!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədəki 500 min sənədsiz ev: onların aqibəti necə olacaq? - Ekspert rəyi

!Reklam – Yazi

Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də sənədsiz evlərin sənədləşdirilməsi məsələsidir. Aidiyyati dövlət qurumları tərəfindən məsələ bir neçə dəfə gündəmə gətirilib. Amma illər keçməsinə baxmayaraq, məsələ hələ də həllini tapmır. Görəsən, belə bir vəziyyətin yaranmasına səbəb nədir?

Məsələni Yenicag.az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, təhlükəli ərazilərdə yerləşən sənədsiz evlərlə bağlı yaşanan problemlər bu tip evlərin sənədləşdirilməsi prosesinin uzanmasına gətirib çıxarıb:

“Həqiqətən sənədsiz evlərin sənədləşdirilməsi məsələsi illərdir ki, uzanır. Bu istiqamətdə fərqli ideya və təşəbbüslər olmasına baxmayaraq, hələlik təəssüf ki, sənədsiz evlərin sənədləşdirilməsini həyata keçirtmək mümkün olmayıb. Baxmayaraq ki, evlərin qeydiyyatı ilə bağlı prosedurlar sadələşib. Amma bu özünü sənədsiz evlərin sənədləşdirilməsi prosesində tapmayıb. Təşəbbüslərin olmasına baxmayaraq, prosedurun yubanması fikrimcə, bir sıra bu tip evlərin təhlükəli ərazilərdə inşa edilməsilə bağlıdır.

Monitorinqlər də göstərir ki, belə evlərin sayı kifayət qədər çoxdur. Təhlükəli ərazilərdə, kommunikasiya xətlərinin üzərində, neft şirkətinə məxsus buruqların yaxınlığında bu günə qədər kifayət qədər evlər inşa edilib. Bu mənada düşünürəm ki, sənədsiz evlərin sənədləşdirilməsi həyata keçirilərsə, həmin təhlükəli ərazilərdə inşa olunan evləri sənədləşdirmək mümkün olmayacaq. Çünki bu proses böyük xərc tələb edir. Vətəndaşlar təhlükəli yerlərdə olsa da, xərc qoyaraq ev tikib. Bu mənada onu həmin ərazilərdən çıxartmaq da doğru yanaşma deyil. Bunun müqabilində təhlükəli ərazilərdə yerləşən evlərin köçürülməsi də indiki məqamda maliyyə baxımından böyük vəsait tələb edir. Həmin təhlükəli ərazilərdə tikilən evlərlə bağlı sənədləşmə prosesi çətin olduğundan hələlik sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində addımlar da atılmır. Bu heç də dövlətdən asılı bir məsələ deyil. Çünki həmin evlər fərdi təşəbbüslər nəticəsində inşa edilib. Bu səbəbdən digər sənədsiz evlərin sənədləşdirilməsi üçün vahid tədbirlərin həyata keçirilməsi xeyli dərəcədə çətinləşib. Ona görə də güman edirəm ki, təhlükəli zonalarda, neft buruqları, kommunikasiya xətlərinə yaxın ərazilərdə yerləşən evlərin taleyini həll etmək mümkün olanda, ümumiyyətlə, sənədsiz evlərin sənədləşməsi məsələsini də həll etmək mümkün olacaq. Ölkədə hazırda 500 minə qədər sənədsiz ev var. Onların da 12 faizi, yəni təxminən 60 min ev məhz təhlükəli zonalarda yerləşib. Bu istiqamətdə tam dəqiqləşmələr aparmaq üçün isə xüsusi qiymətləndirmələrin aparılmasına da ehtiyac var. İlk növbədə məhz həmin təhlükəli məkanlarda yerləşən sənədsiz evlərlə bağlı məsələni həll etmək lazımdır ki, bütövlükdə problemin kompleks həllinə nail olmaq mümkün olsun”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

1169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv