!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm marşrutlarının pul qazanma yolları

!Reklam – Yazi

Yol-nəqliyyat hadisələrinin təhlili, eyni zamanda aparılan müşahidələr son zamanlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının artdığını göstərir. Məhz buna görə də hər gün qəzaların baş verməsi ilə bağlı xəbərlər eşidirik.

Aparılan müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər sırasında qanunsuz olaraq avtobus və mikroavtobus sürənlər yer tutur. Bunlar həmin avtobus sürücüləridir ki, günün pik saatlarında sərnişin çoxluğundan istifadə edərək, pul qazanmağın daha rahat yolunu düşünür.

Keçirilən reydlər əsasında onların sürücülük vəsiqəsinin olmaması, plyonkalardan istifadə edilməsi, avtobusda əlavə oturacaqların quraşdırılması və təhlükəsizlik kəmərinin taxılmaması kimi halların yarandığını görürük.

Məsələ ilə bağlı olaraq Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bu günkü gündə cəmiyyət tərəfindən gediş-gəlişin təmin olunması üçün həmin avtobus xidmətlərinə ehtiyacın olduğunu deyib. O bildirib ki, qəza hallarının yaranmaması ilə bağlı həmin avtobus sürücüləri dövlət tərəfindən ciddi nəzarətə götürülməlidir:

“Faktdır ki, cəmiyyətin həmin avtobuslara vaxtında evdən-işə, şəhərdən-rayona gedib çata bilmələri üçün ehtiyacı var. Amma nəqliyyatın da fəaliyyəti üçün qanun əsasında tənzimlənən müəyyən tələblər mövcuddur. Əgər bu qanunlara riayət olunmursa, dövlət orqanları onların fəaliyyətinə icazə vermir. Buna görə də cəmiyyətin maraqları, dövlət orqanlarının icazəsi və qanunsuz fəaliyyət göstərən avtobusların pul qazanma yollarını birgə ideya kimi işləmək lazımdır. Çünki əks təqdirdə həmin sürücüləri ictimai nəzarətdən kənarda saxlamaqla, qəza halları yaranır. Ona görə də bu durumlara dövlər orqanları tərəfindən ciddi nəzarət edilməlidir. Mikroavtobuslardan şəhərdaxili deyil, şəhərxarici istifadə olunması daha məsləhətli olar”.

Ekspert həmçinin həmin sürücülərin qayda pozuntularına yol verərək, nəqliyyatdan istifadə etmə məsələsinə də aydınlıq gətirib:

“Ən əsas məsələ sürücülük vəsiqəsinin olmasıdır. Vəsiqəsi olmayan insan necə avtomobil idarə edə bilər ki? Daha sonra sürücü avtobusda və yaxud mikroavtobusda əlavə oturacaqlar quraşdırır. Bununla da düşünür ki, əlavə gəlir qazana bilər. İstehsalçı avtobusun tutumuna uyğun oturacaq quraşdırır, lakin sürücü bu qaydalara riayət etmir. Nəticədə isə hər hansısa bir qəza şəraiti yaranarkən, daha çox insan ölümü baş verir. Bundan əlavə təhlükəsizlik kəmərləri də taxılmır. Yəni, qəza hallarının yaranması üçün hər cürə şərait yaradırlar. Buna görə də yol polisi əməkdaşları tərəfindən müntəzəm olaraq reydlər keçirilir. Düşünürəm ki, belə reydlərin keçirilməsi gələcəkdə hər hansısa qəzanın baş verməsinin qarşısını alır”.

Elvin Paşazadə

www.yenicag.az

3072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv