!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var

!Reklam – Yazi

“Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir: “Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna – BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim”.

“Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı humanitar sahədə əməkdaşlığın da müzakirə olunduğunu qeyd edib: “Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq”.

Yeniçağ.az

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv