!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəni silkələyən və ört-basdır edilməyə çalışılan İNTİHARLAR

!Reklam – Yazi

Hərbi prokurorluğun maliyyə yeyintisində adı keçən əməkdaşının özünü öldürməsi niyə gizlədildi?

intihar_2475656-620x330

Azərbaycanda il ərzində özlərinə qəsd edənlərin, yaxud buna cəhd göstərənlərtin statistikası heç bir rəsmi qurumda aparılmır. Halbuki Ermənistanın Dövlət Statistika Xidməti dəqiq olub-olmamasına baxmayaraq, ildə ən azı bir dəfə ölkədə baş verən intiharlarla bağlı rəqəmləri açıqlayır. Azərbaycanda bu statistikanı aparan, daha doğrusu həvalə olunan hansısa rəsmi dövlət qurumu yoxdur. Sui-qəsd xarakterli zəhərlənmələrlə bağlı müraciətlər daha çox Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilir. Ancaq bu şöbənin məlumatlarını tam bitkin hesab etmək olmaz. Bunun obyektiv və subyektiv səbəbləri var. Digər tərəfdən, Toksikologiya şöbəsinin rəhbərliyi də bu cür faktların açıqlanmamasında xüsusi rol oynayır. Ümumiyyətlə, intiharlara qarşı nə dövlətin, nə də qeyri-hökumət təşkilatlarının mübarizə strategiyası yoxdur. Məsələn, uşaq intiharlarının qarşısının alınmasında orta təhsil müəssisələrindəki psixoloqların nə qədər əhəmiyyətli rol oynadığını söyləmək olmaz. Ona görə ki, həmin psixoloqlar məktəblərdə ya yoxdur, ya da istənilən səviyyədə fəaliyyət göstərmirlər.

Azərbaycanda da intiharlara görə Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin təcrübə göstərir ki, intiharların böyük əksəriyyətinin hansı səbəblərdən baş verdiyi tam araşdırılmır. Bunun səbəbi isə yaxın adamını itirən ailənin hüquq-mühafizə orqanları ilə gizli sövdələşməsi olur. Yəni intiharın real səbəbi qarşılıqlı razılaşma əsasında üzə çıxarılmır. Bu hazırda ciddi problemlərdən biridir.
Azərbaycanda insanların özlərinə qəsd etmələrinə gəldikdə, bütün dünyada olduğu kimi səbəblər müxtəlifdir. Əlbəttə, son zamanlar kredit borclarını ödəyə bilməkdə çətinlik çəkən insanların çıxış yolu kimi intihara əl atması da real təhlükəyə çevrilib. Bununla belə, ölkədə ailə münaqişələri, uğursuz sevgi ilə üzləşənlərin də canlarına qəsd etmələri ilə bağlı kifayət qədər fakt var. Bir sözlə, hərə bir bəhanə, üzləşdiyi çıxılmaz vəziyyətlə özünü bu həyatdan məhrum etməyə meyllənir.

Bir ildə 337 nəfər intihar edib

Az.Today.az  2015-ci ildə Azərbaycanda baş verən intiharlarla bağlı xüsusi araşdırma aparıb. Yalnız rəsmi mənbələrin açıqladığı məlumatlar əsasında ortaya çıxan statistika belə olub:

Ötən il 337 intihar faktı qeydə alınıb. Bunun 230 nəfəri kişi, 91-i qadın, 16-sı məktəbliolub. Rəsmi məlumatlara görə, 369 nəfər intihara cəhd edib. 221-i kişi, 138-si qadın, 10-u məktəblidir. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu yaxınlarda isə deyib ki, 2015-ci ildə sui-qəsd xarakterli zəhərlənmələr 1 030 nəfər təşkil edib. O, qeyd edib ki, il ərzində 2 mindən çox şəxs Toksikoloji mərkəzinə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnib. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhərlənmələri nəticəsində olur…

ilqareliyevÖtən ilin ən səs-küylü intiharları isə bunlardır. Dekabr ayında ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) asıb. Məlum olduğu kimi, o, MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu. İqar Əliyevin barəsində oktyabr ayında Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Bu müəmmalı intiharın əsl səbəbi hələ də sirr olaraq qalmaqdadır.

Polis idarəsində intihar

Martın 8-də saat Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydiyyatda olan 28 yaşlı Azər Qəmbərli özünü asıb. O, Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə (oğurluq, təkrar törədildikdə) barəsində axtarışda olub.

Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər sakini, 28 yaşlı Bəhruz Hacıyev dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb. O, polis şöbəsinin binasının 3-cü mərtəbəsində dindirilərkən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Yaxınları isə Bəhruz Hacıyevin polis şöbəsində döyülərək öldürüldüyünü iddia etmişdi.

Tərtər rayon Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 33 yaşlı Səbuhi Dünyamalıyev kamerada özünü asıb.

Hadisədən dərhal sonra S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. Daha sonra polis S.Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb.

Təqsirləndirilən şəxs təcridxanada özünü asıb

Oktyabrın 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında intihar qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Rauf İsmayılov saxlanıldığı təcridxanada özünü asıb.

Vəzifəli şəxs zəhər içib özünü öldürüb

Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi, 53 yaşlı Füzuli Şərifov bir həftə sonra dünyasını dəyişib. Niafidol adlanan və maye halında olan 1 şüşə bit dərmanı qəbul edən və 4 uşaq atası olan icra nümayəndəsinin külli miqdarda borcu olduğundan intihar etdiyi bildirilib.

Müğənni özünü 5-ci mərtəbədən atıb

Dekabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 26 yaşlı Elvin Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Müğənni kimi tanınan gəncin özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.

Yazıçı-jurnalistin həyat yoldaşı özünü öldürdü

Xəzər rayonu Mərdəkan qəsəbə sakini, 43 yaşlı Mehparə Kərimova yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib. O, ATV-nin keçmiş vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşı olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, qadının ölümündə həyat yoldaşı Məqsəd Nurun təqsiri rolu yoxdur. Qadının həyatına qəsd etməsinə övladlarından birinin səhhətindəki problemin səbəb olduğu bildirilib.

Məşhur akademikin nəvəsi özünü asdı

Bakıda, Səbail rayonunda yaşadığı mənzildə meyiti tapılan Əli Şaxtaxtinskinin intihar etdiyi məlum olub. 44 yaşlı Bakı şəhər sakini Əli Şaxtaxtinskinin meyiti Xaqani küçəsi ev 39 mənzil 12 ünvanında tapılıb. Onun meyiti istilik batareyasından asılmış vəziyyətdə aşkar olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, Əli Şaxtaxtinski oktyabr ayının 10-dan itkin düşüb və ayın 23-dən barəsində axtarış elan edilib. O, Xəqani küçəsindəki mənzildə kirayə yaşayırmış.

Əli Şahtaxtinski məşhur akademik Toğrul Şahtaxtinskinin nəvəsidir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun direktorudur.

Hərbi Prokurorluğun məsul şəxsi intihar edib

Noyabr ayında Azərbaycan Hərbi Prokurorluğunun bölmə hissə rəisi, qurumun maliyyə məsələlərinə baxan Allahverdi Hüseynov özünü öldürüb. Məlumata görə, bir müddət əvvəl idarədə yoxlamalar aparılıb. Yoxlamalar zamanı külli miqdarda maliyyə kəsri olub və rəisin də bu səbəbdən intihar etdiyi güman edilir.

Molla arvadını bıçaqlayıb özünü asdı

aabicaq25Noyabrın 28-də hay-küylü intiharlatdan biri də Qubada qeydə alının. Rayonun İqrıq kənd sakini, 36 yaşlı Neman İbrahimov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Aygün İbrahimova ilə barışmaq üçün qayınatasıgilə gedib. Həyat yoldaşı onunla barışmaqdan imtina edib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zəminində kəndin mollası olan N. İbrahimov qadını bıçaqlayıb. Bundan sonra kənd qəbiristanlığına gedən molla orada özünü asaraq intihar edib.

A.İbrahimova isə ağır vəziyyətdə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ömürlük məhbus intihar edib

Qobustan həbsxanasında ömürlük məhbus Əlaqif Abbasov sentyabrın 6-da gəzintiyə çıxarkən iti əşya ilə öz boğazını kəsib və mərkəzi həbsxana xəstəxanasına yerləşdirilib və növbəti gün ölüb.

Yol polisi taksi sürücüsünün özünü yandırmasına səbəbkar oldu

Sentyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrində Sumqayıtdakı “Şəfa” sanatoriyasının yataqxanasında məskunlaşan Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb. Məlum olub ki, onun özünü yandırmasına səbəb polis tərəfindən sıxışdırılması olub. Qohumu Zahid Əliyev bildirib ki, M.Süleymanov gecələr Sumqayıt ərazisində sərnişin daşıyırmış. Post-patrul xidmətinin serjantı Ramil adlı şəxs ondan pul tələb edib, əvəzində işləməyi qadağan edəcəyi ilə hədələyib: “Lakin Məqsəd onsuz da az qazanırdı, üstəlik maşına görə kredit borcunu da ödəməliydi. İki ay öncə Ramil Məqsədi iki sutkalığa həbs edib. Polis əməkdaşı onu sıxışdırdığına görə Məqsəd maşını sataraq bazarda işləməli olub”.

Lakin hazırda iş getmir və o, yenidən taksi sürməyə cəhd göstərib. Onun başqa gəlir mənbəyi yoxdur. Ancaq Ramil yenidən ona mane olmağa başlayıb. Həmin gecə onu saxlayaraq Sumqayıt 4-cü polis bölməsinə aparıb. Orada Məqsəd 51 manat cərimə edilib.

Məqsəd qayıtdığı zaman Ramil başqa taksiçilərə deyib: “O 1 manat vermək istəmirdi, indi 51 manat ödəyəcək”.

Bu, Məqsədə çox pis təsir edib və o, benzini üstünə tökərək orada özünü yandırıb. Ramil hətta onu söndürməyə belə cəhd göstərməyib”, – mərhum sürücünün qardaşı bildirib.

İki övladı atasız qalan M.Süleymanova qarşı bu cür qanunsuzluq edən polis işçisi təbii ki, cəzalandırılmayıb.

Rəis ad günündə özünü asdı

intiharBiləsuvar Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Ağayev işlədiyi idarənin binasında intihar edib. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunub.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb. İdarənin işçiləri rəisin otağının qapısının uzunmüddətli bağlı olduğunu görüblər. Onunla əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar. O, Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsi idi.

İlkin Ağayev intihar etməzdən əvvəl məktub yazıb. Məktubda bunlar yazılıb: “Mənim ölümümdə heç kəsi günahkar bilməyin, həyatdan bezmişəm”.

Digər məlumata görə, rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.

İkinci məktub isə rayon prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.
Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu vurğulanır.

Başqa məlumatlarda intihardan 2 ay əvvəl bu vəzifəyə təyin olunan İlkin Ağayevin 10 min manata qədər borcunun olduğu da bildirilib.

Gəncədə polis mayoru özünü öldürdü

Mayın 11-də günorta saatlarında Gəncə şəhərində 51 yaşlı Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib. Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində aşkar olunub. İntihar edən şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.

Polis əməkdaşı məktub yazıb özünü güllələdi

Fevralın 21-də saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayılı kənd sakini, 46 yaşlı Neyman Tanrıverdiyev “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi kimi xeyli miqdarda borcu olması göstərilib. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib. İntihar edən polis əməkdaşının iki qızı qalıb.

Yanvarın 31-də Daxili İşlər Nazirliyi Neftçala rayon mühafizə bölməsinin 21 yaşlı mülki əməkdaşı Səxavət Rzayev özünü asıb. Yaxınlarının dediyinə görə, S.Rzayevin nə işdə, nə də evdə hər hansı problemi olmayıb. 21 yaşlı gənc heç nədən şikayət etmirmiş, heç bir sıxıntısı yox imiş. Digər bir məlumata görə, onun kiməsə borcu olub.

Kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı

İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, iki övlad atası olan mərhum kiçik sahibkar illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürüb. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.

MTN-nin zabiti özünü binadan atdı

Nərimanov rayonunda Bakı şəhər sakini, 40 yaşlı Azər Əliyev özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantının hansı səbəbdən özünü öldürdüyü açıqlanmayıb.

Polis kapitanının qızı özünü güllələyib

Yevlax rayon sakini, 19 yaşlı Nuray Əzimova odlu silahla özünü vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızının özünü güllələməsinin səbəbləri məlum deyil.

Sevgililər özlərini eyni vaxtda asdlar

Aprelin 24-də Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə bir kişi və bir qadının meyitləri asılmış vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini, 40 yaşlı Rəna Əsgərova və Qubadlı rayon sakini, 27 yaşlı Razim Telmanzadədir. Məhkəmə-tibbi ekspertlərin qiymətləndirməsinə görə, onlar intihar ediblər və cəsədləri 10 günə yaxın asılı vəziyyətdə qalıb.

İlkin məlumatlara görə, Telmanzadə və Əsgərova sevgili olublar. Onlar ölümdən sonra məktub qoymayıblar. Ən çox ehtimal olunan versiyaya görə, qohumlarının onların sevgisinə olan münasibətinə görə intihar ediblər. Mümkündür ki, Rasim Telmanzadənin qohumları qadın və kişi arasında 13 il təşkil edən yaş fərqinə görə bu münasibətlərə qarşı çıxıblar.

Bakıda polis sevgisi üçün intihar etdi

Abşeron rayonu, Masazır qəsəbəsi yeni tikili ev 5-də qeydiyyatla yaşayan 25 yaşlı Tural Əliyev özünü xidmətdə olan zaman özünü öldürüb. Nəsimi Rayon Mühafizə İdarəsində xidmət edən polis serjantı Nəsimi rayonu Həsən Əliyev küçəsi 4 ünvanında yerləşən Heydər Əliyev adına idman kompleksinin arxasında yerləşən sanitar qovşağında özünü tabel silahı ilə güllələyib. İşlədiyi idarədən bildirilib ki, T.Əliyev sevdiyi qıza görə həyatına qəsd edib.

Komitə sədrinin yaxın qohumu özünü öldürüb

İyun ayının 20-də “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan Məzahir Cəfərov Bakı şəhəri, Həsən Əliyev unvanında yaşadığı mənzilində intihar edib. Sonradan məlum olub ki, özünü öldürən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

Yaxınları hadisənin ilkin səbəbi kimi Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstəriblər.
Ancaq Məzahir Cəfərovu 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham etmişdi. O, Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılan və pulu ödənilən mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi.

Baş Prokrorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib. Açılmış cinayət işi mart ayında baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Bu müəmmalı intiharın əsas səbəbi hələ də açıqlanmamış qalır.

P.S. 2016-cı ilin əvvəlindən ölkədə intihar dalğası daha da genişlənib. Altı ay ərzində baş verən intiharlarla bağlı xüsusi araşdırmanı da təqdim edəcəyik./Aztoday

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv