifdir. İlk baxışdan Rusiya, Hindistan istehsalı adlandırılan əksər düyülər isə yerli istehsaldır. Yəni qabın üzərində Hindistan düyüsü olduğu yazılsa da, kiçik hərflərlə Bakıda qablaşdırıldığı göstərilib. Satıcılar isə bildirirlər ki, əhali daha çox yerli düyülərə üstünlük verir: “Sadə paketlərdə olan yerli düyülər daha çox alınır”.

Ancaq Hindistandan gətirilmə düyülərin də alıcıları var. “Düyülərin saxta olmağı ilə bağlı bir söz deyə bilmərəm. Hindistan düyüsü də alınır. Ən bahalı düyülər də Hindistanındır. Ən ucuz düyü yerli düyülərdir”,- deyə satıcı xanım bildirir.

Ekspertlər isə məsələ ilə bağlı narahatlıqlarını bildirirlər. Yəni ölkənin ərzaq bazarının təhlükəsizliyi qorunmadığından, saxta və ən əsası, zərərli məhsulların bazara “soxulması” mütləqdir. Bu isə ciddi fəsadları olacaq problem olduğundan, rəsmi qurumlar tərəfindən ciddi yanaşılması vacibdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ölkəyə saxta düyü gətirildiyini vurğulayır. O, Musavat.com-a açıqlamasında qeyd edib ki, bunun üçün xeyli münbit məqamlar var:

“Ölkədə sertifikatlar gətirilən malın partiyası üçün yox, ayla, illə, yəni müddətdən asılı olaraq verilir. Məsələn, bir illik sertifikat alan şəxs bu müddətdə ən müxtəlif növ düyü gətirib ölkədə sata bilir. Ölkədə müstəqil ekspertiza yoxdur. Bu problemlərə görə ölkəyə keyfiyyətsiz, saxta, zərərli düyünün idxal olunması istisna olunmur. Çoxsaylı ölkələrdən bizə düyü gətirilir. Hindistandan, Tayvandan, İrandan, Pakistandan düyü gətirilir. Bilmək olmur ki, Banqladeşdən gətirilən düyü harada qablaşdırılır. Ayrı-ayrı ölkələrdə qablaşdırılan düyülərin əslində hara istehsalı olması və keyfiyyəti şübhəlidir. Bu məhsullar ekoloji çirklənmiş ölkələrdən də gətirilə bilər”.

Qeyd edək ki, ekspertlər saxta düyülərin digər dənli bitkilərdən üyüdülərək əldə edildiyini bildirirlər. Bildirilir ki, bu, o qədər də ziyanlı deyil. Eyyub Hüseynov isə bəzi düyülərin Genetik Modifikasiya Olunmuş (GMO) düyülər olduğunun təsdiq edilmiş bir məsələ olduğunu vurğulayır:

“Sarı və qızılı düyülərin Genetik Modifikasiya Olunması birmənalı şəkildə təsdiq edilmiş bir məsələdir. Xüsusən də Pakistandan gətirilən qızılı düyülər GMO məhsuludur. Bu düyülər insan həyatı üçün təhlükəlidir və gələcəyi məlum olmayan nəticələrə gətirib çıxara bilər. əslində qanunla bu tip düyülər ölkəmizə buraxılmamalıdır. Dövlət orqanları bu istiqamətdə iş aparmalıdır. Ölkə bazarlarında bu cür təhlükəli mallar çoxdur”.

Bəzi ekspertlər qeyd edirlər ki, düyülərin əksəriyyəti un və plastik materialdan hazırlanır. Un və plastik materialın qarışığından hazırlanan düyü xeyli möhkəm olur. Saxta düyünü isə fərqləndirmək mümkün deyil. Bir neçə il əvvəl Çin saxta düyü istehsal edərək satışa çıxarıb. Onun hazırlanmasında sintetik qətrandan da istifadə edilir. Çin bu düyüləri istehsal etməklə kifayətlənmir, bir çox xarici ölkələrə də idxal edir. ekspertlər həmçinin rəsmi qurumların hərəkətsiz olduğundan da narahatlıqlarını və narazılıqlarını bildirirlər(musavat).

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti